Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 2022 19:59

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin bu gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin hər addımda şahidi oluruq. Diqqət və qayğısını ordumuzdan əsirgəməyən dövlət başçısı tərəfindən ordu quruculuğuna lazımi qədər  vəsait ayrılır. Yeni silah və texnikalar alınır, ordumuzun arsenalı gündən-günə müasirləşir və zənginləşir. Ordumuzun yüksək döyüş hazırlığı və güclü maddi-texniki bazası İkinci Qarabağ müharibəsində qazanılan şanlı qələbəmizi şərtləndirən əsas amillərdən oldu. Bütün dünya gördü ki, Azərbaycan Ordusunun arsenalı ən müasir atıcı silahlarla və döyüş texnikalarıyla zəngindir. Həmçinin istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan komandirləri, döyüş meydanında şücaət və igidlik göstərən əsgərləri var.
Ordu quruculuğunda atılan hər addım döyüş qabiliyyətinin artırılmasına istiqamətlənir. Son illərdə aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclüsüdür. Keçirilən irimiqyaslı təlimlərdə hərbçilərimizin ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi onların döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarıqlarının yüksək səviyyədə olduğunu göstərir.
Son illər ordu quruculuğunda xüsusi diqqət yetirilən məsələlərdən biri də müxtəlif qoşun növlərində ayrı-ayrılıqda və birgə hərbi təlimlərin müntəzəm keçirilməsidir. Ən mühüm hərbi əməliyyat tədbiri olan təlimlər  döyüş hazırlığının artırılmasında və şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində əsas meyar rolunu oynayır.
Eyni zamanda, dost və tərəfdaş ölkələrlə davamlı olaraq əməkdaşlığa, sülhə, bölgədə sabitliyə və təhlükəsizliyə xidmət edən birgə təlimlər də keçirilir. Ordumuzun daha da müasirləşməsində, dinamikliyinin, çevikliyinin artırılmasında və NATO standartları səviyyəsinə gəlib çatmasında belə təlimlərin rolu danılmazdır.
Azərbaycan Ordusunun birgə hərbi təlimlərdə iştirak etdiyi ordular arasında ilk yerdə, təbii ki, qardaş Türkiyə Ordusudur. Türkiyə və Azərbaycan Müdafiə nazirliklərinin müxtəlif qoşun növlərinin, həmçinin xüsusi təyinatlılarının həm Azərbaycan, həm də Türkiyə ərazisində keçirilən çox vacib və əhəmiyyətli birgə təlimləri artıq bir ənənə halını alıb.
Bu günə kimi hər iki qardaş xalqın və dövlətin maraqlarına cavab verən, təkcə dövlətlərimizin deyil, eyni zamanda, regionun təhlükəsizliyini təmin etmək niyyəti daşıyan Azərbaycan və Türkiyənin müxtəlif qoşun növləri arasında  "Mustafa Kamal Atatürk", "Anadolu Qartalı", "TurAz Qartalı", "Sarsılmaz Qardaşlıq" və digər uğurlu birgə hərbi təlimləri keçirilib. NATO-nun ən güclü ordularından olan Türkiyə ordusu ilə keçirilən birgə təlimlərdə qazanılan təcrübələr ordumuzun güc və qüdrətinin daha da artırılmasında əhəmiyyətli rol oynayır.
İkinci Qarabağ müharibəsindən sonra daha sıx keçirilən birgə təlimlər ötən əsrin əvvəlində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir", əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarlarını rəhbər tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə ölkələrimiz arasında qurduqları yüksək səviyyəli əməkdaşlığın bəhrəsidir. Həmçinin bu onun göstəricisidir ki, Azərbaycan və Türkiyə dost, qardaş və ən yaxın müttəfiq dövlətlərdir. Tarixi köklərini Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Sovet İttifaqının dağılmasından  sonra getdikcə daha da dərinləşmiş və hal-hazırda özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Ölkələrimiz arasındakı qardaşlığın əbədi və sarsılmaz olduğunun növbəti təzahürü Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də imzaladığı Şuşa Bəyannaməsi oldu. Bu bəyannamədə hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edilməsi xüsusi vurğulanır. Həmçinin Azərbaycanla Türkiyənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyi qeyd olunan bəyannamə ordularımızın birgə təlimlərini şərtləndirən hüquqi bazadır. Hər zaman bölgədə sülh və əməkdaşlıq təşəbbüskarları olan Azərbaycanla Türkiyə arasında keçirilən hərbi təlimlər bütün region üçün faydalı olur və bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət edir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkə arasında sarsılmaz qardaşlığın, birliyin növbəti təzahürü olan "Qardaş yumruğu" birgə hərbi təlimi baş tutdu. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunduğu təlim Bakı, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirildi. Təlimin ssenarisinə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirdilər. Müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif  tapşırıqlar müvəffəqiyyətlə icra edildi. Birgə təlimin gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqların icra edilməsi mərhələsində hər iki qardaş ölkənin hərbi qulluqçuları şərti düşmənlə bilavasitə təmas vəziyyətində onun texnikasının və canlı qüvvəsinin məhv edilməsi tapşırıqlarını yerinə yetirdilər.
"Qardaş yumruğu" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nü Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və digər rəsmilər izlədilər. Eyni zamanda, xüsusi quraşdırılmış monitorlar vasitəsilə Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları da izləyən müdafiə nazirlərinə plana uyğun olaraq bütün təlim döyüş tapşırıqlarının yüksək peşəkarlıqla yerinə yetirildiyi məruzə olundu. Həmçinin general-polkovnik Zakir Həsənov və cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti, videobağlantı vasitəsilə qoşulan komandir heyətinin də iştirakı ilə  bütün istiqamətlər üzrə icra olunan tapşırıqları birgə təhlil edərək, "Qardaş yumruğu" təlimini yüksək qiymətləndirdilər.
Təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandıran müdafiə nazirlərinin səsləndirdiyi fikirlər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın artan dinamikasından xəbər verdi. Milli müdafiə gücünün və iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin daha da artırılmasına istiqamətlənən  sarsılmaz müttəfiqliyin davamlı olacağına bir daha əminlik yaratdı.
Çıxış edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi və digər qoşun növləri komandanları ilə birgə təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etməkdən məmnunluğunu bildirərək dedi: "Dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir. Türkiyə hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazırdır. Dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük".
Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnun olduğunu bildirən general-polkovnik Zakir Həsənov dedi: "44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət, iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!"
"Qardaş yumruğu" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə plana uyğun olaraq bütün təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirən şəxsi heyəti telefon zəngi ilə təbrik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu təlimin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu, bu sarsılmaz birliyi heç kimin ayıra bilməyəcəyini, hər sahədə olan sıx əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyini vurğuladılar.
Bu gün bütün dünya bir daha görür ki, Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin böyük tarixi var. Tarix boyu iki qardaş ölkə ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar. Türk tarixinin şərəf nöqtəsi Çanaqqala zəfərində azərbaycanlıların türk qardaşlarımızla çiyin-çiyinə döyüşlərə atılması, üç minə yaxın şəhid verməsi eləcə də ikinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstək verərək, açıq və birmənalı bəyanatlar səsləndirərək bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirməsi bu qardaşlığın tarixi nişanələrindəndir. Bu faktlar bir daha sübut edir ki, cənab Ali Baş Komandanın da dediyi kimi Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"