Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2022 19:19

Vətənə xidmətimlə qürur duyuram

Xalqımızın böyük şairi Məmməd Arazın "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim" məşhur misraları hər zaman aktualdır. Vətənpərvər şair və yazıçıların yazdıqları əsərlər insanı Vətəni sevməyə daha da ruhlandırır. Qarabağımızı azad görmək naminə qəhrəmanlıqlar göstərmiş Vəzir Orucov, Mübariz İbrahimov, Polad Həşimov və başqalarının döyüşlərdə göstərdikləri igidliklər barədə çox oxumuşuq. Belə oğullarımızı örnək bilərək onların yolunu davam etməyə çalışırıq.
Cəbhə bölgəsində xidmət etməkdən qürur duyuram. İkinci Qarabağ müharibəsi zamanı yağı işğalı altında olan torpaqlarımız qəhrəman əsgərlərimiz tərəfindən azad edildi. Hazırda həmin ərazilərdə xidmətdəyəm. Düşmənlə üz-üzə döyüş növbətçiliyi aparmaq məsuliyyətli vəzifədir.
Gecə-gündüz əldə silah, ürəkdə Vətən sevgisi ilə növbə çəkirik. Erməni silahlı dəstələri atəşkəsi pozmağa cəhd etdikdə qarşısını dərhal alır və onlara lazımi cavabı veririk.
Masallı rayonu Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət xidmətindən ordu sıralarına çağırılmışam. Burada Vətənimizin müxtəlif bölgələrindən olan əsgər yoldaşlarım var. Onların hər biri nizam-intizamı, nümunəvi xidməti ilə fərqlənir. Əsgər yoldaşlarımdan Fəqan Yaqublu, Rəşad Məmiyev və başqaları döyüş növbətçiliyində fərqlənən əsgərlərdəndir. Müxtəlif bölgələrdən olsaq da, niyyətimiz, amalımız birdir - İgid Vətən övladlarının canı, qanı bahasına azad etdiyi torpaqlarımızı müdafiə etmək.
Zabitimiz Əli Camalzadə tez-tez düşmənlə üzbəüz olduğumuz döyüş mövqeyinə gəlir. O, bizi nümunəvi xidmət etməyə sövq edir. Başlıca məqsədimiz və amalımız Vətən qarşısında övladlıq borcumuzu layiqincə yerinə yetirərək, komandirlərimizin etimadını doğrultmaqdır.
Vətənin müsəlləh əsgəri olmağımla qürur duyuram.

İbrahim RZAYEV "N" hərbi hissəsi