Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2022 19:09

“Böyük əzmlə başladığımız müharibə zəfərlə sonlandı”

Fəslin soyuğuna, sazağına baxmadan torpaqlarımızın müdafiəsində dayanan hər bir igidlə fəxr edirik. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyev əks-hücum əmrini verdikdən sonra neçə-neçə oğullar İkinci Qarabağ müharibəsinin iştirakçısı oldu. Qorxu bilməz zabit və əsgərlərimiz sayəsində haqq savaşımız Zəfərlə sonlandı. Bu sevinci xalqımıza yaşadan hərbi qulluqçularımızdan biri də "N" hərbi hissəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Elməddin Alıyevdir. Onunla söhbətimiz zamanı gözlərindən qalib ordunun nümayəndəsi olmağın qürurunu duymaq olurdu.
Elməddin Alıyev dedi ki, əsgər olduğu müddət ərzində orduda xidmət etmək ən böyük arzularından biri olub. Bu arzuyla kurs keçərək xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirir.
- Uşaqlıqdan bir sualla böyümüşəm: "Böyüyəndə hansı peşənin sahibi ola bilərəm?". Bu sualın cavabını tapmaq olduqca çətin idi. Çağırış vərəqəsi gələndə hərbi mundir geyinəcəyim üçün qürurlandım. Atama komandirlərimin əmrlərinə sözsüz tabe olacağıma və ailəmə başucalığı gətirəcəyimə söz verdim. Əsgər kimi xidmət etdiyim müddət ərzində vəzifəmin məsuliyyətini anlayır, daha diqqətli olmağa səy göstərirdim.
 Xidmət müddətimin bitməyinə az qalmış qərara gəldim ki, hərbçi olaraq Vətən keşiyində duracam. Bu qərar ailəmin də sevincinə səbəb oldu. Söz verdim ki, bir gün mən də Qarabağ torpaqlarını işğaldan azad edənlərin sırasında olacağam. O günü hər birimiz arzulayırdıq. Sentyabrın 27-də Ali Baş Komandanın əks-hücum əmri hər birimizin illərdən bəri gözlədiyi anı yaxınlaşdırdı. Hələ uşaqlıqdan tarix kitablarını oxuduqca xalqımızın apardığı birlik mübarizəsini öyrənirdik. İkinci Qarabağ müharibəsi başlananda bu birliyin canlı şahidi oldum. İnsanlar cəbhədə döyüşən əsgərlərinə böyük inamlarını məktublara yazaraq göndərirdilər. Bizlər də igidliklə vuruşaraq bu etimadı doğrultmağa çalışırdıq. Şəhidləri sonsuz ehtiramla son mənzilə yola salırdılar. Bibim oğlu Niyaməddin Məhərrəmov Kəlbəcər uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhadətə ucalmışdı.
- Böyük əzm və ruh yüksəkliyi ilə başladığımız müharibə Zəfərlə sonlandı. Biz də bu qələbə üçün döyüşürdük. İndi deyə bilərəm ki, mən qalib ordunun qalib hərbi qulluqçusuyam. Niyaməddinin qisasını almaq mənə qismət olduğu üçün olduqca fərəhliyəm.
Vətən müharibəsi xidmət etdiyim müddətdə ən yadda qalan hadisələrdən biri olaraq ömürlük yaddaşıma həkk olundu. "Öncə Vətəndir!" - deyib gedənlərdən biri kimi mən də döyüşlərlə bağlı xatirələrimi, xalqımızın bizə olan inamını, ən əsas Ali Baş Komandan İlham Əliyevin döyüşçülərə ruh yüksəkliyi verən çıxışlarını heç zaman unutmayacağam.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"