Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2022 11:50

Nizam-intizamın təməli sırada qoyulur

"N" hərbi hissəsində sıra hazırlığı məşğələsini izlədik. Çavuş Samir Qəmbərli əsgərlərə Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun olaraq silahsız sıra  hərəkətlərini və yerişini, əsgəri salamlaşma qaydalarını, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbləri,  yuxarı rəislərə yaxınlaşma, eləcə də digər fənn və elementləri öyrədirdi. Əsgərlərin hər biri verilən tapşırığı həvəslə və düzgün icra edirdi.  
Hərbi xidmətdə sıra hazırlığının mahiyyəti danılmazdır. Çünki əsgərlərin bütün fəaliyyətləri sıra ilə tənzimlənir. Həmçinin əsgərlərə yüksək intizam aşılayan sıra hazırlığı döyüş hazırlığının ayrılmaz tərkib hissəsidir. Çavuş Samir Qəmbərli bildirdi ki, hərbi hissədə keçirilən bütün məşğələlər xidmətə gələn gənclərin yüksək döyüş hazırlıqlı əsgərlər kimi formalaşmasına xidmət edir. "Hərbi xidmətin bizə aşıladığı müsbət keyfiyyətlərdən ən başlıcası nizam-intizamdır. Hərbi xidmətə gələn gənc əsgərin nizam-intizamı sıradan başlayır. Sırada davranış qaydalarını yaxşı bilən əsgər verilən tapşırıqları da dəqiq və vaxtında yerinə yetirir. Biz çalışırıq ki, gənclərə ilk öncə sıranın müqəddəsliyini aşılayaq", - Samir Qəmbərli dedi.
Sıra, həqiqətən də, müqəddəsdir. Çünki vaxtilə bu sıralarda torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımız dayanıb. Öz igidlikləri ilə tarix yazan şəhidlərimiz də bu sıralardan çıxıb. Bu gün əminliklə deyə bilərəm ki, şəhidlərimizin qəhrəmanlıq yolunu özlərinə örnək bilən əsgərlərimiz sıranın müqəddəsliyini yaxşı dərk edirlər. Əsgərlərin sıra hazırlığı məşğələsində fəal iştirakı, sıranın fənn və elementlərini həvəslə öyrənməsi də buna bariz nümunədir.
Onların ayaq və əl hərəktlərindən yaranan səs dalğaları hərbi hissənin bütün ərazisinə yayılırdı. Eyni anda və nizamla yerinə yetirilən hərəkətlərdən yaranan ritmik səslər ətrafdakı hər kəsin diqqətini çəkirdi. Hər birinin şux qaməti, məğrur baxışı isə qalib ordunun rəşadətli əsgərləri olduqlarını bir daha sübut edirdi. Həm də onu göstərirdi ki, gənclərin hər birinin köksü Vətən sevgisi ilə doludur və hərbi xidmətdə olmaqdan qürur duyurlar.
Bütün komandaları cəld və nizamlı şəkildə icra edən əsgərlərlə söhbətləşdik. Əsgər Elmir Mirzəyev bildirdi ki, əsgəri xidmətin vacibliyini yaxşı dərk edərək, məsuliyyətlə xidmət edir. "Keçirilən bütün dərslərdə həvəslə iştirak edirik. Hər birimiz çalışırıq ki, nizamlı, bacarıqlı əsgərlər olaq, nümunəvi xidmətimizlə seçilək".
Əsgər Cavidan Abdurrahmanov isə yüksək əhval-ruhiyyədə xidmət etdiklərini dedi. "Bizə göstərilən diqqət və qayğıdan çox razıyıq. Məişət şəraitimiz, qida rasionumuz, geyimimiz yüksək səviyyədədir. Üzərimizə düşən nümunəvi əsgər olmaq, təlim və məşğələlərdə fəal iştirak etməkdir".
Əsgərlər Elmir Almazov, Elçin Quliyev, Mustafa Qurbanov, Qasım Tağıyev və digərləri də hərbi xidmət haqqında müsbət fikirlər səsləndirdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında dayanmağın sözlərlə ifadə olunmayacaq qədər qürurlu olduğunu bildirdilər. Hərbi xidmətdə bir çox müsbət keyfiyyətlər mənimsədiklərini və bu keyfiyyətlər içində ən əhəmiyyətlisinin nizam-intizam olduğunu qeyd etdilər.  Əsgərlərin fikirləri bir daha təsdiq etdi ki, yüksək döyüş hazırlığı ilk öncə möhkəm nizam-intizamdan başlanır.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
foto Coşqun CƏFƏROVUNDUR