Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2022 17:10

“Döyüş ruhu yüksək olan əsgər ən müasir silahdan belə güclüdür”

Payızın füsunkar gözəlliyi altında bölmələrdən birinin çöl dərsindəydik. Şəxsi heyətin atəş hazırlığı məşğələsində qarşıya qoyulan tapşırıqları yüksək əhval-ruhiyyə və dəqiqliklə yerinə yetirməsi bölmədəki yüksək döyüş ruhunun və qələbə ovqatının göstəricisi idi. Əvvəlcə zabit Fəzli Bağırov bizi atəş hazırlığı məşğələsinin əsas şərtləri və icra olunacaq fəaliyyətlərlə bağlı məlumatlandırdı.
"Atəş hazırlığı məşğələsi döyüş hazırlığının mühüm tərkib hissəsidir. Bu mövzunun metodikasına nəzər salsaq görərik ki, nəzəri bilik və bacarıqların praktiki uğurla icrası mütləq və zəruridir. Belə ki, atış tapşırıqlarının dəqiq yerinə yetirilməsi üçün şəxsi heyət mütləq qaydada silah və döyüş sursatını, onun imkanlarını və tətbiqi qaydalarını bilməlidir. Məşğələlər zamanı şəxsi heyətə düzgün nişanalma, atış qaydaları, normativlərin yerinə yetirilmə ardıcıllığı, çalışma şərtləri və ən əsası təhlükəsizlik qaydaları öyrədilir. Həmçinin şəxsi heyətə müşahidə edərək hədəfləri aşkar etmə, onlara qədər olan məsafəni müəyyənləşdirmə, həm fərdi, həm də bölmə tərkibində sərrast atış texnikası öyrədilir. Keçirilən dərslərdə hərbi qulluqçular, həmçinin əl qumbarasının həm yerindən, həm də hərəkətdən atılması üzrə bilik və bacarıqlarını təkmilləşdirirlər. Dərslər qabaqcadan təyin olunmuş qaydada gecə və gündüz, istənilən hava və relyefə uyğun aparılır. Ən böyük amalımız müqəddəs Vətən torpaqlarını qorumaq və bu vəzifənin öhdəsindən layiqincə gəlməyə malik əsgər formalaşdırmaqdır. Gördüyünüz kimi, əsgərlərin hər biri məşqlərdə fəal iştirak edir, verilən tapşırıqları həvəslə yerinə yetirir. Əldə olunan uğurlu nəticəni görmək hər bir komandir üçün əhəmiyyətlidir. Çünki çəkilən zəhmətin bəhrəsini görmək, həyatda ən böyük uğurlardan biridir”.
Əsgər Eşqin Hüseynov bildirdi ki, müharibənin və döyüşlərin nə olduğunu az-çox təlimlərdə dərk edirsən. "Çünki, təlim meydançasını döyüş meydanı, hədəfləri düşmən bilərək tapşırıqları icra edirik. Hərbi xidmətə gəldiyimiz gündən təcrübəli komandirlərimiz sayəsində hərbi biliklərə və döyüş vərdişlərinə yiyələnmişik. Baxmayaraq ki, hərbi xidmətə çağırılmamışdan əvvəl silahlar haqqında yalnız ilkin təsəvvürlərimiz var idi, bu gün silahın taktiki-texniki xüsusiyyətlərini, sökülüb-yığılmasını və təmizlənməsini öyrənmişik. Dərslərdə və məşğələlərdə göstərdiyimiz nəticə bizə bunu deməyə əsas verir. Məşğələlərdə iştirak edərək təcrübələrimizi daha da artırırıq. Nəzəri biliklərimizi əyani surətdə tətbiq edərək vərdişləri daha dərindən mənimsəyirik".
Növbəti müsahibim Şamil Abdurrahmanov qeyd etdi ki, layiqli Vətən müdafiəçisi olmağın başlıca şərti üzərinə düşən tapşırığı layiqincə yerinə yetirməyi bacarmaqdır. "Bizlər bu günün Vətən müdafiəçiləriyik. Komandirlərimiz döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlığın vacibliyini vurğulayırlar. Komandirlərimiz, - döyüş ruhu, Vətən sevgisi yüksək olan əsgər ən müasir silahdan belə güclüdür, - deyirlər. Döyüş hazırlığımızın və döyüş ruhumuzun yüksəldilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir. İxtisas, atəş, mənəvi-psixoloji, fiziki hazırlıq məşğələlərində iştirak edir, təcrübəli döyüşçü kimi formalaşmağımız üçün öz bilik və bacarıqlarımızı artırırıq. İlk dəfə əlimə silah aldığım gün ömrümün sonuna qədər xatirimdə ən xoş təəsüratlardan biri kimi qalacaq. Həyəcanlanmışdım, lakin zaman keçdikcə mənə təhkim olunmuş silahın taktiki-texniki göstəricilərini, düzgün istifadə qaydalarını və sökülüb-yığılmasını öyrəndikdən sonra onu özümə dost bildim. Keçirilən dərslərdə, təşkil olunan çöl məşqlərində silahla və əsgər yoldaşlarımızla verilən tapşırıqları məsuliyyətlə icra etdiyimiz kimi, Vətənimizi də layiqincə qoruyacağıq".
- Keçirilən nəzəri bilikləri dərindən mənimsəyib, praktikada uğurla tətbiq etmək çox vacibdir, - deyə əsgər Ruslan Allahverdiyev söhbətə başladı. "Çünki komandirlərimizin də qeyd etdiyi kimi, silahdan düzgün istifadə etmə və yaranmış problemi vaxtında aradan qaldırma bacarığını dərindən mənimsəmək üçün keçirilən dərsləri lazımi səviyyədə öyrənmək zəruridir. Bunları bilməyən heyət atışa buraxılmır. Atışa başlamamışdan əvvəl sursat paylama məntəqəsinə yaxınlaşıb, daraqları doldurur, növbəti komandanı gözləyirik. Daha sonra atış sahəsinə yaxınlaşaraq, rəhbərlərin komandası ilə hərəkətə başlayırıq. Hədəflər müxtəlif vəziyyətlərdə (ayaqüstə, dizüstü, uzanaraq) məhv edildikdən sonra tapşırıqların yerinə yetirilməsinin qiymətləndirilməsi aparılır”.
Zabit Fəzli Bağırov əsgərlərin bütün hədəfləri dəqiqliklə məhv etdiyini bildirdi. Dərsdə fərqlənən əsgərlər bildirdilər ki, hər birimiz üzərimizə düşən məsuliyyəti dərk edirik. “Ordumuzun qüdrətinin yüksəldilməsi, döyüşaparma və özünümüdafiə qabiliyyətinin artırılması üçün biz də öz növbəmizdə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməliyik. Hədəfi dəqiqliklə məhv etmək üçün silahı bilmək, onun incəliklərini öyrənmək lazımdır. Belə olan təqdirdə heç bir güllə hədəfdən yan keçmir. Hamımız verilən tapşırığı dəqiqliklə yerinə yetirmək üçün çalışır, təcrübəli komandirlərimizin bizə öyrətdiyi bilik və bacarıqları dərindən mənimsəyirik. Bu günün Vətən müdafiəçiləri olaraq hər birimiz müqəddəs amal uğrunda birləşmişik”.
Bölmənin fəaliyyəti ilə yaxından tanış olduq. Dərs prosesində aşılanan bilik və bacarığın praktiki icrası zamanı uğurla tətbiqi yüksək döyüş əhval-ruhiyyəsinin göstəricisi oldu. Göstərilən nəticələr və hərbi qulluqçuların fikirləri bir daha onu təsdiq etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da ona olan etimadı layiqincə qorumağa və üzərinə düşən vəzifəni nəyin bahasına olursa-olsun, yüksək səviyyədə yerinə yetirməyə hazırdır.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"

foto Coşqun CƏFƏROVUNDUR