Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2022 11:50

Şəhid Orxan Əkbərovun anım tədbiri keçirildi

Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Orxan Əkbərovun anadan olmasının 40-cı ildönümü ilə bağlı "Şəhid anılar, Vətən tanınar" adlı hərbi vətənpərvərlik tədbiri keçirildi.
Tədbirdə məktəb-liseyin müəllimləri, şəhidin ailə üzvləri, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Məktəb-liseyin 4 “d” sinif şagirdləri şeirlər və vətənpərvərlik mahnıları səsləndirdilər. Şəhid polkovnik-leytenant Orxan Əkbərova həsr edilən videoçarx izləndikdən sonra ailəvi üzvləri onun haqqında xatirələrini bölüşdülər. Bildirildi ki, Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına və "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medallarına layiq görülüb.
Şəhidin oğlu Çingiz Əkbərov çıxış edərək atası ilə bağlı son xatirəsini bölüşdü:  "Atam axırıncı gəlişində bizə hədiyyələr almışdı. Söhbət etdiyimiz vaxt ona zəng gəldi, tez hazırlaşıb evdən çıxdı. Hara getdiyini soruşduqda dedi ki, gələcəm. Amma bu dəfə gəlmədi. Gəlməsə belə bilirəm ki, o ən ali zirvəyə yüksəlib və oradan hər zaman bizi izləyəcək..." - deyə o bildirdi.
Qızı Sevil Əkbərova da atasıyla son danışığından söz açaraq dedi: "Atam hər zaman zənglərimə cavab verib mənlə maraqlanardı. Ancaq müharibədə olduğu vaxt ondan cavab ala bilmədim. Bir dəfə özü zəng etdi. Tezliklə qələbə müjdəli xəbərlər eşidəcəyimizi söylədi. Atam Böyük Qələbənin canlı şahidi olmasa da, mən hər dəfə məzarını ziyarət etmək üçün gedəndə ona deyirəm: “Ata Qarabağ azaddır”. Bu gün atam şəhiddir. Söz vermişəm ki, ağlayıb düşmənləri sevindirməyəcəm. Atamla hər zaman fəxr edirəm, edəcəm də".
Sonda yazıçı Elçin Məmmədli şəhid Orxan Əkbərovun həyat və döyüş yolundan bəhs edən "Əfsanəvi kəşfiyyatçı" adlı kitabını tədbir iştirakçılarına təqdim etdi. "Kitabı könül xoşluğu ilə qələmə almışam. İndi Vətən müharibəsinin kəşfiyyatçı qəhrəmanından kitab yazdığım üçün qürurluyam. İnanıram ki, məktəblilər bu igidlərdən bəhs edən kitabları oxuduqca onlara vətənpərvərlik hissləri daha da aşılanacaqdır".
Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Lətifə Əzimova sinif rəhbəri və tədbirin təşkilatçısı Gülnarə Quliyeva şəhid polkovnik-leytenantın xidmət illəri, 44 günlük Vətən müharibəsindəki döyüş yolu, onun Vətənə məhəbbəti və onun hərbi anda sədaqəti barədə geniş söhbət açıblar. Orxan Əkbərovun əmisi Yusif Əkbərov ailə üzvləri adından məktəb kollektivinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.  

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"