Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2022 19:15

Vətənimizin gələcək müdafiəçiləri

Dahi şəxsiyyət Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan və Naxçıvanda ilk hərbi təhsil ocağı olan 24 yaşlı Hərbi lisey qısa zaman kəsiyində adını tarixin səhifələrinə yazdıra bildi. Orxan Quliyev, Tural Haşımlı, Qabil Orucəliyev, Allahyar Telmanlı, Vüsal Vəliyev, Həsən Quliyev, Fuad İsmayılov, Həmid Qasımov, Yaqub Nəcəfov, İsmayıl Vəliyev və adlarını sadalamadığımız onlarla şəhidlik mərtəbəsini fəth edən igidlərimiz bu liseyin məzunu olublar. Bu igidlər sırasında yalnız Vətən müharibəsində deyil,  müxtəlif illərdə erməni təxribatlarının qarşısını alarkən şəhid olanlar var. Hamısını ehtiramla anırıq. Onların seçdikləri yol, qəhrəmanlıqları, şücaətləri bu gün təhsil alan kursantlar üçün örnəkdir.
Kursant  Tural Hüseynzadə ilkin hərbi təhsil üçün Ulu Öndərin adını daşıdığı Hərbi liseyi seçib. Özü Bakı şəhərindəndir. Qardaşı Fərid Hüseynov da buradan məzun olub. Türkiyədə Dəniz Harp Okulunda təhsilini davam etdirir. Turalın atası zabit Vüsal Hüseynov isə hazırda xidmətdədir. Qalib ordunun əsgəri olmaq arzusu ailədən qaynaqlansa da, onu bu peşəyə sövq edən Hərbi liseyin zabiti olmuş, şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin cəsurluğu olub. O, müharibə zamanı erməni hərbçilərinin mühasirəsinə düşüb, son gülləsinə qədər döyüşüb. Qərib Baxşəliyevin vətənpərvərliyi, qorxmazlığı onun diqqətini çəkmiş, Vətən müharibəsindəki şücaəti isə Turalda böyük qürur hissi yaratmışdı. Turalın arzusu şəhid qanı tökülən o müqəddəs torpaqlarda xidmət etməkdir.
Tovuzun Yuxarı Öysüzlü kəndindən olan kursant Məhərrəm Mustafayevin şəkli şərəf lövhəsinə vurulub. Məhərrəm deyir ki, peşəkar zabit tək gücü ilə deyil, həm də biliyi, bacarığı ilə örnək olmalıdır. Əynindəki forması ilə öyünən kursant hərbi mundirin həm də böyük məsuliyyət olduğunu bildirir. Torpaqlarımızın işğaldan azad olunması onda böyük qürur hissi yaradıb. Dayısı gizir Firuz Əhmədov 2020-ci ilin sentyabrında düşmənin genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olub. Bir sözlə, Məhərrəmin özünü peşəkar bir hərbçi kimi yetişdirmək üçün səbəbləri çoxdur. Məqsəd isə birdir: Vətənə sədaqətlə xidmət etmək.
Babək rayonunun Məzrə kəndindən olan Vasif Salayevin də hərb peşəsinə marağı  ailəsindən qaynaqlanıb. Yeni tədris ilindən burada təhsilə başlamasına baxmayaraq artıq lisey onun üçün doğma ocağa çevrilib. Vasif burada həm də yaxşı dostlar qazanıb. İdmanla məşğul olmaqla yanaşı, dərslərinə də ciddi yanaşan Vasif liseydəki şəraitdən razı olduğunu bildirdi: "Burada bizim yaxşı oxumağımız üçün hər bir şərait yaradılıb. Laboratoriyalar, fənn kabinələri, STEAM kabinəsi, elektron lövhəli siniflər və s."
II kursda təhsil alan Röyal Rzazadənin atası zabit Zərdabi Rzayev bir müddət Naxçıvanda xidmət edib. Röyala isə Naxçıvanda təhsil almaq nəsib olub: "Liseyə gələndən sonra bütün fənlərə marağım artdı. Buradakı tələbkarlıq, müəllimlərin hər birimizə fərdi yanaşması, həmçinin yaradılan şərait bizi oxumağa həvəsləndirir. Mən düşünürəm ki, zabit yalnız hərbi biliklərə deyil, elmi biliklərə də yüksək səviyyədə malik olmalıdır ki, informasiya müharibəsində də qalib olsun". Röyal müasir Azərbaycan ədəbiyyatı nümunələrini mütaliə etməyi sevir. Elxan Elatlının "Qisas gecəsi" əsərinin qəhrəmanı Mübariz İbrahimovdur. Bu əsərdən təsirlənən Röyal mübariz olmağı, peşəkar zabit kimi formalaşmağı qarşısına məqsəd qoyub. Röyalın dayısı kapitan Elvin Əlizadə də Vətən müharibəsinin iştirakçısı olub.
Kursant Cəfər Həsənov Babək rayonunun Çeşməbasar kəndindəndir. Uşaqlıq illərində oxuduğu qəhrəmanlıq hekayələrindən, baxdığı filmlərdən təsirlənərək hərbçi olmağı qərara alıb. Və bu arzusunu illərlə ürəyində yaşadıb. Cəbrayıl Dövlətzadənin igidliyi Cəfərdə  düzgün seçim etdiyi qənaətini möhkəmləndirib: "Liseyimizin məzunu şəhid leytenant Vəli Quliyevin dediyi kimi, üstündə gəzdiyin torpaq canından dəyərli deyilsə, o torpaq sənin Vətənin ola bilməz. Zabit peşəkarlığı da elə səviyyədə olmalıdır ki, torpağı, Vətəni üçün canından keçməyə hazır olan əsgər yetişdirsin".
Goranboydan Naxçıvana ikinci dəfə gəlməyinə səbəb Nadir Şərifxanovun Hərbi liseydə oxumaq arzusu olub.  Atası ehtiyatda olan polkovnik-leytenant Rövşən Şərifxanov Naxçıvanda xidmət edib. Doğulduğu torpağı qədər doğma olan Naxçıvana yenidən dönmək, həm də atasının xeyir-duası ilə ali bir məqsədin arxasınca gəlmək Nadiri qürurlandırır. "44 günlük müharibə dövründə Ali Baş Komandanın çıxışlarını izləyir, ilk günlərdən ordumuzun qələbə qazanacağına inanırdım. Bu yolda şəhidlərimiz də, sağlamlığını itirən qazilərimiz də oldu. Onların əmanətini qorumaq missiyası bizim üzərimizə düşür. Odur ki, peşəkar zabit kimi formalaşmalı, Vətənin keşiyində sədaqətlə durmalıyıq".
Vətənimizin gələcək müdafiəçiləri - qəhrəmanları, biz sizə güvənirik. Sizdən öncəkilər göstərilən etimadı layiqincə doğrultdular, sizin də Hərbi anda sadiq qalacağınıza əminik.

Ruhiyyə RƏSULOVA Naxçıvan televiziyasının baş redaktoru