Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2022 17:10

Fiziki hazırlıq sağlam həyat tərzi deməkdir

İdmanla məşğul olmaq insanın həm fiziki, həm də psixoloji sağlamlığı üçün  çox böyük əhəmiyyət kəsb edir. Fiziki hazırlıq özünə olan güvəninin artmasına, liderlik bacarığının formalaşmasına və bir çox müsbət xüsusiyyətlərin təkmilləşməsinə kömək edir. Məhz bu səbəbdən də şəxsi heyətin fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır.
"N" hərbi hissəsində şəxsi heyət günün nizam qaydasına uyğun olaraq baş leytenant Asiman İbrahimovun nəzarəti altında fiziki hazırlıq məşğələsini keçirdi. Əsgərlərimiz verilən bütün tapşırıqları cəld və dəqiq yerinə yetirirdilər. Gözəl mənzərə hər birimizin könlünü oxşayırdı. Məğrur əsgərlərimizlə hər dəfə olduğu kimi, indi də qürur duyurduq. Düşünürəm ki, belə igidlərin sayəsində doğma Qarabağımız işğaldan azad edildi. Onların gücü qarşısında aciz qalan mənfur ermənilər qaçmaqdan başqa çıxış yolu tapmadılar. Nəticədə, haqq savaşımız cəmi 44 gün davam etdi və qələbə qazandıq.
Dərs prosesi bitdikdən sonra zabitlə söhbət etdik. A.İbrahimov bildirdi ki, günün nizam qaydalarına uyğun olaraq hər gün fiziki hazırlıq məşğələsi keçirilir. "Burada əsgərlərimiz gündəlik olaraq müxtəlif məsafələrə qaçışlar həyata keçirir, idman qurğularında fiziki hazırlıq səviyyələrini artırırlar. Komandir olaraq biz də onlara daim nəzarət edir, qurğu və alətlərdən düzgün istifadə etmə qaydalarını öyrədir və bilmədiklərini ətraflı izah edirik. Bunun nəticəsidir ki, onların hər biri fiziki cəhətdən hazırlıqlı, qüvvətli və iradəlidir. Əminliklə deyə bilərəm ki, şəxsi heyət verilən istənilən tapşırığın öhdəsindən asanlıqla gəlməyə qadirdir. Az öncə siz bunun canlı şahidi oldunuz".
Əsgərlərlə həmsöhbət olub, onların idmana olan maraqları barədə danışırıq. Şəmkir rayonundan ordu sıralarına çağırılan əsgər Şəhriyar Əliyev uzun müddətdi idmanın sərbəst güləş növü ilə məşğul olub. Bir çox mühüm yarış və turnirlərdə iştirak edib. Sonuncu yarışı isə Şəmkir rayonu üzrə olub. O, peşəkarlıq nümayiş etdirməklə, bütün rəqiblərinə qalib gəlmiş, fəxri kürsünün ən yüksək mərtəbəsinə ucalmışdır. Ordu sıralarına qatıldıqdan sonra da idmanla məşğul olmağı davam etdirən əsgər komandirlərinin rəhbərliyi ilə fiziki hazırlıq məşğələlərində həvəslə iştirak edir və qarşıya qoyulan istənilən tapşırıqların öhdəsindən rahatlıqla gəlir. Söhbətimiz zamanı Şəhriyar dedi ki, ordu sıralarında idmanla məşğul ola bilməyəcəyimi düşünürdüm. "Lakin hərbi xidmətə çağırılandan sonra hərbi hissənin ərazisində gördüyüm mənzərə könlümü oxşadı. Müasir standartlara cavab verən idman şəhərciyində fiziki hazırlığımızı daim yüksək səviyyədə saxlayırıq".
Əsgər Nəsir Hüseynov da Şəhriyar kimi idmanın sərbəst güləş növü ilə məşğul olub. Qazax, Ağstafa, Şəmkir, Gəncə və bir neçə başqa rayon və şəhərlərdə keçirilən yarışlarda iştirak edib və müvəffəqiyyətlər qazanıb. Ordu sıralarında fiziki hazırlığın əhəmiyyətindən danışan Nəsir dedi: "Fiziki hazırlığımız daim yüksək səviyyədə olmalıdır ki, döyüş tapşırıqlarının öhdəsindən asanlıqla gələ bilək. Bunun üçün hər gün iki dəfə fiziki hazırlıq məşğələsi keçirik. Onların köməkliyi və dəstəyi ilə müxtəlif idman qurğularında bilmədiyimiz təmrinləri öyrənir, idman vərdişlərimizi daha da təkmilləşdiririk".
Əsgər Elvin Hüseynov bildirdi ki, həyatımda idman az rol oynamır. Sağlam, güclü, çevik və dözümlü olmaq üçün komandirlərimizin rəhbərliyi ilə fiziki hazırlıq məşğələlərində həvəslə iştirak edirəm. Səhərlər gimnastik hərəkətlər edir, hərbi hissənin ərazisində qaçırıq. Axşam məşğələsində isə müxtəlif idman hərəkətləri edir, gücümüzə güc qatırıq.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"

fotolar Coşqun CƏFƏROVUNDUR