Yüz ildən çoxdu ki, Türkiyə ağrı-acılarını, sevincini Azərbaycanla birlikdə yaşayır, Azərbaycan ağrı-acılarını, sevincini Türkiyə ilə birlikdə yaşayır. Türkiyənin istiqlal savaşında da belə olub, ötən əsrin əvvəllərində də, İkinci Qarabağ müharibəsində də belə oldu. Müharibə ərəfəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar demişdi ki, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir.
İkinci Qarabağ müharibəsindən sonra Bakıda Azadlıq meydanında keçirilən paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi: "Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır"...
Türkiyə ilə Azərbaycan arasında əlaqələr iki böyük tarixi şəxsiyyətin - Mustafa Kamal Paşa Atatürkün və Heydər Əliyevin dühasının işığında bütün istiqamətlərdə uğurla davam etdirilməkdədir. Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi "Qardaş yumruğu" təlimləri də bu baxımdan tarixləşdi...
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ehtiramla qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Belə bir ordu ilə birgə təlimlər qarşılıqlı etimada əsaslanır...
Aydınlığa çıxacaq gecələrin qarası,
Sağalacaq torpağın qaysaqlayan yarası...
Bu birlik görk olacaq Doğu-Batı arası,
Bəşəri məhəbbətim, Azərbaycan, Türkiyə!
Mənim iki dövlətim, Azərbaycan, Türkiyə!
Qardaşlığın yumruğu daşı-daşa çalar da,
Cızığından çıxanı nizamından salar da...
Bir ülgüclük yaranın qisasını alar da,
Dünyəvi heysiyyətim, Azərbaycan, Türkiyə!
Mənim iki dövlətim, Azərbaycan, Türkiyə!
Xeyir yaranışından "bir əl, bir ətək" deyil,
Ruhun birlik qılıncı itidi, kövrək deyil.
Hulusi Akar dedi: Azərbaycan tək deyil,
Turandı nəhayətim, Azərbaycan, Türkiyə!
Mənim iki dövlətim, Azərbaycan, Türkiyə!
Göyləri salamladı məhəbbət rəngli səhər,
Əsgər əlini sıxdı burda hər kənd, hər şəhər...
İşğalın son nəfəsi oldu möhtəşəm Zəfər,
Birliyə sədaqətim - Azərbaycan, Türkiyə!
Mənim iki dövlətim, Azərbaycan, Türkiyə!
Zirvə necə zirvədi, dağa dönən qar desin,
Göydən gələn qüdrətin ixtiyarı var, desin,
"Bu, ruhun Zəfəridi!" - desin, Bayraktar desin,
Yenilməz inayətim, Azərbaycan, Türkiyə!
Mənim iki dövlətim, Azərbaycan, Türkiyə!
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"