Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2022 11:50

Zəfərlərə aparır sizi döyüş bayrağı!..

Duruşunda mərdanəlik olduğuna görə, görkəmi baxanın düşüncələrində dönməzlik yaratdığına görə, səssiz sözü ruhumuzun öyüdü olduğuna görə, mehmanlarını könül adamı bildiyinə görə, gələnlərinin dönüşünə kövrəldiyinə görə, ...dağlara ulu dağlar deyirik. İşğaldan azad edilmiş ərazilərdəki ulu dağların göz küsdürən, könül bulandıran dumanı çiyinlərindən sürüşüb, əsən yellər onu çox uzaqlara aparıb. Bu mərdanə dağların göylərində süzən qartalın qanadlarının dağın yaxasını kölgələndirməsi könül xoşluğuna dönür. Bu gözəl uçuşu sədaqətə and uçuşu bilirəm. Qartal dövrə vurur, bir də dövrə vurur, bir də dönmək niyyətiylə uzaqlaşır. Zəfərdən az sonra işğaldan azad edilmiş ərazilərimizdə də belə bir uçuş görmüşdüm. Onda qartalın ecazkar uçuşuna gözaydınlığı uçuşu demişdim. Bu gün gördüyüm uçuş onda gördüyüm uçuşun davamıdı. Dediklərim təlimə başlayacaq əsgərlərin ruhunun ovqat ortağına dönür. Baş leytenant Möhsüməli Cəfərov deyir ki, əsgərlərimiz müşahidə etdiyiniz qətiyyətli uçuşun mahiyyətini hərbi xidmətdə yaşadırlar.
Qartal uçuşu təliməqədərki vaxtda söhbətimizin mahiyyətinə dönür...
İkinci Qarabağ müharibəsindən əvvəl "Mübariz postu"nda əsgərlərlə söhbətləşəndə də bir qədər aralıda uçan qartal görmüşdüm. Demişdilər ki, üç-dörd gün əvvələ kimi bu həndəvərlərdə qartal görünməyib. İndi gündə bir dəfə, hərdən iki dəfə göydə uçur, başımız üstündə dövrə vurub uzaqlaşır. Onda bu uçuşlara yozum verə bilməmişdik. Qartal uzaqlaşandan sonra səssizliyi bir sorğuyla çilikləmişdim: Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimovun, Çingiz Qurbanovun adını daşıyan postlar var. Belə postlar yenə olacaqmı? Əsgərlər qətiyyətlə, inamla demişdilər ki, Ali Baş Komandanın əmri ilə döyüşlər olacaq. Vətənə, Hərbi anda sədaqətlə döyüşəcəyik. Onda hansımızınsa döyüşünə görəsə belə adlanma olacaq.
Əsgərlərimiz İkinci Qarabağ müharibəsini bu ruhla gözləyirdi.
Ermənistanın işğalçılıq müharibəsində torpaqlarımızın 20 faizi işğal edilmişdi. Xalq ordumuzun bu işğalı sonlandıracağına əmin idi. Bu əminliyə görə də Ali Baş Komandanın döyüş əmrini gözləyirdi, Ermənistan sülh danışıqlarından yayındığına görə, regionda mövcud status-kvonu saxlamaq istədiyinə görə müharibə istəyirdi.
Polkovnik-leytenant Faiq Şirinov fikirlərimin davamı kimi deyir ki, ordu da, xalq da döyüş əmri gözləyirdi. Bu əmr 2020-ci il sentyabrın 27-də verildi. Azərbaycan Ordusunun hissələri Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını qətiyyətlə aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti əks-hücum əmri verdi. Bu, İkinci Qarabağ müharibəsi idi.
Bir azdan "Müşahidə olunmayan hərəkətsiz hədəflərə sınaq atışları" mövzusunda təlim keçiriləcək. Təliməqədərki "nəfəsdərmədə" Zəfərin döyüşlərindən danışırıq:
- Hadrut istiqamətində artilleriya hazırlığı aparılmışdı. Düşmən ciddi müqavimət göstərirdi. Artilleriya hazırlığını piyadalarımız döyüşlə davam etdirirdi. Şuşa istiqamətində son dayaqlarından biri olan Hadrutun itirilməsinin Şuşanın işğaldan azad edilməsinə  şərait yaradacağını düşmən də bilirdi. Ona görə də bütün ciddiyyətiylə müqavimət göstərməyə çalışırdı. Gərgin döyüşlər gedirdi. Belə döyüşlər neçə gün çəkdi. Qəsəbəyə yaxınlaşmışdıq. Dağlıq massivdən qəsəbəyə endik. Hava hələ tam işıqlaşmamışdı. Müxtəlif istiqamətlərdən qəsəbənin üstünü aldıq. Əl-qol aça bilməyən düşmən döyüşlərin belə nəticələnəciyini gözləmirmiş, sonda erməni hərbçilər də qaçdı, mülkilər də (çavuş Rüstəm Rüstəmov).
- Döyüşçülərimiz Tağlar, sonra Qarğabazarı uğrunda döyüşürdülər. Biz düşmənin mövqelərini artilleriya atəşinə tutmuşduq. O anlarda döyüşlərdən xeyli əvvəl komandirimizin dediklərini xatırlamışdıq: "Döyüşdə dəqiq olmayan atəş düşmənə üstünlük yaradır, yəni, artilleriyanın dəqiq olmayan atəşi döyüşün gedişinə ikiqat zərərdir: özün üstünlük qazana bilmirsən, düşmənə üstünlük qazandırırsan. Dəqiq atışlarımız düşmənin mövqelərini dağıdırdı, döyüş texnikalarını, canlı qüvvəsini məhv edirdi. On gündən sonra düşmənin mövqelərini həmin yerlərdən vururduq. Əvvəlki döyüşlərimizin nəticələrini onda görürdük: düşmənin dağıdılmış mövqeləri, sıradan çıxarılmış döyüş texnikaları, məhv edilmiş düşmən əsgərləri, zabitləri, muzdluları. Sonuncu döyüşümüz Topxanada oldu. Zəfəri də Topxanada eşitdik..." (çavuş Əmrah Abbaszadə).
Zəfər ərəfəsində bu təəssüratlar İkinci Qarabağ müharibəsinin tarixi kimi dinlənilir. Həm də təlimdən əvvəl. Bu rəmzdi bəlkə? Qürur var deyilənlərdə - öyrənilənlər xatırlananların davamı olacaq...
Təlim başlayır. Tədris formatlı təlimdi. Baş leytenant Mövsüməli Cəfərov top heyətinə mövzu haqqında nəzəri bilgi verir. Onu da qeyd edir ki, İkinci Qarabağ müharibəsində artilleriyaçılar ən çox belə hədəfləri məhv etdilər. Bu informasiya zaman anlamında dünənlə (sentyabr-noyabr, 2020 döyüşlər), bu gün (oktyabr, 2022 təlim) arasında mənəvi əlaqə yaradır. Bu da tarixin dünənlərinə sevgini yaşatma istəyidir və zabitlərin bu istəyi tarixə sədaqətdir, şübhəsiz.
Baş leytenant sonra deyir ki, düşmənin neçə on kilometrlərlə uzaqda olan mövqeləri, qruplaşmaları bu üsulla məhv edilirdi. Batareyamız Tağlardaydı. Komandanlıq bizə Tağlarda düşmənin bir mövqeyinin koordinatlarını vermişdi. Əsgərlər topu vaxtında atışa hazırladılar. Atəş əmri verdim. Mərmilər hədəfi darmadağın edibmiş. Bu atışdan sonra piyadalarımızın hücumu mövqe qələbəsi ilə tamamlandı. Siz də topu onlar kimi öyrənin. Zabit söhbətini maraqlı və düşündürücü bir fikirlə tamamlayır: Fiziki qanunlar əsasında tənzimlənən bu atışlar döyüş öncəsi döyüşdür. Yəni, artilleriyaçılar sonrakı döyüşlərin gedişinə  əvvəlcədən belə müdaxilə edə bilirlər...
Top komandiri çavuş Rəhman Abbaszadə əvvəllər öyrənilmişləri, heyət olaraq nə edəcəklərini yada salır. Heyət üzvlərindən nə etməli olduğunu soruşur...
Sonra praktiki atış əmri verilir. Heyət nəfərləri bütün təmrinləri ardıcıllıqla, mükəmməl və normativlərdə nəzərdə tutulan müddətdə yerinə yetirirlər. Batareya komandiri tapşırığın icrasından razı qalır. Tapşırığın daha mükəmməl yerinə yetirilməsinin mənimsədilməsi üçün top komandirinə göstəriş verir...
Bu, əsl pedaqoji prosesdir...
Baş tuşlayıcı əsgər Coşqun Mirismayılov atışlarda tuşlayıcının vəzifə borclarını mükəmməl izah edir və əlavə olaraq onu da qeyd edir ki, biz təkcə öz vəzifə borclarımızı deyil, digər heyət nəfərlərinin də vəzifə borclarını öyrənirik. Heyət nəfəri Rəşad Alməmmədov əsgər yoldaşının dediklərini "Top heyətimizin üzvləri bir-birindən öyrənir" fikri ilə tamamlayır. Əsgər Tural Piriyev əsgər yoldaşlarının dediklərinə qüvvət olaraq bildirir ki, asudə vaxtlarda soruşula-soruşula öyrənilənləri təlimlərdən əvvəl top üzərində göstəririk, yəni, öyrəndiyimizi görüntülərlə yaddaşımıza hopdururuq.
Baş leytenant Mövsüməli Cəfərov əsgərin fikirlərini bəyənir, onun da, digər əsgərlərin də bu istəyini hərbi xidmətə, deməli, Vətənə sevgi adlandırır, deyir ki, əsgərin bir neçə hərbi ixtisası bilməsi İkinci Qarabağ müharibəsində istər həmin mövqe döyüşündə, istərsə də sonrakı döyüşlərdə qələbələr qazanılmasında əhəmiyyətli olurdu.
Polkovnik-leytenant Xaliq İmanov əsgərin də, zabitin də dediklərini hərbi xidmətə maraq, maraq biçimli sevgi adlandırır və qeyd edir ki, belə sevgilər əsgərin mənəvi-psixoloji hazırlığının təzahürüdür.
Əsgərlər razılıqla bir-birinə, sonra uzaqlara baxırlar. Belə öyrənmənin kimin təşəbbüsü olduğunu ayırd etmək mümkün deyil. Kimdirsə, tərxis edilib, indi özü buradan uzaqlarda olsa da, ruhu buralardadı - əsgərlər yoldaşlarının, xidmətə sonra gələn əsgərlərin yanında...
Baş leytenant əsgərlərə xitabən qürurla deyir ki, təlimlər döyüş hazılığını yüksəldir. Yüksək döyüş hazırlığı ordunun qüdrətidir. Bu qüdrət İkinci Qarabağ müharibəsində qadirliyini təsdiqlədi, Zəfərlə tamamlandı. Ermənistan silahlı birləşmələri Zəfərdən sonra, 2022-ci ilin avqustunda, sonra sentyabrında hücumlar etməyə cəhd etdi. Ordu hissələrimiz bu hücumların qarşısını qətiyyətlə aldı, döyüşlərdə mühüm qələbələr qazandı. Sizin döyüş hazırlığınız düşmənin istənilən təxribatlarının qarşısını da alacaq, ərazi bütövlüyümüzü də qoruyacaq.
Əsgər Rəşad Alməmmədov vurğulayır ki, təlimlərdə öyrəndiklərimizin döyüş hazırlığımızı  yüksəltdiyini biz də bilirik, buna görə də həm maraqla, həm də məsuliyyətlə öyrənirik.
Əsgər Mirzə Kərimzadə deyir ki, döyüşdə düşmənin bütün mövqeləri, qruplaşmaları, dayaq məntəqələri artilleriya üçün, əsasən, müşahidə edilməyən hərəkətsiz hədəflərdir. Ona görə bu mövzunu mükəmməl mənimsəyirik. Komandirimizin öyrətdiklərini atışlarda mükəmməl, təlimata uyğun tətbiq etməyə çalışırıq. Əsgər Nahid Qədimov əsgər yoldaşının fikirlərini "Öyrəndiklərimizin hamısını güclü ordunun güclü əsgəri olmaq  istəyi ilə öyrənirik", - fikri ilə tamamlayır. "Müşahidə olunmayan hərəkətsiz hədəflərə sınaq atışları" mövzusunda təlim təsdiqləyir ki, Azərbaycan əsgəri hərbi ixtisasını təkcə vəzifə borcu kimi deyil, həm də hərb sənətinə maraq, sevgi kimi öyrənir...
Polkovnik-leytenant Faiq Şirinov İkinci Qarabağ müharibəsini Azərbaycanın hərb tarixində ən qürurlu dövr adlandırır.  Əli təlim keçən əsgərlərin timsalında orduya sevgi kimi əsgərlərdən birinin çiyninə enir:
- 2022-ci ilin avqust və sentyabr döyüşlərinin iştirakçıları İkinci Qarabağ müharibəsinin iştirakçılarının davamçıları oldu. Siz həm onların, həm də Vətən müharibəsində iştirak etmiş əsgər yoldaşlarınızın qətiyyətli, dövlətə, dövlətçiliyə sədaqətli davamçıları olacaqsınız. 2021-ci ilin sentyabrında döyüşənlər Zəfərə layiq yeni qələbələr qazandılar. Təlimlərdə öyrəndikləriniz sizin gücünüzdür. Siz də imkan verməyəcəksiniz, sizdən sonra xidmət edəcək əsgərlər də imkan verməyəcəklər ki, sərhədlərimizin yaxınlıqlarına yad nəfəsi dəysin. Bu, Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqət olacaq...
Göy üzündə qanad çalan qartallar görünür. Görəsən bayaqkı qartallardımı?..
- Qartalların bugünkü uçuşu göylərin sizə salamıdı..., - deyirəm. Əsgərlər könül xoşluğu ilə göy üzünə baxırlar. Bu baxışlarda məğrurluğun eynini görürəm, əsgərlərə xitabən deyirəm ki, siz düşmənin müşahidə olunmayan hərəkətsiz hədəflərini də vurmağa qadirsiniz, müşahidə olunan  hədəflərini də. Bu, sizin qadirliyinizdir!..
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"
fotolar Namiq PƏNAHOVUNDUR