Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2022 19:18

Bacarığımla həmişə ön sırada olmağa çalışıram

İkinci Qarabağ müharibəsi zamanı hərbçi kimi üzərimizə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldik. Torpaqlarımızın azadlığı naminə bütün çətinlikləri dəf etdik, şərəfli döyüş yolu keçdik. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlanan gün hərbi hissəmizin şəxsi heyətini döyüşlərə cəlb etdilər. Biz bu günü çoxdan gözləyirdik. Gözləyirdik ki, döyüş meydanlarında erməni qəsbkarlarını məğlubiyyətə uğradıb zəfər çalaq, yurdumuzu azad edək. Bölməmizi Kəlbəcər istiqamətinə, Murovdağa göndərdilər. Biz cəbhə xəttinə çatanda artıq ağır döyüşlər gedirdi. Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimiz üzərinə hücuma keçməyə cəhd göstərirdilər. Düşmən hücumlarının qarşısını almaq üçün döyüşə atıldıq. Qısa müddət ərzində erməniləri dayandırmağa müvəffəq olduq. Zabit və əsgərlərimiz düşməni məğlub etmək üçün igidliklə, hünərlə vuruşurdular. Uğurla başa çatan əks-hücum əməliyyatları nəticəsində erməni işğalçılarını bir neçə strateji əhəmiyyətli yüksəkliklərdən geri oturtduq. Addım-addım torpaqlarımız işğaldan azad olunurdu. Vuruşa-vuruşa ölkəmizin ərazi bütövlüyünü bərpa edirdik. Gərgin döyüşlərdən sonra Ömər aşırımı və başqa yüksəkliklər azad edildi. Bu yüksəkliklər yağılar üzərində qələbəmizi təmin etməyə təkan verdi. Təəssüflər olsun ki, İkinci Qarabağ müharibəsində sonadək vuruşa bilmədim. 2020-ci il noyabrın 5-də ağır yaralandım. İlkin tibbi yardımdan sonra həkimlər məni hospitala çatdırdılar. Müalicəmi bitirəndə artıq döyüşlər dayanmışdı.
İkinci Qarabağ müharibəsində göstərdiyim cəsarətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə" və "İgidliyə görə" medallarına layiq görülmüşəm. Bu gün də ordumuzun sıralarında, komando hərbi hissəsində xidmətimi uğurla davam etdirirəm. Peşəkarlığımla, bacarığımla həmişə ön sıralarda olmağa, yeni-yeni uğurlar qazanmağa çalışıram.

Rəşad ƏLİYEV “N” hərbi hissəsi,

foto Namiq PƏNAHOVUNDUR