Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2022 11:50

Şuşa ucalığının şəhadət mərtəbəsi

Müasir dünyada dövlətin və ordunun fəaliyyətini hərbi kəşfiyyatın mövcudluğundan kənar təsəvvür etmək çətindir. Vətənin müdafiəsinin və mövcud təhlükə qarşısında döyüşün hücum və müdafiə olaraq müvəffəqiyyətlə planlaşdırılması üçün dövlətin strateji məlumatlar əldə edə biləcək kəşfiyyat orqanına və kəşfiyyatçılara daim ehtiyacı olduğu şübhəsizdir. Bu peşənin sahibləri haqqında düşündükdə hər kəsin ağlında  sərt görünüşlü, əli silahlı, iri cüssəli əsgər obraz canlanır. Lakin onlar bəzən əli qələm tutan, bəzən mahnılar oxuyan, şeir yazmağı bacaran həssas qəlbli insanlardır. Şəhid kəşfiyyatçının qeyd dəftərçəsində yazılma yeri, tarixi məlum olmayan şeiri oxuduqca düşüncələrə dalıram. Bəlkə səngərdə, bəlkə yuxusuz gecələrdə, bəlkə də Qarabağ həsrəti çəkdiyi hansısa bir gündə yazıb.

Mən bu yurdun, odlar yurdu Azərbaycanda

Şərəflidir adım-sanım bax bu diyarda,

Sənin üçün doğma Vətən qurbandır, canda

Həssas qəlbli, açıq gözlü Kəşfiyyatçıyam.

Şeirdə hecalar uyğunluğu hiss olunmasa da, vətənpərvərlik, ruh yüksəkliyi, peşəyə məhəbbət aydın hiss olunur. Bu şeirin hikmət yükü, məna çalarları yaşam fəlsəfəsidi. Şəhidin könül dəftərindən qopan kəlmələr Azərbaycan əsgərinin Vətən sevgisinin vəsfidir. Bu sevgi dünənki və bugünkü tariximizin pozulmayan möhürüdür.
Bu dəfə haqqında danışacağımız zabit Vətən Müharibəsi Qəhrəmanı Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Ramiz Sübhan oğlu Cəfərovdur. O, 1974-cü il dekabrın 10-da dünyaya göz açıb. Uşaqlığını Masallı rayonunda keçirib. Sonradan valideynləri ilə birlikdə Sumqayıt  şəhərinə köçüb. Hələ uşaq yaşlarında vətəpərvərliyi ilə seçilib. Vətənə sevgi, düşmənə nifrət ruhunda böyüyən Ramiz Vətənə, xalqa, dövlətə layiqli övlad olmaq üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Kursant yoldaşları arasında bilik və bacarığı ilə seçilib. Ali hərbi təhsilini Rusiya Federasiyasında V.F.Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali  Hərbi Hava Desant  Komandanlığı Məktəbində alıb. Təhsil müddətində alman, ingilis və rus dillərinə mükəmməl yiyələnib.
Şəhidimizin ömür kitabının səhifələrini vərəqləmək məqsədilə bir vaxtlar yaşadığı, mənzilə yola düşürəm. Kövrək hisslərin ağuşunda ünvana çatıram. Bir anlıq ayaq saxlayıb, nəfəsimi dərirəm. Söhbətə haradan başlayacağım haqqında düşünürəm. Birazdan şəhidin həyat yoldaşı Sitarə xanımla görüşəcəm. Kədərli və məğrur baxışlı gözlərin, dərdini qəlbində gizlədib mətanətini qorumağa çalışan ananın qonağı olacam. Acılı-şirinli xatirələri dinləmək, eşitmək olduqca çətindir... Lakin yaşamaq daha çətin, daha iztirablıdır...
Bir vaxtlar yaşadığı məhəllədə ruhuna ehtiram məqsədilə küçənin hər bir yerinin şəkillər, xatirə tabloları ilə bəzədilməsi şəhidə və şəhidliyə verilən dəyərin təzahürüdür.
Məni qəhrəmanımızın həyat yoldaşı qarşıladı. Gözlərinin dərinliyində gizlətməyə çalışdığı qəm yükünü, həyat yoldaşının yoxluğunun xiffətini çəkdirən ağrını, iztirabı ilk andaca hiss etdim.
Sitarə xanım söhbətə "mən ömrünü, səadətini, gələcək arzularını, Vətən uğrunda fəda edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Cəfərov Ramiz Sübhan oğlunun həyat yoldaşıyam", - deyərək başladı... "Ramiz Vətəni müdafiə etməyi, torpaqlarımızı azad görməyi canından üstün tutdu. Bütün şəhidlərimiz kimi o da Qarabağı azad görmək arzusundaydı. Arzusuna çatdı. Əminəm ki, gözünü əbədiyyətə yumanda ağlında və gözlərində qalan ən xoş təəssürat Şuşanın azadlığı oldu", - dedi şəhid xanımı.
Sitarə xanım kədərli, lakin qürur dolu hisslərlə fikirlərinə davam etdi. "Hərbçinin həyat yoldaşı olmaq həm şərəfli, həm də məsuliyyətlidir. Demək olar ki, Ramizin təyinat aldığı bütün bölgələrə onunla bərabər getmişəm. O harada olsa, biz də orada olardıq. Ramiz peşəsini qəlbən sevərək seçmişdi. Xidmətlə bağlı nəsə soruşanda, "sən uşaqlarla məşğul ol, qalan işlər yaxşı olacaq", - deyərdi".
Gələcəklə bağlı hansı planlarının olduğunu soruşanda Sitarə xanım xəyala dalır, üzünə təbəssüm qonur. O anları yenidən yaşayır.
"Ordu sıralarından ehtiyata buraxıldıqdan sonra həyət evində yaşamağı xəyal edirdik. Ev heyvanlarına, təbiətə xüsusi sevgisi vardı. Təbiətin qoynunda olmaq, boş vaxtlarında balıq tutmaq hobbisi idi. Tez-tez doğmaları və dost-tanışlarıyla balıq ovuna gedərdi. Əyləncəli və pozitiv biri idi. Bəlkə də elə bu xüsusiyyətlərinə görə hamı tərəfindən sevilirdi".
Sitarə xanım dedi ki, atasının şəhadətindən sonra Nurlan hərbçi olmaq qərarına gəlib və sənədlərini Dövlət Sərhəd Xidməti hərbi məktəbinə verib. "Ramizin yoxluğu ilə barışmaq istəməyən Nurlan hazırda kursantdır. Atasının yolunu davam etdirmək, şəhidlərimizin bizlərə əmanət qoyduğu torpaqlarımızın keşiyində durmaq niyyətindədir. Mən də ana olaraq oğlumun qərarına hörmətlə yanaşdım. Çünki övladlarımı atalarının adına, Vətənimizə layiqli bir vətəndaş kimi böyütmək arzusundayam. Bu təkcə mənim arzum deyil. Bu ömür-gün yoldaşımın da arzusu idi. Ömrümün sonunadək Ramizin xəyallarını, arzularını həyata keçirmək üçün yorulmadan çalışacağam".
"Həyat yoldaşınızın döyüş yolu barədə nə deyə bilərsiniz?" sualına cavab olaraq Sitarə xanım bildirdi ki, bu haqda xidmət yoldaşlarından soruşmağınız daha yaxşı olar. Kövrək notlarla vidalaşıb şəhidimizin keçdiyi şərəfli döyüş yolu haqqında öyrənmək məqsədilə xidmət yoldaşı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Nizami Əliyevlə əlaqə yaradıb görüşdük və Ramiz Cəfərovla bağlı xatirələrini bizimlə bölüşməsini xahiş etdik. Polkovnik-leytenant Nizami Əliyev dedi ki, Ramiz savadlı zabit olmaqla yanaşı, peşəsinin nəzəri və praktiki cəhətdən peşəkarı idi. Onunla  hər kəs qürur duyurdu. Dəfələrlə düşmən təxribatının qarşısının alınması istiqamətində həyata keçirilən uğurlu əməliyyatların iştirakçısı olub. O, zabit olaraq döyüşlərdə fəal iştirak edib. Xeyli sayda düşmən texnikasını və canlı qüvvəsini məhv edib. Döyüşçü və komandir kimi malik olduğu müsbət xüsusiyyətlərinə, çevikliyinə və tükənməyən enerjisinə görə dostları ona "Qartal" ləqəbi  vermişdilər. Döyüşdə də daima qartal kimi irəlidə oldu".
Xidməti dövründə müxtəlif vəzifələrdə xidmət edən zabitin bir amalı vardı: düşmən işğalı  altında olan ərazilərimizi azad etmək. Elə bu amalla da o, 27 sentyabr 2020-ci ildə ərazi bütövlüyümüzün bərpa olunması naminə döyüşlərə atılır. Şanlı Zəfərimizlə başa çatan "Dəmir yumruq" əks-hücum əməliyyatı zamanı Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edir. "Qartal" ləqəbli kəşfiyyatçı noyabrın 6-da Şuşa istiqamətində gedən döyüşlərdə şəhadət mərtəbəsinə ucalır. Döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına və eyni zamanda, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin  azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə"  medallarına layiq görülüb.
Şəhid polkovnik-leytenant Ramiz Sübhan oğlu Cəfərovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə onun böyüyüb boya-başa çatdığı Masallı rayonu 6 saylı tam orta məktəbə onun adı verilib. Ailə üzvləri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə, Sumqayıt şəhər və Masallı rayon İcra Hakimiyyətlərinə minnətdarlıqlarını bildirdilər.

Nərgiz HÜSEYNOVA Bakı şəhəri