Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2022 13:10

Qəhrəmanlar unudulmur...

İkinci Qarabağ müharibəsində iştirak edən zabit və əsgərlərimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərdilər. Göstərilən bu qəhrəmanlıqlar xalqımıza qələbə sevinci yaşatdı.
Mayor Emin Süleymanov İkinci Qarabağ müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. Artilleriyaçı kimi üzərinə düşən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlib. 27 sentyabr 2020-ci ildə başlanan döyüş yolu 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində tamamlanıb. Ertəsi gün İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirib. Zabit torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Son nəfəsində də "Vətən" deyib...
İkinci Qarabağ müharibəsində vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirdiyinə görə mayor Emin Bəhmən oğlu Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunun Xubyarlı kəndində dünyaya göz açmışdı. 1993-cü il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdu.  
1995-1999-cu illərdə ali hərbi təhsilini artilleriya ixtisası üzrə alan Emin leytenant rütbəsi ilə hərbi hissələrdən birinə taqım komandiri təyin edildi. Xidmətə böyük həvəslə başlayan gənc zabit hərbi məktəblərdə öyrəndiyi bilikləri böyük həvəslə ordu sıralarında əsgərlərə öyrədirdi.
Sonrakı illərdə Emin Süleymanov ayrı-ayrı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etdi. Həmişə də üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldi. Vətən müharibəsində mayor Emin Süleymanovun döyüş yolu Murovdağdan başladı. Bir müddət bu istiqamətdə vuruşduqdan sonra onların bölmələrini Füzuli rayonuna göndərdilər. Emin bu istiqamətdə vuruşa-vuruşa Cəbrayıldan, Zəngilandan, Qubadlıdan və Laçından keçərək Şuşanın ətrafınacan gedib çıxdı. Son döyüşü də elə burada oldu.
Həyat yoldaşı Məhsəti Süleymanova Eminli günlərindən və onun son zəngindən söz açaraq dedi:
- İki övladımız var. Emin çox vətənpərvər bir zabit idi. Söhbətinin əvvəli də, sonu da Vətən idi. Ən böyük arzusu işğalda qalmış torpaqlarımızın azad olunmasıydı. İkinci Qarabağ müharibəsində döyüşlərə yola düşəndən sonra tez-tez zəng vurub uşaqlardan hal-əhval tutur, uğurlu döyüşlərindən danışırdı. Son zəngi noyabrın 7-də oldu. Dedi ki, artıq Şuşaya yaxınlaşırıq. Bu gün-sabah Şuşanı da işğaldan azad edəcəyik. Bu, onun son zəngi oldu. Emin noyabrın 9-da şəhid oldu. Onu İmişli rayonunun Xubyarlı kəndində torpağa tapşırdıq. Həyat yoldaşımın qəhrəmanlığı, igidliyi ilə həmişə fəxr edəcəyəm. Övladlarımı onun adına layiq böyütməyə çalışacağam.
Mayor Emin Süleymanov ömrünün 43-cü ilini yaşayırdı. Ondan geriyə qalanlar isə yaşadığı şərəf dolu illər və İkinci Qarabağ müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlar oldu.
Qəhrəmanlar heç vaxt unudulmur...

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"