Gizir İlfaq Quluzadə hələ müddətli həqiqi hərbi xidmətdə olarkən hərbçi olmağın nə qədər çətin və şərəfli olduğunu dərk edib. Vətənin müdafiəsi naminə bu peşənin incəliklərini komandirlərindən daha dərindən mənimsəməyə çalışıb. İlfaq hərbçi olmaq qərarını da xidmət dövründə verib. Bunun üçün bilik və bacarıqlarını artırmağa çalışıb. Tərxis olunduqdan sonra valideynlərinə yenidən hərbi xidmətə qayıdacağını deyəndə onlar da İlfaqın istəyini müsbət qarşılayıblar.
Gizir İlfaq Cahangir oğlu Quluzadə 2019-cu ildə gizir hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək "N" hərbi hissəsinə təyinat alıb. Əslən Qazax rayonundan olan İlfaq xidmətə başladığı ilk gündən nümunəvi xidmət edəcəyini qarşısına məqsəd qoyub. Onun doğulub boya-başa çatdığı rayon Ermənistanla sərhəddə yerləşdiyi üçün həmişə atəş səsləri eşidib. Ermənilərin dədə-baba torpaqlarını işğal etməklə soydaşlarımızı ev-eşiyindən didərgin salması ona da təsir edib. Böyüdükcə bütün bunlar onda ermənilərə qarşı sonsuz nifrət hissi oyadıb.
Əslində İlfaqı hərbi peşəsinə gətirən də düşmənin davamlı olaraq işğalçılıq siyasəti yeritməsi olub. Erməniləri əsassız ərazi iddialarından əl çəkməyə sövq edən diplomatik addımlar nəticə vermədiyi halda ordumuzun gücü ilə onları bu istəkdən çəkindirmək yolunun da qaçılmaz olduğunu yaxşı anlayıb.
Nəhayət, gizir İlfaq Quluzadənin illər uzunu gözlədiyi gün - 27 sentyabr 2020-ci il tarixi yetişib. Düşmən təmas xəttində yenidən atəşkəsi pozaraq genişmiqyaslı təxribat törətməyə başlayıb. Ordumuzun qətiyyəti və sayıqlığı sayəsində düşmən hücumunun qarşısı dərhal alınıb. Dövlətimizin başçısının əmri ilə ordumuz əks-hücuma keçib. Beləliklə, mətin döyüşçülərimiz 30 ilə yaxın ermənilərin işğal etdikləri əraziləri hissə-hissə azad etməyə başlayıblar.
Gizir İlfaq Quluzadə də döyüşün ilk günü xidmət etdiyi hərbi hissə ilə Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. O da düşmənə qarşı mərdliklə vuruşub. İlfaqın düşmənə olan nifrəti, Zəfərə aparan yoluna işıq olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Hazırda gizir İlfaq Quluzadə xidmətini davam etdirir. O, öz döyüş təcrübəsindən yararlanaraq tabeliyində olanlara nümunəvi xidmət etməyin vacibliyini aşılayır. Qətiyyətli Azərbaycan əsgərinin Zəfərə aparan yolundan danışır. Onları nümunəvi hərbi xidmətə sövq edir.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"
foto Namiq PƏNAHOVUNDUR