Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2022 17:10

“Amalımız bacarıqlı əsgər olmaqdır”

Bu gün ordumuzun bütün bölmələrində şəxsi heyətin döyüş hazırlığının artırılması və döyüş vərdişlərinin daha da təkmilləşdirilməsi daima diqqət mərkəzindədir. Əsgərlər günün nizam qaydalarına uyğun olaraq atəş hazırlığı, taktiki hazırlıq və digər fəaliyyətlərlə bağlı dərslər keçirlər. Hərbi xidmət keçən gənclər bu dərslərdə hərbi bilik və vərdişlərə yiyələnir, bacarıqlı, döyüş qabiliyyəti yüksək olan əsl Vətən müdafiəçisi kimi formalaşırlar. Öyrəndikləri nəzəri biliklər atış çalışmalarında, təlimlərdə daha da möhkəmləndirilir. Bir sözlə, döyüş hazırlığının artırılmasına istiqamətlənmiş bütün fəaliyyətlər yüksək səviyyədə təşkil olunur. İllik döyüş hazırlığı planına əsasən ordumuzun müxtəlif qoşun növlərində keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsini göstərmək olar.
"N" hərbi hissəsində döyüş hazırlığının artırılmasına yönəlmiş məşğələlərin yüksək səviyyədə təşkil olunmasının şahidi oldum. Keçirilən "atəş hazırlığı" dərsini izlədik.
Çavuş Zəfər Fərzəliyev əsgərlərə avtomatın sökülüb-yığılması, təyinatı, hissə və mexanizmləri haqqında praktik məşğələ keçirdi. Uzun müddət ordu sıralarında xidmət edən Zəfər mənimsədiyi bilikləri  gənclərə həvəslə öyrədir, verilən sualları səbirlə, ətraflı cavablandırırdı. Məşğələni təmkinlə izah etməsindən hiss olunurdu ki, o, seçdiyi peşənin sirlərinə dərindən yiyələnib və işinə ürəkdən bağlıdır. İkinci Qarabağ müharibəsinin iştirakçısı olan çavuş Zəfər Fərzəliyev döyüşlərdəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.
Dərsin mövzusundan danışan çavuş bildirdi ki, dərsdə əsgərlərə avtomatın təyinatı, hissələri, zərbə-tətik mexanizmi, sökülüb-yığılma qaydası və digər biliklər öyrədilir. Əsgərlər də dərsdə fəallıq göstərərək, avtomatı sərbəst şəkildə söküb-yığırlar. Hər bir əsgər həm nəzəri, həm də praktiki məşğələlərdə öyrədilən bilikləri yaxşı mənimsəməlidir ki, istənilən döyüş tapşırığını bacarıqla yerinə yetirə bilsin. Silahdan düzgün istifadə etmək və onun təyinatını bilmək döyüş hazırlığında vacib şərtlərdəndir. Ona görə də bütün bilik və təcrübəmizi səfərbər edirik ki, hərbi xidmətə gələn gənclər silahlarına yaxşı bələd olsun, ondan istifadə qaydalarını, düzgün nişan almağı və sərrast atəş açmağı bacarsınlar. Əsgərlərimizin də hərbi xidmətə olan sevgiləri, nizam-intizamlı olmaları, yüksək əhval-ruhiyyədə öyrənməyə can atmaları dərslərimizin səmərəli keçməsinə zəmin yaradır".
Məşğələnin sonunda əsgərlər də dərsin səmərəli keçdiyini bildirdilər. Mehraç Əliyev, Elvin Əlizadə, Cavid Məmmədov, Zamiq Məmmədov və başqaları dedilər ki, qürurluyuq və sevinirik ki, Azərbaycan Ordusunun əsgəriyik. "Keçirilən bütün məşğələlərdə fəal iştirak edir, döyüş qabiliyyətimizi hər an artırırıq. Öyrədilənlərə diqqətlə qulaq asır, verilən tapşırıqları həvəslə yerinə yetiririk. Artıq avtomatı sərbəst söküb-yığırıq, hissə və mexanizmlərini, onların iş prinsiplərini  yaxşı bilirik. Bununla yanaşı, düzgün nişan  almağı və atəş açmağı da bacarırıq. Ordumuzun hər bir əsgəri kimi bizim də tək amalımız - hərbi biliklərə və vərdişlərə dərindən yiyələnib, istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə hazır olmaqdır".

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"

foto  Coşqun CƏFƏROVUNDUR