Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2022 13:10

“Bu torpağın yolunda Torpağa dönmək gərək!!!”

Vətən sevgisi, vətənpərvərlik, şəhidlik... Bunlar dərin məna, müqəddəslik, əbədilik kəsb edən və bir-biri ilə qırılmaz tellərlə bağlı olan  ifadələrdir. Bu sözlərin əxz etdiyi ülvi hissləri tarix boyu həmişə uca tutmuşuq. Bu mənəviyyatla tərbiyə olunan igidliyi, mərdliyi ruhlarına hopduran oğullarımız qəhrəmanlıq salnamələri yazaraq, müstəqilliyimizi, ərazi bütövlüyümüzü təmin edib, xalqımıza qələbə sevincləri yaşadıblar. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Şəhadətləri ilə ölümsüzlük qazanıblar. Qəhrəmanlıq tariximizə adlarını əbədi olaraq həkk ediblər. Onlar ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən güc alaraq Vətən yolunda şücaət göstərib, qəhrəmancasına şəhid olublar. Bütün zirvələrdən uca olan şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Bu ucalığa yüksələnlərin  ömür yolu qısa olsa da, şərəflidir, örnəkdir və onlar heç zaman ölmürlər.
Vətən yolunda ölümün gözünə dik baxan oğullardan biri də Xəyal Əliyulla oğlu Həsənovdur. İkinci Qarabağ müharibəsində şəhid olan əsgər Xəyal Həsənov 30 noyabr 1998-ci ildə Şabran rayonunun Surra kəndində anadan olub. Orta təhsilini əvvəlcə Surra kənd orta məktəbində, daha sonra Məmmədağa Nəzərov adına Şabran şəhər 4 nömrəli orta məktəbində alıb. Məzun olduqdan sonra Azərbaycan Mühəndislik və İnşaat Universitetinin İnşaat Kollecinə daxil olub. Kolleci müvəffəqiyyətlə bitirdikdən sonra Vətənə övladlıq borcunu yerinə yetirmək üçün ordu sıralarına yollanıb. "N" hərbi hissəsində həqiqi hərbi xidmətə başlayan şəhidimiz daha sonra xidmətini Xüsusi Təyinatlı Qüvvələrin sıralarında davam etdirib.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Qarşısına qoyulan döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələn Xəyal mənfur ermənilərin illər boyu qurduğu və heç bir ordunun yara bilməyəcəyini iddia etdiyi “Ohanyan səddi”nin yarılmasında  igidliklə döyüşüb. Daha sonra Xəyal xidmət etdiyi bölmə ilə Füzuli-Cəbrayıl istiqamətində irəliləyib. Cəbrayılı azad etmək üçün şiddətli döyüşlərə başlayıblar. Qorxmaz, igid, mübariz ərlərimizin qarşısında tab gətirməyən düşmən qaçmağa məcbur olub. Təəssüf ki, bu döyüş Xəyalın son döyüşü olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra Həsənov Xəyal Əliyulla oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Rəşadət" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. 22 illik qısa ömür yoluna şərəfli bir tarix yazan Xəyal Həsənov böyüyüb boya-başa çatdığı Şabran rayonunun Surra kəndində torpağa tapşırılıb.
Noyabrın 30-da gənc qəhrəmanımızın doğum günü münasibətilə anım mərasimi keçirildi. Mərasimə toplaşan döyüş yoldaşları, ailə üzvləri, yaxınları, təhsil aldığı orta məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, rayon ictimaiyyəti və digər qonaqlar onun məzarını ziyarət etdilər. Ehtiram məqsədilə tər güllər və çələnglər qoydular. Şəhidin ruhuna dualar oxunduqdan sonra evlərinin qarşısında anım mərasimi keçirildi. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Şəhidin valideynləri Əliyulla və Zərnişan Həsənovlar çıxış edərək anım mərasiminə gələn qonaqları salamladılar. Kövrək hisslərin ağuşunda çıxış edən valideynlər məğrurluqla və qürurla Xəyalın uşaqlığından, məktəb illərindən danışdılar. Onun qoçaqlığından, Vətən sevgisindən ağızdolusu söz açdılar. Rəşadətli ordumuzun şanlı qələbəsindən, işğaldan azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının dalğalanmasından təsəlli tapdıqlarını diqqətə çatdırdılar. "Vətən bizə əcdadlarımızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər birimizin borcudur. Vətəni qorumaq üçün onu sevmək lazımdır. Xəyal və onun kimi minlərlə şəhidimiz bir daha sübut etdilər ki, Azərbaycan oğulları vətənpərvərdir, milli-mənəvi dəyərlərimizə sadiqdir, Vətəni dərin məhəbbətlə sevir və Vətən uğrunda canlarından keçməyi bacarırlar. Belə mərd oğullarımız qələbə tarixini öz qanları ilə yazdılar. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, gələcək nəsillərə örnək ömür yadigar qoydular", - deyən valideynlər şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Şəhidin döyüş yoldaşları çıxış edərək Xəyalla bağlı xatirələrindən danışdılar. Onun döyüşlərdə göstərdiyi şücaətdən, yaralı silahdaşlarına necə kömək etməsindən, qorxmazlığından söz açdılar. Xəyalın həm də sanitar vəzifələrini icra etdiyini bildirdilər. Deməli, Xəyal həm döyüşürdü, həm də yaralanan silahdaşlarına şəfa olurdu. Göstərdiyi ilkin yardımlarla neçə-neçə silahdaşının xəyallarının yaşamağına səbəbkar olan Xəyalın özü, xəyallarda qaldı. Silahdaşlarının, xalqımızın qəhrəman Xəyalı oldu.
Çıxış edən digər qonaqlar Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolunun gənclərimizə örnək olduğunu vurğuladılar. Bildirdilər ki, Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın, onları yaşatmaq, tanıtmaq hamımızın vətəndaşlıq borcudur.
Sonra Xəyalın oxuduğu Surra kənd orta məktəbinin şagirdləri onun əziz xatirəsinə həsr etdikləri şeirlərini səsləndirdilər. Şagirdlərin çıxışlarından sonra tədbir iştirakçıları şəhidimizin yaşadığı evin bir otağında çoxlu sənədlər, məktublar, şəkillər, xatirə əşyalarının toplandığı guşəyə baxdılar. Cəmi 22 illik bir ömrün müxtəlif anlarını əks etdirən guşəni maraqla izlədilər, çox qısa, lakin mənalı bir ömrün səhifələrini, igidin keçdiyi şərəfli döyüş yolunu bir-bir vərəqlədilər.
...Vətənpərvərlik mövzusu yaradıcılığının ana xətti olan xalq şairimiz Bəxtiyar Vahabzadənin söz silahından çıxan bu mərmiləri xatırlayıram:

Vətənin arxasında,

Biz həmişə dağ olduq.

Vətən bizimçün deyil,

Biz Vətənçün doğulduq.

Vətən adlı ocağa

Hər gün isinmək gərək.

Bu torpağın yolunda

Torpağa dönmək gərək!!!

Anım mərasiminə toplaşan hər kəs bir inama köklənir - Xəyal kimi minlərlə qəhrəmanı torpağa dönən, arxasında minlərlə dağ olan Vətənimiz daim var olacaq.  

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"

fotolar Coşqun CƏFƏROVUNDUR