Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2022 17:10

Heyətlər təcrübələrini daim artırırlar

Göyün üzündə topa-topa buludlar görünürdü. Axşam yağan yağışın suları yolun kənarındakı kiçik gölməçələrdə hələ də qalırdı. İnsanların sıx yaşadıqları kəndlərdən ötüb keçirik. Dar və dolambac yol bəzən üzü yuxarı qalxır, bəzən də dərəyə enirdi.  Balaca bir təpəni qalxandan sonra hərbi şəhərcik göründü, ondan sonra isə yolla pararlel hərbi hissə yerləşirdi. Demək, mənzil başına çatmağımıza az qalıb.
"N" hərbi hissəsinin nəzarət-buraxılış məntəqəsində bizi növbətçi əsgər qarşıladı. Gəlişimizin məqsədi barədə o da öz növbəsində qərargaha rabitə ilə məlumat verdi. Çox keçmədi ki, mayor Mirdamət Nağıyev və kapitan Fərid Qarayevlə görüşdük. Hərbi hissədə "Ən yaxşı tank bölüyü" uğrunda yarış və müsabiqəyə start verilmişdi. Polkovnik Eldəniz İmaməliyev yarışa cəlb olunan heyətlərə sıra baxışı keçirəndən sonra onlara təhkim olunmuş zirehli döyüş texnikalarının yerləşdiyi parka gəldik. Müsabiqənin şərtlərinə uyğun olaraq polkovnik E.İmaməliyev heyətlərə bir-bir tanklarda öz yerlərini tutmalarını tapşırdı. Tankların mühərrikləri işə düşdü. Heyət komandiri ilə rabitə əlaqəsi yoxlanıldı. Tankın gövdəsinə bitişik topu sağa-sola, aşağı-yuxarı hərəkətə gətirilməsi barədə tapşırığı verildi. Zabit heyətlər tərəfindən tapşırığın necə yerinə yetirilməsi ilə bağlı qeydlər apardı. O, bununla onların fəaliyyətlərinə qiymət verirdi.
Hər il olduğu kimi, bu il də tank bölükləri arasında keçirilən yarış və müsabiqələr hərbi hissədə canlanma yaratmışdı. Tank heyətləri arasında birincilik əldə etmək üçün gərgin mübarizə davam edirdi. Yarışa cəlb olunan bölmələrin komandiri ilə görüşdüm.
Kapitan Nizami Şamıyev bildirdi ki, "Ən yaxşı tank bölüyü" uğrunda keçirilən yarışa heyətləri əvvəlcədən hazırlamışdıq. "Şəxsi heyətə yalnız yarış və müsabiqələr üçün deyil, həmçinin döyüş və mənəvi-psixoloji hazırlıqlarını daim yüksək səviyyədə saxlamaq məqsədilə təlim-məşqlər keçirik. Tank heyətlərinin hər bir üzvü üzərinə düşən vəzifəni dərk edir. Nəticədə heyətlər təlim və məşqlərdə, yarışlarda müsbət nəticələr göstərirlər".
Zabit N.Şamıyev daha sonra dedi:
- Tabeliyimdə olan heyət üzvləri təcrübəli, öz işini kifayət qədər yaxşı bilən hərbi qulluqçulardır. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında düşmənə öz sözünü layiqincə demiş tankçılardır. Cəbhənin həm Talış-Suqovuşan, həm də Füzuli-Qubadlı istiqamətində döyüşmüş tankçılarımız yarış və bu müsabiqədə də yüksək nəticə əldə edirlər. Çünki onlar daim öz bilik və bacarıqlarını təkmilləşdirirlər.

Peşəkar tankçılar bölüyü

Baş leytenant Əfləddin Fərzəliyev bacarıqlı zabitlərdəndir. O, 2014-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyi bitirəndə tankçı olmaq istəyib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alanda tankçı ixtisasını seçib.
Neftçala rayonunun Ərəbqardaşbəyli kəndindən olan Əfləddinin məqsədi tabeliyində olan şəxsi heyətə tankçı peşəsinin sirlərini mükəmməl aşılamaqdır. 44 günlük Vətən müharibəsində zabit Ə.Fərzəliyevin komandiri olduğu tank bölməsi qarşıya qoyulan döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib. Əfləddin və komandiri olduğu tankçılar Cəbrayıldan Şuşaya qədər döyüşüblər.
"Ən yaxşı tank bölüyü" uğrunda keçirilən müsabiqəyə cəlb olunan tank heyətinin üzvləri ilə həmsöhbət oldum. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bəhlul Qafarov dedi ki, müddətli hərbi xidməti zamanı artilleriya bölməsində olub. Tərxis olunandan sonra qərara gəlib ki, yenidən ordu sıralarına qayıtsın. Bu məqsədlə də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün təşkil edilmiş kursda oxumaq qərarına gəlib.
- 2014-cü ildə "tankçı" ixtisası üzrə kursa yazıldım. Fiziki hazırlıqdan və nəzəri biliklərdən imtahan verdim. Lazımi bal toplayaraq kursa qəbul oldum. Təcrübəli zabitlər tədris prosesində ixtisasımızın bütün sirlərini bizlərə öyrətdilər. Onların və komandirlərimizin öyrətdikləri biliklərin, keçirilən təlim və məşqlərin nəticəsində Vətən müharibəsində qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldik, - əsgər B.Qafarov dedi.
Öyrənirəm ki, Quba rayonunun Ərməki kəndindən olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bəhlul Aydın oğlu Qafarov İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd istiqmətində gedən döyüşlərdə tankçı kimi döyüşüb. O, tuşlayıcı-operator kimi verilən hədəfləri dəqiq nişan alıb və məhv edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü",  "İgidliyə görə" və başqa medallarla təltif olunub.
Sürücü-mexanik müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Feyruz Dadaş oğlu İsmayılov da 2014-cü ildən xidmət edir. Masallı rayonunun Özdərli kəndindən olan bu döyüşçü də Qarabağ müharibəsinin fəal iştirakçısıdır. Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə "dəmir atı" ilə düşmənə qan uddurub. Onun bu xidmətləri də ölkə rəhbəri tərəfindən layiqincə qiymətləndirilib. "Cəsur döyüşçü", "Şücaətə görə" və başqa medallarla təltif olunub.

Qazi qardaşlar

Masallı rayonunun Xırmandallı kəndindən olan gizir Amid Telman oğlu Əliyevlə komandiri olduğu tankın yanında görüşdüm. Amid on ildən artıqdır ki, hərbi xidmətdədir. O, tankın bütün incəliklərini bu illər ərzində həm öyrənib, həm də silahdaşlarına bu sahədə bilmədiklərini öyrədib. Müharibə dövründə də döyüş əmrlərini vaxtında, dəqiq icra edib.
Ali Baş Komandan İlham Əliyev əks-hücum əməliyyatı əmri verən zaman ilk döyüşə atılan tankçılardan biri də gizir Amid Əliyev olub. O, Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə üzərinə düşən döyüş tapşırığını layiqincə icra edib. Ağır döyüşlərin birində Amid yaralanıb. Yarası sağalandan sonra yenidən xidmət yerinə qayıdıb.
Onun qardaşı Pərvin də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub. O da tankın tuşlayıcı-operatoru kimi döyüşüb. Pərvin  də ağır yaralanıb. Onun səhhəti yenidən ordu sıralarında xidməti davam etdirməyə imkan verməyib. Hazırda 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Dövlət başçısının müvafiq sərəncamları ilə qardaşlar müxtəlif medallarla təltif olunublar.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR