Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2022 19:07

Bu yol şərəfli yoldu

Ordu quruculuğuna böyük önəm verən Ümummilli Lider Heydər Əliyev          hakimiyyətinin bütün dövrlərində gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsinə ciddi diqqət yetirərək deyirdi: "Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır". Zabit peşəsi bilavasitə Vətənin müdafiəsi deməkdir.
Qax rayonunun Qıpçaq kəndindən olan leytenant Turan Əzizovla döyüş növbətçiliyi aparan bölmədə söhbətləşdik. Hərb peşəsinə olan sevgisi ona 18 yaşı olarkən hərbi mundiri geyinməyin sevincini yaşadıb. 2020-ci ildə çiyinlərində qürurla daşıyacağı rütbələrini taxıb, arzusunda olduğu peşəyə yiyələnib. Bir neçə ay sonra başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qoşulan Turanın döyüş yolu Füzulidən başlayıb, Şuşaya qədər davam edib. Gənc zabit peşə seçimindən, işinə olan sevgisindən ağızdolusu danışdı.
- Hərb peşəsini öz istəyimlə seçmişəm. Daha dəqiq desəm, uşaqlıq dostlarımın da bu peşəni seçməsi mənə stimul olub. Onlar məndən bir-iki yaş böyük idi. Hərbi liseyə qəbul olmuşdular. Kursant olmaq istəyi ürəyimdə çoxdan tumurcuqlamışdı. Dostlarımın andiçmə günündə iştirakım, onları və onlar kimi yüzlərlə həmyaşıdımı hərbi formada görmək bu istəyimi daha da
 dönməzləşdirdi. Orta məktəbi bitirib onların sırasına qoşulmağa qərar verdim. Ailəm və yaxınlarım da bu seçimimə rəğbətlə yanaşdılar. Təbii ki, məni ən çox valideynlərimin xeyir-duası sevindirdi.
Leytenant düşüncələrinə sarılıb dedi ki, andiçmə mərasimi gününü heç vaxt unutmayacağam. "İllər əvvəl sıra meydanında dostlarım Hərbi andı qəbul edirdilər, mən onların sırasında olmağı arzulayırdım. Həmin gün arzum reallaşdı, mən də kursant olmağın sevincini yaşadım. Andiçmədən sonra təntənəli marşla valideynlərimizin və tədbirdə iştirak edən kütlənin qarşısından keçdik. Onların fəxarət dolu baxışlarını hiss etdikcə seçdiyim peşənin müqəddəsliyini dərk edir, kursant olmaqla bir daha qürur duyurdum. Həmin an sevinc, həyəcan dolu hisslər keçirirdim. Bu hisslərin ağuşunda özümə bir söz verdim - Vətənə, dövlətə və Hərbi anda sadiq olacaq, nümunəvi, nizam-intizamlı xidmət edərək, Azərbaycan Ordusuna layiqli zabit olacam".
Bu çətin, amma şərəfli peşəni seçən Turanın simasında əks olunan sevinc,  həyəcan və qürurlu baxışları onun  peşəsinə sonsuz  sevgi ilə bağlandığının təsdiqidir. Gənc zabit bölmədə xidmətin yüksək səviyyədə təşkil olunduğunu, torpaqlarımızın qətiyyətlə qorunduğunu bildirdi. Döyüş növbətçiliyinin təşkilinin xüsusi diqqətdə saxlanıldığını dedi. "Döyüş növbəsinə gedən şəxsi heyətin hazırlanmasını, silah-sursatla təmin olunmasını, mənəvi-psixoloji vəziyyətlərini daim nəzarətdə saxlayıram. Növbəyə çıxmazdan əvvəl onları təlimatlandırır, döyüş növbəsində ayıq-sayıq dayanmağın mahiyyətini başa salıram. Əsgərlərin döyüş hazırlığı ilə bərabər mənəvi-psixoloji hazırlığı da yüksəkdir. Hər biri vəzifələrinin məsuliyyətini yaxşı dərk edir, qürurla, həvəslə xidmət edirlər".
Xidmətin təşkilindən, öhdəsinə düşən vəzifələrindən danışan leytenant Turan Əzizov bildirdi ki, əsgərlərin güvəncini və sevgisini qazanmaq komandir üçün vacib şərtdir. "Əsgər ən əvvəl komandirinə inanmalı, onu ən yaxın dostu kimi qəbul etməlidir. Bunun üçün onlara doğma münasibət bəsləyir, səmimi söhbətlər edir, qayğıları ilə yaxından maraqlanıram. Çalışıram ki, bölmədə xidmət edən hər bir əsgər məni böyük qardaşı kimi görsün, kollektiv arasında mehribançılıq olsun, qarşılıqlı münasibətlər düzgün qurulsun. Bunlar olanda xidmət də gözəl gedir. Zabit, gizir, əsgər - hamımız torpaqlarımızın keşiyində dayanmaq, ərazi bütövlüyümüzü qorumaq amalı üçün buradayıq. Bir-birimizə nə qədər sıx tellərlə bağlı olsaq, bir o qədər güclü olarıq. Çünki bu formanı geyinən hər kəsi bir ülvi sevgi birləşdirir - Vətən sevgisi".
Bölmədə olduğum vaxt ərzində şəxsi heyətin nizam-intizamına, səliqəli üst-başlarına, mehribançılığına və səmimiyyətinə şahid oldum. İstər komandir-əsgər arasında, istərsə də əsgərlər arasında qarşılıqlı münasibətlərin ürəkaçan olduğunu izlədim. Əmin oldum ki, leytenant Turan Əzizov gənc olsa da, kifayət qədər bacarıqlı, savadlı zabitdir və vəzifələrinin öhdəsindən layiqincə gəlir.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"