Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2022 13:10

“Ordu xalqın inam yeri, xalq ordunun ilham mənbəyidir”

Müasir dövrdə aparılan döyüşlər zamanı modern və innovativ silah və texnikaların tətbiqi danılmaz faktdır. Son illərin statistikasına nəzər salsaq görərik ki, dünyada baş vermiş döyüşlərdə qələbəni sürətləndirən və şərtləndirən əsas amillər müasir silah və texnikanın uğurlu tətbiqi ilə yanaşı, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığıdır. Azərbaycan Ordusunun arsenalına da yeni dövrün tələblərinə uyğun silahların daxil edilməsi prosesi davamlı və sistematik şəkildə həyata keçirilir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, müasir standartlara cavab verən döyüş vasitələrinin alınması Azərbaycan Ordusunun müdafiə qüdrətinin artmasına və dünyanın güclü orduları sırasında yer tutmasına mühüm təsir göstərir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da qeyd etdiyi kimi, "Ən müasir silah və texnikanı da əsgər idarə edir" fikrinə əsaslanaraq deyə bilərik ki, müasir standartlara cavab verən silah-texnikanın istismarı üçün şəxsi heyət hazırlıqlı olmalıdır. Mütəmadi olaraq həyata keçirilən təlimlər şəxsi heyətin təcrübəsinin artırılmasına yönələn prosesdir. Təcrübə isə hər işin vacib şərtidir. Keçirilən müxtəlif miqyaslı təlimlərdə iştirak edən hərbçilərimiz qazandığı bilikləri uğurla tətbiq edir və ordumuzun qüdrətinin artmasına öz töhfələrini verirlər. Məlumdur ki, bu gün Azərbaycan Ordusunda kifayət qədər bacarıqlı hərbi qulluqçular xidmət edirlər. Savadlı zabitlərin səyi ilə əsgərlər öz bilik və bacarıqlarını artırır, üzərlərinə düşən ümdə vəzifəni layiqincə yerinə yetirirlər. Sadalanan məsələlərin hər birinin başında orduya diqqət və əsgərə etimad dayanır.
"N" hərbi hissəsinin şəxsi heyəti məşğələ rəhbərinin iştirakı ilə keçirilən çöl dərsində iştirak edirdi. Bölmənin hərbi qulluqçularının verilən tapşırıqları operativ və dəqiqliklə yerinə yetirməsi yüksək döyüş hazırlığının göstəricisi idi. Məşğələdən sonra kapitan Elnur Əsədullazadə ilə həmsöhbət oldum. O, 2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsilini başa vurduqdan sonra "leytenant" rütbəsi ilə xidmətə başlayıb. Zabit söhbət zamanı bildirdi ki, hər kəs üzərinə düşən vəzifəsinin və ixtisasının incəliklərinə dərindən yiyələnsə, yaxşı nəticə əldə edərək uğur qazanacaq. "Bölmənin şəxsi heyəti ona təhkim olunan silah haqqında həm nəzəri, həm də praktiki vərdişlərə malikdir. Hərbi təhsil aldığım müddətdə təcrübəli müəllimlər tərəfindən tədris edilən ixtisas biliklərini indi tabeliyimdəki şəxsi heyətə aşılayıram. Onların peşəkar döyüşçü kimi formalaşması üçün komandir heyəti olaraq üzərimizə vacib iş düşür.  Hər kəs öz vəzifəsinin incəliklərini və üzərinə düşən məsuliyyəti dərindən anlayır.
Hal-hazırda bölməmizin şəxsi heyətinə ona təhkim olunmuş "Sand Cat" zirehli texnikanın üzərinə quraşdırılmış tank əleyhinə idarəolunan raket (TƏİR) qurğusunun istifadəsi ilə bağlı nəzəri və praktiki məşğələ keçirik. Dövrümüzün və perspektivin tələblərinə əsasən tanklar, PDM və digər zirehli texnika, həmçinin mühəndis qurğuları, aşağı hündürlükdə uçan hava hədəfləri, həmçinin müxtəlif relyefdə və günün müxtəlif vaxtlarında düşmənin canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Raket havada olarkən onun tuşlandığı hədəfi dəyişmək mümkündür. Tank əleyhinə idarəolunan raket qurğusu artilleriya və motoatıcı bölmələrlə yanaşı, mobil versiyada "Sand Cat" zirehli döyüş maşınının üzərinə quraşdırıla bilir. Bu texnika həm təlimlərdə, həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində özünü yaxşı mənada təsdiq edib.
2016-cı il Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişəm. Müharibə tək insanın fərqlənəcəyi bir mühit deyil. Bizlər bu müharibədə dəmir yumruqtək vahid amal uğrunda birləşdik. Düşmənin darmadağın edilməsi və tarixi torpaqlarımızın işğaldan azad olunması üçün misilsiz rəşadət göstərən Azərbaycan əsgəri qəhrəmanlıq salnaməsini birlikdə xalqla vəhdətdə yazdı”.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Sahib Məmmədov bildirdi ki, hərbi xidmətdə əldə edilən uğurun arxasında peşəkarlıq və ciddi hərbi hazırlıq dayanır. “Dərslərdə və məşğələlərdə qazanılan biliklər təlim və məşqlərdə sınaqdan keçirilir. Şəxsi heyət təhkim olunan silah və texnikanın taktiki-texniki xüsusiyyətlərini daha da dərindən mənimsəyir, istifadə qaydasını təkmilləşdirir. Bölmənin təlimlərdə yüksək nəticə göstərməsinin başlıca səbəblərindən biri mütəmadi keçirilən məşğələlərdir. Bu da döyüş hazırlığının ciddi nəzarətdə saxlanıldığının göstəricisidir".
Müsahibimlə söhbət əsnasında öyrəndim ki, o da İkinci Qarabağ müharibəsi iştirakçısıdır və döyüşdə xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Azər Məmmədov bildirdi ki, peşəkar döyüşçü olmanın əsası mütəmadi hərbi hazırlıq, yüksək döyüş ruhu və qələbə əzmindən başlayır. “Qazandığı Böyük Qələbə ilə ordumuz dünya tarixinə silinməz bir iz qoydu. Bu zəfər Azərbaycan Ordusunun peşəkarlığını, Azərbaycan əsgərinin Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Gərgin əməyin, təcrübəli komandirlərin tədris etdiyi dərslərin, keçirilən təlimlərdə tökülən tərin nəticəsi oldu bu Zəfər. Vətən müharibəsində əldə olunan qələbəyə baxmayaraq təşkil olunan müxtəlif miqyaslı təlimlərdə qazandığımız bilikləri praktiki olaraq sınaqdan keçirir, komandirlərimizin bizə olan etimadını layiqincə doğrulduruq. Qarşıya qoyulan normativləri dəqiq, vaxtında və qüsursuz yerinə yetiririk. Peşəkar komandirlərin rəhbərliyi altında keçirilən dərslər, məşğələlər sayəsində şəxsi heyətin hərbi bilikləri artır. Bu da öz növbəsində verilən tapşırığın icrasında operativliyi təmin edir".
Azər də 44 günlük haqq savaşının iştirakçısıdır və xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Zabit Elnur Əsədullazadə bizi əkiz qardaşlar - əsgərlər Sənan və Kənan Babayevlə tanış etdi. Vətənə vətəndaşlıq borcunu ödəyən əkiz qardaşlar bildirdilər ki, Vətən sevgisi ailədə, cəmiyyətdə aşılanır. "Aşılanan bu sevgi Vətən keşiyində məğrur durmağa sövq edir. Ata-babalarımızın bizə qanı və canı bahasına yadigar qoyduğu, əmanət etdiyi bu torpaqları qorumaq dünən atalarımızın borcu idisə, bu gün bizim, sabah övladlarımızın borcudur", - Sənan söhbətə başladı. "Torpağı vətənləşdirən, Vətəni bütövləşdirən üzərindəki qandır. Üzərində gəzdiyimiz yerlərin hər qarışı uğrunda qanlar axıdılıb, canlar fəda edilib. Bu gün komandirlərimizin bizə öyrətdiyi hərbi bilikləri dərindən mənimsəyirik ki, layiqli Vətən müdafiəçisi olaq və nümunəvi xidmətimizlə doğmalarımıza hər zaman başucalığı gətirək. Komandirlərimiz 44 günlük haqq savaşında iştirak ediblər və döyüşdə qazandıqları təcrübəni bizimlə bölüşürlər. Hər birimizin qürur tarixi olan 44 günlük Vətən müharibəsi zamanı şəhid, qazi və döyüşlərin iştirakçısı olan qardaşlarımıza demək istəyirik ki, Vətən keşiyində məğrur dayanmışıq".
Söhbətimi əsgər Kənan Babayevlə davam etdirdim. Gənc Vətən müdafiəçisi qeyd etdi ki, ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərimizin ömür yolu gənclərimiz üçün örnəkdir, qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir. "Bunun üçün də hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan vacib nəticələr çıxarmalıdır. Çünki torpaqlarımızın müdafiəsi, Vətənimizin qorunması yolunda canını və qanını əsirgəməyərək, qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
44 günlük haqq savaşımız zamanı illərdir davam edən erməni təcavüzünə və terrorizminə qarşı layiqli cavab verildi, xalqımız bu yolda səfərbər oldu, qəhrəman oğullarımız Vətən, millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Hər bir azərbaycanlı müqəddəs amal uğrunda, ədalətin bərpası uğrunda yumruqtək Ali Baş Komandanın ətrafında sıx birləşdi. Hər kəs bu döyüşdə qazanılan qələbəyə töhfə vermək, Azərbaycan Ordusuna dəstək nümayiş etdirmək üçün əlindən gələni etməyə çalışırdı. Və hər günü bir ömrə bərabər olan İkinci Qarabağ müharibəsi ilə rəşadətli ordumuz döyüş meydanında düşməni darmadağın etdi, qələbə qazandı. Bu gün komandirlərimizin dediyi kimi: “Ordu xalqın inam yeri, xalq ordunun ilham mənbəyidir”. Qəhrəman Azərbaycan əsgərinin Azərbaycan gəncliyi üçün qoyub getdiyi vətənpərvərlik nümunəsi və tariximizin şərəfli səhifəsi olan Böyük Qələbə gələcək qələbələrimizin də müjdəçisidir. Bu günün Vətən müdafiəçisi olaraq, özümüzün qarşımıza qoyduğumuz əsas məqsəd ondan ibarətdir ki, ata-babalarımızdan bizə miras qalan Vətən torpaqlarını layiqincə qoruyub, əsl vətəndaş olaraq üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk".
Bu gün hər bir azərbaycanlı fəxarət hissi ilə yaşayır. Çünki Vətən həsrətinə son qoyulub. 44 günlük Vətən müharibəsində təcrübəli komandirlərimiz bir daha sübut etdilər ki, vəzifəsindən, rütbəsindən asılı olmayaraq hər kəs öz Vətəninin müdafiəsi üçün əlindən gələni etməyə hazırdır. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun həm tətbiq etdiyi uğurlu döyüş taktikası, həm də şəxsi heyətin yüksək döyüş ruhu qələbəni tezləşdirən amillərdən oldu. Ordumuzun bu gün dünyanın aparıcı orduları sırasında olmasında, hazırkı səviyyəsinə çatmasında uzun yol qət edilib. Təqdirəlayiq haldır ki, müharibənin ölkənin iqtisadiyyatına göstərdiyi təsir bu gün ölkəmizdə hiss olunmur. Əksinə, ölkəmizin inkişaf tendensiyasında mühüm diqqət ayrılan sahələrdən biri məhz ordudur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz inkişaf dövrünü yaşayan Azərbaycan Ordusunda bu gün də mühüm işlər görülür. Dünyanın aparıcı orduları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan əsgəri havada, suda və quruda öz üzərinə düşən müqəddəs borcu şərəflə yerinə yetirir, Vətənin maraqlarını layiqincə qoruyur. Döyüş hazırlığının yüksəldilməsi, ordumuzun maddi-texniki bazasının modern tələblər səviyyəsində qurulması və təlim-tədris prosesinin  dövrün tələbləri səviyyəsində həyata keçirilməsi prosesi icra olunur. Sevindirici haldır ki, aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu bu gün dünya dövlətlərinin içində özünəməxsus yer tutub. Müasir döyüş vasitələri və yüksək döyüş ruhuna malik Azərbaycan Ordusu ona göstərilən inamı doğrultmağa, Ali Baş Komandanın hər bir əmrini icra etməyə tam hazırdır.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"