Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2022 17:10

Zəfər həm də müharibə təəssüratlarıdır

Həqiqi hərbi xidmətdən sonra tərxis edildim. Bir neçə aydan sonra hiss etdim ki, döyüş növbətçiliyindən uzaq düşməyim ruhumu sıxır. Qərara aldım ki, işğalı sonlandıranların sırasında olum. Çünki Prezidentimiz çıxışları zamanı deyirdi ki, Ermənistan sülh danışıqlarından yayınarsa, danışıqlar baş tutmazsa, torpaqlarımızı işğaldan döyüşlə azad edəcəyik. Bu, hamı kimi, mənim də əminliyim idi.
Yenidən hərbi xidmətə qayıtmağı qərara aldım. Etiraf edim ki, ən gözəl qərarım bu olub.
Xidmətimi artilleriya ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirirəm.
İkinci Qarabağ müharibəsi başlayanda bizim hərbi hissəni də döyüşlərə cəlb etdilər.  Təmas döyüşlərindən bir qədər uzaqda olsaq da, döyüşənlərimizə artilleriya dəstəyi verirdik. Bilirdik ki,  bizim atışlarımız dəqiq olarsa, döyüşçülərimiz düşməni məğlub edəcək, torpaqlarımız işğaldan daha tez azad olunacaqdır.
Döyüşə Füzulinin Seyidəhmədli kəndindən başladıq. Hər birimiz döyüşlərdə iştirakımızla qürurlanırdıq. Bir-birimizi şükranlıqla bağrımıza basırdıq...
Baş tuşlayıcı idim. Döyüşü idarə edən komandirlərimizin verdiyi koordinatlar əsasında düşmənin mövqelərini, dayaq məntəqələrini vururduq. Hər mərmi atılandan sonra bizə elə gəlirdi ki, düşmənin müdafiəsi zəifləyir...
Tağlar, sonra Qarğabazarı istiqamətində apardığımız atışların dəqiqliyinə görə komandirimiz bizə təşəkkür etdi. Bu, mənim İkinci Qarabağ müharibəsində ilk döyüş uğurumun mükafatı oldu. Həm əmri dəqiq yerinə yetirdiyimizə görə sevinirdik, həm də belə dəqiq atışların  qələbəni yaxınlaşdırdığına görə.
Döyüş şəraitinə görə bizi bir qədər sağa - Nərgiztəpəyə köçürdülər. Buradan da döyüşənlərimizə atəş dəstəyi verirdik...
Tağlardan, sonra Topxanadan apardığımız artilleriya atəşləri ilə düşmənin mövqelərini dağıdırdıq, dayaq məntəqələrini, döyüş texnikalarını, canlı qüvvəsini məhv edirdik. Vətən müharibəsində xalq ruhən döyüşənlərin sırasında idi. Bu, döyüşənlərin mənəvi gücünə dönmüşdü. Hansı istiqamətdə döyüşsək də, özümüzü Şuşa döyüşləri ərəfəsində hiss edirdik...
Şuşaya doğru döyüşməyimiz hamımızın döyüş əzmini kükrətmişdi. Biz də Şuşaya can atırdıq. Nə gizlədim, həmin məqamlarda hamımız piyada döyüşənlərimizə həsəd aparırdıq...
Noyabrın 8-də atdığımız mərminin düşmənin mövqeyini necə dağıtdığından xəbərimiz olmadı - Zəfər qazanmışdıq. Xəbəri eşidincə mənim qollarım əsgər yoldaşım Ələddinin, Ələddinin qolları mənim kürəyimdə çarpazlaşdı...
O anları son nəfəsimizəcən heç birimiz unutmayacağıq... Şəhid olan döyüşçülərimiz heç zaman unudulmayacaq!
İkinci Qarabağ müharibəsində qazanılan Zəfər tarixi Zəfər oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edildiyim "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları həm də ömrümün müharibə xatirələridir...
 
Əmrah ABBASZADƏ “N” hərbi hissəsi

foto Namiq PƏNAHOVUNDUR