Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2022 19:16

Bakıdan Ağdama aparan yol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkəmizdə 8 Noyabr - Zəfər Günü kimi təsis edildi. Bu il Vətən müharibəsində qazanılan Zəfərin artıq ikinci ildönümü qeyd edildi. Zəfərə gedən yolda rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə 44 gün ərzində yüksək peşəkarlıq və şücaət nümayiş etdirərək əzəli torpaqlarımızı mənfur düşməndən azad etdi.
44 günlük döyüşlər qələbə ilə başa çatdı. Düşmən ordusunun rəhbərliyi Azərbaycan əsgərinin qarşısında tab gətirə bilmədiyini görüb kapitulyasiya aktına imza atmalı oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılmalı idi. Ali Baş Komandanın dediyi kimi kapitulyasiyaya məcbur qalan Ermənistan tərəfi təyin olunan vaxt ərzində bu bəndi yerinə yetirdi. Beləliklə, Azərbaycan Ordusu bir güllə belə atmadan Ağdamı tam azad etdi və bununla Ağdamın 27 illik işğal tarixinə son qoydu.
Artıq iki ildir ki, ənənəyə uyğun olaraq işğaldan azad olunan rayonlarımıza Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə Media-turlar təşkil olunur. Çünki işğaldan azad olunan rayonlarımızın tarixi xalqımız üçün əhəmiyyətlidir. Ümumilikdə desək, 44 günün hər anı bizlər üçün tarixi əhəmiyyət kəsb edir. Bu tarixi əhəmiyyətli günlərdən birində bizim də yolumuz Ağdamadır. Yol boyu yol hərəkət nişanlarında azad edilən ərazilərin adını görür və daha da çox fərəhlənirik. Artıq "Şuşa", "Laçın", "Xocavənd" yazılarına baxaraq könül rahatlığı yaşayırıq. Bu torpaqlar Vətənin mərd oğullarının gələcək nəsillərə unudulmaz tarixi əmanətidir. Azərbaycan əsgəri bu əmanəti göz bəbəyi kimi qoruyur və hər zaman qoruyacaq.
Artıq Ağdama daxil olduq. Əhalinin təhlükəsizliyinin qorunması məqsədilə müvəqqəti qurulan postdan keçdik və işğaldan azad olunan ərazilərə çatdıq. Yol kənarlarında erməni işğalçıları tərəfindən törədilmiş genişmiqyaslı dağıntılara, illər öncə yerlə-yeksan olunmuş evlərə rast gəlsək də, nəhəng bərpa-quruculuq və abadlaşma işlərinin də şahidi olduq. Bizi işğaldan azad olunmuş ərazilərə aparan yolu qısa bir müddət sonra yeni asfalt örtüyü ilə görəcəyik... Ətrafa nəzər salaraq təyin olunan ünvana çatdıq.
Şərəfli peşə sahibləri ilə görüşdük. Burada xidmət edən hərbi qulluqçularla tanış olduq. Hər biri qalib Azərbaycan Ordusunun sıralarında yer aldıqlarından və azad olunan ərazilərdə xidmət etdiklərindən qürur duyduqlarını, yaradılan şəraitdən razı olduqlarını bildirdilər.
Baş leytenant Əliskəndər Qurbanov Vətən müharibəsinin iştirakçısıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən baş leytenant Əliskəndər Qurbanov "Ağdamın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunub. Gənc zabit Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) artilleriya ixtisası üzrə bitirdikdən sonra "N" hərbi hissəsində xidmətini davam etdirdiyini bildirdi. “Hər kəs bilirdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmri ilə bütün cəbhə boyu əks-hücum əməliyyatına keçdi. Mən də döyüşlərə artilleriya batareyası komandiri olaraq qatıldım, Ağdam-Ağdərə istiqamətində vuruşdum. Bu gün də azad olunmuş ərazilərdə, əsasən də Ağdamda xidmət etməkdən çox qürurluyam. Biz bu torpaqlar üçün canımızı, qanımızı gözümüzü qırpmadan qurban verməyə hazırıq, bunu düşmən yaxşı bilir. Əgər Azərbaycanın suveren ərazisinə bir daha hər hansı bir ölkə göz dikərsə, Azərbaycan Ordusunun əyilməz qələbə ruhunu görəcək".
Daha sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ayxan Xəlilov, əsgərlər Arzu Quliyev və Manaf Quliyev də komandirlərinin sözlərinə qoşularaq, işğaldan azad olunan ərazilərdə xidməti özlərinə şərəf bildiklərini qeyd etdilər. "Bu gün burada xidmətin təşkili üçün hər çür şərait yaradılıb. Yeni hərbi hissələr tikilir və xidmətimizin səmərəli keçməsi üçün yenidən təmir olunur. Biz də öz növbəmizdə döyüş və fiziki hazırlığımızı gündən-günə yüksəldir, savadımızı artırırıq ki, doğma Vətənimizin keşiyində layiqincə duraq".
Azərbaycanın dünyaya gücünün nümunəsi olan Vətən müharibəsindən sonra kapitulyasiyaya məcbur qalan Ermənistanın Azərbaycan Ordusuna geri təhvil verdiyi Ağdamın azad olunmuş əraziləri ilə tanışlığımız, burada xidmət edən hərbi qulluqçularımızla söhbətimiz o qədər xoş oldu ki, zamanın necə keçməsini belə hiss etmədik. Artıq vidalaşmaq vaxtı çatmışdı. Mərd döyüşçülərimizə uğurlu xidmətlər, "ruhlar şəhərinə" isə yaxın zamanda yenidən ölkəmizin ən gözəl şəhərlərindən olmağı arzuladıq. Əminliklə deyə bilərik ki, həm Prezidentimiz, həm də xalqımız bu torpaqlara həyatı yenidən qaytarmaq üçün əlindən gələni edirlər. "Qafqazın Xirosiması" adlandırılan Ağdamı yenidən dirçəlmiş görmək ümidilə...

İbrahim MƏMMƏDBƏYOV

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"