Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 2022 19:59

“Yaradılan şəraitdən hamı razıdı”

Rəşadətli ordumuzun güc və qüdrətindən danışarkən təminat amilini xüsusi qeyd etmək lazımdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğının nəticəsində bütün bölmələrimizdə gənclərin uğurlu xidmət etməsi üçün yüksək şərait yaradılır. Yeni yataqxanalar, yeməkxanalar və digər infrastrukturlar  tikilərək şəxsi heyətin istifadəsinə verilir. Bununla yanaşı əsgərlər istənilən növ təminatla ən üst səviyyədə təmin olunurlar. Yaradılan belə məişət şəraiti də zəmin yaradır ki, gənclər yüksək döyüş ruhunda xidmət etsin, keçirilən dərsləri yaxşı mənimsəsin. Ordu quruculuğunda bütün fəaliyyətlər döyüş hazırlığının artırılmasına hesablanır. Məişət şəraiti və sosial təminatları yaxşı olan əsgər də sağlam mənəvi-psixoloji durumda olur ki, bu da döyüş ruhunun möhkəm olmasını şərtləndirir. Yüksək döyüş ruhunda xidmət edən əsgər də hərbi biliklərə, döyüş hazırlığının incəliklərinə yiyələnmək üçün səylə çalışır, vəzifə borclarının öhdəsindən bacarıqla gəlir.
Azərbaycan Ordusunun bütün bölmələrində olduğu kimi Raket və Artilleriya Qoşunlarının "N" hərbi hissəsində də əsgərlərin ürəkaçan şəraitdə xidmət etdiyini gördük. Müasir avadanlıqlarla təchiz olunan əsgər yataqxanasında olduq. Bölüyün baş çavuşu gizir Rövşən Əsgərov dedi ki, məişət şəraiti əsgərləri daha da nümunəvi xidmət etməyə ruhlandırır, dövlətimizin orduya olan yüksək qayğısı onlara xoş ovqat və döyüş ruhu aşılayır. "Yaradılan şəraitlə yanaşı hərbi hissənin rəhbərliyi də əsgərlərin qayğıları ilə şəxsən maraqlanır, onlarla mütəmadi fərdi söhbətlər edirlər. Heç nədən korluq çəkməyən və yüksək əhval-ruhiyyədə xidmət edən əsgərlərimiz də verilən tapşırıqları məsuliyyət və bacarıqla yerinə yetirirlər", - dedi baş çavuş R.Əsgərov.
Rövşənlə birlikdə əsgər yataqxanasına daxil olduq. Yataqxanada yaradılan şəraitin və səliqə-sahmanın   əyani şahidi oldum. Burada ikimərtəbəli müasir çarpayılar, qalın yun ədyallar, təmiz döşək ağları, əl-üz dəsmalları və digər ləvazimatlar gözə dəyirdi. Hər əsgər üçün fərdi ayrılmış dolabda isə hər cür hamam ləvazimatının və gigiyenik vasitələrin olduğunu gördüm. Soyuq qış fəslinin başlamasına baxamayaraq, yataqxana da isti idi. Çünki bina müasir tipli istilik sistemi ilə təmin olunub. Belə müasir şərait və yüksək təminat ordu quruculuğuna göstərilən diqqətin, şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü  islahatların bir daha göstəricisi oldu.
Yataqxanada olan əsgərlər Elvin Əlizadə və Zahir Zərbəliyevin də fikirlərini qeydə aldım. Elvin  yaradılan şəraitdən razılığını bildirdi. "Hər birimiz üçün böyük fərəhdir ki, əsgərik. Vətənə övladlıq borcumuzu yerinə yetiririk. Qalib və rəşadətli ordunun əsgəri olmaq isə ikiqat qürurludur. Hər birimiz komandirlərin diqqəti və qayğısı ilə əhatə olunmuşuq. Gördüyünüz kimi heç nədən korluq çəkmirik. Əminliklə deyə bilərəm ki, yaradılan şəraitdən hamı razıdı", - dedi əsgər E.Əlizadə.
Silahdaşının dediklərini təsdiqləyən Zahir bildirdi ki, hər birimiz bu diqqətin qarşılığında nümunəvi xidmət edib, bacarıqlı əsgər olmağa səy göstəririk. "Bu qayğı dövlətimiz tərəfindən bizə bəslənən böyük etimaddır. Bizim də amalımız Vətənimizin keşiyində inamla dayanıb bu etimadı doğrultmaqdır. Məişət şəraitimizin yaxşı olması da amalımıza çatmaq üçün zəmin yaradır. Keçirilən dərslərdə, məşğələlərdə həvəslə iştirak edir, hərbi bilikləri, döyüş hazırlığını mükəmməl öyrənməyə can atırıq. Azərbaycan əsgərinə göstərilən yüksək diqqət və qayğıya görə bölməmizin bütün əsgərləri adından Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk", - deyir əsgər Zahir Zərbəliyev.
Bir daha şahid olduq ki, ölkəmizin güclü iqtisadiyyatı ordu quruculuğunda da öz sözünü deyir. Vətənimizin keşiyində dayanan gənclərimiz üçün bölmələrdə ən müasir səviyyədə sosial-məişət şəraiti yaradılır. Milli-mənəvi dəyərlərimizə bağlı olan vətənpərvər gənclərimiz də çətinlik çəkmədən Vətənin keşiyində qətiyyətlə dayanırlar.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
fotolar Coşqun CƏFƏROVUNDUR