Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2022 13:10

İkinci Qarabağ müharibəsi: qürur tariximiz

İşğaldan azad edilmiş torpaqlarımızda 2022-ci ilin sentyabr döyüşlərindən danışmışıq. Zabitlər də, əsgərlər də bu döyüşləri Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərin davamı bilir. Onların söhbətləri mənə bir gerçəkliyi yaşatdı: bu döyüşlərin iştirakçıları 2020-ci ilin noyabrında Zəfər qazananların davamçılarıdır...
İkinci Qarabağ müharibəsinin başlamasının ikinci ildönümündə Azərbaycan əsgərinin dediklərini ucalıqda dalğalanan bayrağımızın əhatəsində dinləmişəm. Gözəl mükalimələşmə idi. Əsgərlər Vətəndən, torpaqdan, döyüşlərdən, qəhrəmanlardan, qəhrəmanlıqlardan sevgilərlə danışırlar...
Kapitan İbad Əsədov:
- İkinci Qarabağ müharibəsi tariximizdə işğalı sonlandırdığına görə, azərbaycanlı gənclərin vətənpərvərliyini, ordu ilə xalqın birliyini yüksəltdiyinə görə, hərbi qüdrəti dünya dövlətlərinin diqqətini çəkdiyinə görə yaşadılacaq...
Gizir Elvin Məmmədov:
- Bəli, kapitan İbad Əsədovun dediyi kimi, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərlə torpaqlarımız işğaldan azad edildi. Bu tarix gələcək nəsillərə örnək tarixdi. Mən də, döyüşçü yoldaşlarım da ordumuzun gücü, qüdrəti ilə qürurlanırıq. Bu güc, bu qüdrət Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının hansı səviyyədə olduğunu göstərir.
Baş leytenant Nicat Həsənov:
- Mən də Azərbaycan Ordusunun zabiti olmağımla, bu şanlı tarixin hansısa səhifəsində iştirakımla qürurlanıram. Çünki bu tarixin memarı bizlərik.
İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Bu qürur da tarix kimi yaşadılacaq. O günlərdə bu qüruru bizimlə birgə yaşayanlar indi əsgərdilər. Çiyin-çiyinə bizimlə xidmətdədilər.
Əsgər Elvin İbrahimov:
- Baş leytenantın dediyi kimi, o qüruru yaşayanlardan biri də mənəm. İkinci Qarabağ müharibəsi başlayanda doqquzuncu sinifdə oxuyurdum. Qonşumuzun oğlu hərbi xidmətdəydi. Onun anasının, kiçik qardaşının həyəcanlarını mən də hiss edirdim. Atası səbirlə deyirdi ki, oğula görə həyəcan keçirərlər, ancaq Vətənə görə narahat olarlar. Narahat olsaq da, inanırıq ki, əsgərlərimiz qələbə qazanacaqlar. Belə də oldu. Qonşumuz tərxis edildikdən sonra onun döyüş təəssüratlarını tarix dərsi kimi dinləyirdim...
Gizir Elvin Məmmədov:
- Elvinin timsalında bütün əsgərlərə döyüş təəssüratlarımızı, ermənilərin illərlə qurub yaratdığı istehkam sədlərinin necə dağıdıldığını danışıram. Bildirirəm ki, Ermənistan işğal müddətində güclü sədlər yaratmışdı, möhkəmləndirmişdi, təkmilləşdirmişdi. Azərbaycan Ordusu düşmənin bu sədlərini - "Ohanyan səddi"ni darmadağın etdi. Ordu hissələrimiz döyüşə-döyüşə mühüm qələbələr qazanırdı. Düşmən  geri çəkilirdi.
Əsgər Nicat Quliyev:
- Komandirlərimizin söhbətləri, döyüş xatirələri hər birimizə örnəkdir. Çünki onların qəhrəmanlıqlarını dinləyə-dinləyə mətinləşmişik. Haradan oxuduğumu unutmuşam. "Ermənilər danışıqlardan yayınır, Ali Baş Komandanımız döyüş əmri verəcək. Kaş o əmr mən tərxis edilənə kimi veriləydi. Birinci Qarabağ müharibəsində iştirak etməyə yaşım çatmadı, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmaq istəyirəm". Belə düşünənlər çox olub. Biz belə düşüncələri yaddaşımıza köçürə-köçürə əsgərləşmişik. 2020-ci il sentyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Səbail rayon şöbəsinə müraciət edənləri də görürdük. Onda mən də müraciət edənlərin sırasındaydım. Məni də aparmadılar. O sentyabrda döyüşə bilməsəm də, bu sentyabrda döyüşdüm. Taleyimdən razıyam ki, mən də qalib əsgərlərin sırasındayam.
Gizir Elvin Məmmədov:
- Nicat, Elvin, Ülvi və başqaları kimi ürəyi Vətən sevgisi ilə döyünən əsgərə qarşı erməni hansı qüvvə ilə mübarizə aparacaq axı. Ermənistan başa çatan müharibədə məğlub dövlət kimi davranmır. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənəd Ermənistanın məğlubiyyət sənədi oldu. Ancaq Ermənistan bu sənədin şərtlərinə əməl etmirdi, razılaşmaya məhəl qoymurdu, müxtəlif miqyaslı təxribatlar törədirdi. Belə təxribatlar bəzən həmlə, bəzən hücum kimi aparılırdı. Azərbaycan Ordusu bu əməliyyatların qarşısını qətiyyətlə alırdı. Bu il sentyabrın 12-də də belə təxribat törətmək istədi. Təxribatın qarşısı alındı. Döyüşlərdə ordumuz mühüm qələbələr qazandı. İkinci Qarabağ müharibəsinin başlanmasının ikinci ildönümü ərəfəsində başlayan bu döyüşlər də Zəfər ovqatı ilə davam etdi...
Əsgər Ülvi Əşrəfli:
- Ermənistan regionda danışıqlardan yayınırdı. İkinci Qarabağ müharibəsinə kimi mən də Ali Baş Komandanın döyüş əmrini gözləmişəm. Bu əmr torpaqlarımızı işğaldan qurtaracaqdı, qələbə qazanacaqdıq, işğalı sonlandıracaqdıq. Sentyabrın 27-də Ermənistan silahlı birləşmələri hücum etdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını aldı. Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, İkinci Qarabağ müharibəsi idi, Azərbaycanın ədalətli müharibəsi idi.
Əsgər Nicat Quliyev:
- Bəli, Ülvinin dediyi kimi, bu müharibə Azərbaycanın ədalətli müharibəsi olmaqla yanaşı, xalqın müharibəsi idi, yəni, hamı müharibə ovqatı ilə yaşayırdı. Ordu xalqın inamını görürdü, hiss edirdi. Xatırlayıram ki, döyüşən ordunun heç nəyə ehtiyacı olmasa da, analar döyüş bölgəsinə müxtəlif yeməklər bişirib göndərirdilər. Əsgər anaları döyüşən orduya göndərdiyi yun köynəyi, corabı geyəcək hər əsgəri öz oğlu bilirdi.
Əsgər Elvin İbrahimov:
- Biz hərbi xidmətə İkinci Qarabağ müharibəsindən sonra gəlmişik. Məktəbdə müəllimlərimizdən, ailədə ata-anamızdan eşitdiklərimizi komandirlərimizin dedikləri tamamladı. Biz hərbi xidmətdə həm də İkinci Qarabağ müharibəsinin tarixini öyrənə-öyrənə mətinləşirik. Əsgərlərimiz sentyabr döyüşlərində də İkinci Qarabağ müharibəsinin ovqatı ilə döyüşdülər. Qələbə qazandılar. 2020-ci ilin noyabrında qazanılan Zəfər də, bu ilin sentyabrında qazanılan qələbə də təsdiqlədi ki, Azərbaycan Ordusu güclüdür, qüdrətlidir.
Neçə on illər keçəcək, İkinci Qarabağ müharibəsi, qazanılan Zəfər yaddaşlarda da yaşadılacaq, tarixdə də. Əsgərlər işğaldan azad edilmiş ərazilərdə bu müharibədən qürurla danışırlar. Tərxis edildikdən sonra bu müharibədən də danışacaqlar, işğaldan azad edilmiş ərazilərdə xidmətdən də. Bu söhbətlər çağırışçıların dünyaduyumunu da formalaşdıracaq, onların vətənpərvərlik duyğularını da mətinləşdirəcək...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"