Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 2022 13:08

Vətən müharibəsi tariximizə Zəfərlə yazıldı

Azərbaycan xalqının tarixinə nəzər salsaq, hər zaman fəxr ediləcək mərd oğullarla dolu səhifələr görərik. Bu tarix Babək Xürrəmi, Şah İsmayıl Xətai, Cəmşid Naxçıvanski, Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov və digər qəhrəmanların adı ilə başlayıb, Azərbaycan əsgərinin igidliyi ilə davam etdirilir. "Medallı igidlərimiz" rubrikasında ənənəvi olaraq belə hərbçilərimiz haqqında danışırıq.
"N" hərbi hissəsində tanıdığımız zabit Sənan Xıdırov da qəhrəmanlıq ənənələrimizi davam etdirənlərdəndir. 1990-cı il avqustun 15-də Oğuz rayonunu Calut kəndində dünyaya göz açan Sənan hərbçi olmaq arzusuyla yaşayıb. O, xidmət keçən dostları ilə həmsöhbət olar, bu peşənin necə şərəfli olduğunu daha dərindən dərk etməyə çalışardı. Kiçik yaşlarından hərbiyə yaranan marağını bədii filmlər və kitablarla artıran Sənan, hələ məktəb illərində hərbçi olmağı qəti qərara aldı. Dərsdən evə qayıdaraq valideynlərinə gələcək peşəsini seçdiyini bildirdi: "Mən zabit olacam və əcdadlarımızın hərbi ənənələrini şərəflə davam etdirəcəm. Əzəli torpaqlarımızı düşmən əsarətindən azad edəcəyəm".
Uşaqlıq arzusu Sənanı 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) gətirir. Oxuduğu dövrdə artilleriya ixtisasına yiyələnən Sənan "leytenant" hərbi rütbəsini alır. "Kursantlıq insanın həyatında ən yaddaqalan dövrdür, - zabit dedi.
Hazırda Heydər Əliyev adına Hərbi İnstitut kimi fəaliyyətini davam etdirən ali hərbi təhsil ocağı yarandığı gündən savadlı və peşəkar zabitlər hazırlayır. Vətəninə, xalqına, torpağına sədaqətli oğullara ali hərbi təhsil verir, yüksək fiziki və döyüş hazırlıqlı hərbçi formalaşdırır.
Zabit dedi: “Tədris dövrümdə təcrübəli müəllim və komandirlərimdən aldığım dərsləri həvəslə öyrənər, daim öz üzərimdə çalışardım. Artilleriyanın sirlərini dərindən mənimsəmişdim. "N" hərbi hissəsinə yollandığımda artıq gənc və peşəkar kadr kimi xidmət etməyə başladım. Nəzəri biliklərimlə yanaşı, praktiki biliklərimi də artıraraq, əzəli torpaqlarımızı düşməndən azad edəcəyimiz günü səbirsizliklə gözlədim..."
Zabitlə 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatının qarşısını almaq məqsədilə başlayan İkinci Qarabağ müharibəsindən də söhbət açdıq. Öyrəndik ki, Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatlarına kapitan Xıdırov da qatılıb, "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. 44 günlük haqq savaşımızdan danışarkən onun necə fərəh və qürur hissi keçirdiyini gördüm. Onun hər kəlməsində bu günə əminlik və sabaha inam duyulurdu. "Heç kəs üçün sirr deyil ki, döyüşlər zamanı artilleriyanın rolu həddən artıq böyükdür. "Müharibənin allahı" adlandırılmış artilleriya düşməni ən uzaq məsafədən dəqiq və yaylım atəşlərilə məhv etməyə qadirdir. Əks-hücum əməliyyatları zamanı artilleriyamız ordumuzun cəsarətlə irəli atılan bölmələrinin fəaliyyətini dəstəkləyərək, qarşı tərəfin mövcud atəş nöqtələrini susdururdu. Artilleriyamızın qarşısında duran daha vacib öhdəlik düşmənin uzun illər yaratdığı istehkamı, postları, sədləri məhv etmək idi. Cəsur oğullarımız bu tapşırığı da bacarıqla yerinə yetirdilər. Cəmi 44 gün ərzində ordumuz gələcək nəsillərə örnək olacaq qəhrəmanlıq salnaməsi yazaraq, düşmənə ağır məğlubiyyət yaşatdı. Bu qələbə Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi, ordumuzun şücaəti və xalqla ordu arasında yaranan birliyin nəticəsində təmin olundu. Qələbə ilə bitən İkinci Qarabağ müharibəsi əbədi olaraq Azərbaycan tarixinə Zəfərlə yazıldı", - deyə zabit Sənan Xıdırov bildirdi.
Azərbaycan zabitinin, əsgərinin Vətən uğrunda gedən savaşda yeni qəhrəmanlıq salnamələrini yazacağına bir daha əmin oldum.
 
İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR