Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2022 13:10

Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir

Təsdiq olunan günün nizam qaydasına uyğun olaraq "N" hərbi hissəsində əsgərlərlə ictimai-siyasi hazırlıq dərsi keçirilirdi. Biz də fürsətdən istifadə edib dərsin gedişatını izlədik. İlkin olaraq burada diqqətimizi çəkən şəxsi heyət üçün nəzərdə tutulmuş ideoloji otağın müvafiq standartlara uyğun formalaşdırılması oldu. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Ali Baş Komandan İlham Əliyevin,  müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi heyətlə görüşünü əks etdirən şəkillər, dövlət atributlarımızı, tarixi qəhrəmanlarımızı, qan yaddaşımızı və Vətən müharibəsini əks etdirən stendlər hər birimizdə xoş təəssürat yaratdı.
Proqrama uyğun olaraq əsgərlər üçün nəzərdə tutulan mövzu "Ümummilli Lider Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" idi. Qrup rəhbəri kiçik leytenant Eşqin İbrahimov bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. "Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları deyil, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Ulu Öndər Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan dövlətidir. Bu dövlətin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir".
- Sovet dövründə respublika rəhbəri işləyərkən Heydər Əliyevin mənəviyyat, təhsil, mədəniyyət, əxlaq, milli adət-ənənələrin qorunması və inkişafı sahəsində gördüyü işlər müstəqil dövlətimizin yaradılması ilə nəticələndi, - deyə zabit sözlərinə davam etdi. - Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır. Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb etdi. Bu gün ölkəmiz Ümummilli Liderin ideyaları əsasında inkişaf edir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ölkəmizdə inkişafın, sabitliyin və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Dərs prosesi bitdikdən sonra əsgərlərin fikirlərini öyrəndim. Hacıqabul rayonundan hərbi xidmətə çağırılan əsgər Cavidan Rəcəbli dedi ki, komandirlərimizin rəhbərliyi altında keçirilən ictimai-siyasi hazırlıq dərsinin köməkliyi ilə biz Vətənimizi, hərb tariximizi, qəhrəman, sərkərdə və dahi şəxsiyyətlərimizin həyat və döyüş yollarını daha dərindən öyrənirik. Bilmədiklərimizi isə komandirlərimizdən soruşuruq. Bugünkü mövzudan danışan Cavidan bildirdi ki, azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.
Digər həmsöhbətim Şəki rayonunda dünyaya göz açıb. Öyrənirəm ki, orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılan əsgər Rəşad Məcidov ictimai-siyasi hazırlıq dərsində həvəslə iştirak edir. Keçirilən bütün mövzuları dərindən mənimsəyir.
Rəşad söhbətimiz zamanı bildirdi ki, keçirilən bütün dərs və məşğələlər sayəsində əsl Azərbaycan əsgərinin adına layiq formalaşan cəsur oğullarımız qarşılarına qoyulan bütün tapşırıqların öhdəsindən asanlıqla gəlməyə qadirdirlər. “44 günlük Vətən müharibəsi bunun əyani sübutudur”.
Əsgərlər Rəşad Məsmalıyev, Zahir Zərbəliyev, Azər Əliyev, Rəhim Quliyev, Fərid Həsənov, Fərid Nurəliyev və digərləri Vətən qarşısında övladlıq borclarını yerinə yetirməklərindən, zəfərimizlə nəticələnən Vətən müharibəsindən, xidmətlərindən və ictimai-siyasi hazırlıq dərsinin mahiyyətindən söhbət etdilər. Bildirdilər ki, mənəvi-psixoloji hazırlığı yüksək olan əsgərlər daim qələbələr qazanacaqlar.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"