Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2022 19:05

Gənclərimiz ordu sıralarında yüksək vətənpərvərliklə xidmət edirlər

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daim ordu gəncləri ilə görüşlərində bildirirdi ki, əsgərin, döyüşçünün gücü onun vətənpərvərliyindədir. Doğrudan da, ürəyində Vətən sevgisi olmayan əsgər ən müasir silahlarla da düşmənə qalib gələ bilməz. Düşmən üzərində zəfər qazanmağı qarşısına məqsəd qoyan əsgər Vətəninə, millətinə, dövlətinə sıx tellərlə bağlı olmalıdır. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunda əsgər və zabitlərin yüksək vətənpərvərlik hissinə malik olduğunu göstərdi. Əgər belə olmasaydı, qısa bir vaxtda torpaqlarımız azad edilə bilməzdi. Rəşadətli ordumuzun qazandığı şanlı zəfər və azad olunmuş ərazilərdə ucalan bayrağımız Azərbaycan əsgərinin mənəvi dəyərlərə sədaqətinin, vətənpərvərliyinin rəmzidir.
Azərbaycan əsgəri döyüşlərdə göstərdiyi rəşadəti bu gün Vətənimizin keşiyində mətin dayanmaqla davam etdirir. Torpaqlarımızı qalib əsgər kimi yüksək döyüş ruhunda inamla qoruyur. Dağlıq relyefi ilə seçilən ərazilərimizdə bu inamın bir daha şahidi oldum. Erməni silahlı qüvvələri ilə qarşı-qarşıya döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşə gəlmişik. Bölmənin çətin relyefli ərazidə yerləşməsinə baxmayaraq, hərbi hissənin əsgəri də, komandiri də xoş ovqatdadırlar. Yüksək mənəvi keyfiyyətlərə malik olan gənclərin səngərlərdə döyüş növbətçiliyini uğurla aparması xain planlarından əl çəkməyən qarşı tərəfə göz dağı olur. Artıq bir neçə dəfə erməni silahlı birləşmələrinin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Azərbaycan əsgəri qalib əsgər olduğunu və torpaqlarımızın keşiyində ayıq-sayıq dayandıqlarını bir daha sübut edib.
Qərargahda kapitan Mustafa Əsgərli ilə görüşürük. Səhər yerbəyerindən sonra şəxsi heyətin vacib döyüş tapşırıqlarını yerinə yetirdiyini bildirən zabit qeyd edir ki, əsgərlərin mənəvi-psixoloji vəziyyəti yüksəkdir. "Bu gün sıralarımızdakı hər bir əsgər torpaqlarımızın keşiyində inamla dayanır. Yüksək əhval-ruhiyyədə xidmət edir. Azərbaycan Ordusunun Böyük Qələbəsi hər kəsə ruh yüksəkliyi aşılayıb. Adları dillərdə dolaşan igidlərin, şəhidlərin hər biri onlara nümunə, örnəkdir", - deyən zabit döyüş mövqeyinə yola düşmək üçün maşının hazır olduğunu bildirir.
Vətənə övladlıq borcunu şərəflə və uğurla yerinə yetirən oğulların görüşünə yenə xoş hisslərlə gedirik. Hər dəfə sərhəd deyiləndə gözlərim önündə Vətənin, elin-obanın qorunduğu müqəddəs bir ünvan canlanır.
Zabit yol boyu söhbətinə davam edərək bildirir ki, əsas məqsədimiz bizə etibar edilən əraziləri göz bəbəyi kimi qorumaq və tabeliyimizdə olan gəncləri yüksək döyüş hazırlıqlı əsgərlər kimi formalaşdırmaqdır. "Son vaxtlar hava şəraitinin tez-tez dəyişməsinə baxmayaraq, əsgərlərimiz döyüş növbətçiliyində ayıq-sayıqdırlar. Hər kəs xidmət apardığı döyüş mövqeyində öz məsuliyyətini dərindən hiss edir. Ürəkləri Vətən adlı bir müqəddəs sevginin ünvanı olan əsgərlərimiz vətənpərvərliklərindən güc alırlar. Fikrimcə, doğulduğu yurdu, üzərində boy atıb yaşadığı torpağı müqəddəs varlıq sayan əsgərin döyüş əzminə söz ola bilməz".
Yol boyu mühəndis-istehkam işlərinin yüksək tələblərə cavab verdiyini müşahidə edirəm. Qürurlu görkəmi ilə ilk baxışdan xoş təsir bağışlayan leytenant Turan Əzizovla görüşürük. Zabit hər şeyin qaydasında olduğunu məruzə edir.
Zabitdən son vəziyyəti soruşduqda bildirir ki, düşmən tərəfi tez-tez atəşkəsi pozur, təxribatlara əl atır, lakin bölmələrimizin ayıq-sayıqlığı nəticəsində hər dəfəsində layiqli cavablarını alırlar. Turan lap erkən çağlarından bu peşəyə bağlanıb, hərbi forma daşıyan insanlara həsəd aparıb və özü də bu yolu seçib. Gənc zabit söhbətinə şəhid olan silahdaşları ilə bağlı xatirələrilə başlayır, onların Vətən naminə yaşayıb mübarizə apardığını vurğulayır. "Gördüyünüz kimi, döyüş növbətçiliyini apardığımız ərazilər başdan-başa dağ silsiləsidir, hava şəraiti də dəyişkəndir. Günorta havaların bir qədər mülayim keçməsinə baxmayaraq, gecə şaxta olur. Payız fəsli olsa da, qar da yağır. Amma təbii çətinliklər bizi qorxutmur, çünki sosial təminatlarımız yüksək səviyyədədir. Belə nümunəvi şəraitdə gecə-gündüz Vətənimizi inamla qoruyuruq. Düşmən heç vaxt təxribat törətməyə imkan tapa bilməz, çünki bu yerləri Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın layiqli davamçıları qoruyurlar".
Zabit döyüş növbətçiliyinin nümunəvi təşkil edilməsindən danışaraq deyir ki, sıralarımıza qəbul olunan hər bir əsgərimizə bu ərazilərin azadlığı uğrunda canından keçən Vətən oğulları haqqında, hansı məqsəd naminə şəhidlik zirvəsinə ucaldıqları barədə söhbətlər edirik. "Qəhrəmanlarımızın ömür yolu hər birimizə örnəkdir. Əsgərlərimiz də onların yolunu davam etdirməyə, Vətənə əsl vətəndaş kimi xidmət etməyə söz verirlər", - leytenant T.Əzizov qeyd edir.
Bölmənin ərazisi, şəraiti ilə tanışlıqdan sonra şəxsi heyət ilə həmsöhbət oluram. Əsgərlərin düşüncələri zabitin sözlərinin təsdiqi olur. Vətənə övlad haqqını ödəməkdən qürurlu olduğunu dilə gətirən əsgər Rəvayət Abdulrəhmanov deyir:
- Vətənimizə sevgimiz sonsuzdur, torpaq uğrunda hər addımda fədakarlığa hazırıq, ərazi bütövlüyümüzü qorumaq naminə lazım gələrsə, canımızı da fəda edərik. Hərbi xidmətə gəldiyim ilk gündən yurdumun müdafiəsində ayıq-sayıq dayanacağıma söz vermişəm.
Rəvayət kimi vətənpərvər, ürəklərində tükənməz Vətən sevgisi olan oğullarla görüşüb tanış olmaqdan qürur duyuram. Onlar döyüş hazırlığı, hərbi bilikləri və vətənpərvərlikləri ilə düşmənə keçilməz çəpər olurlar.
Şabran rayonundan hərbi xidmətə çağırılan əsgər Ramin Ağayev vurğulayır ki, Vətəni qoruyan oğulların sırasında olmaq onun üçün böyük şərəfdir. "Həmişə vətənpərvərlikdən söz düşəndə Polad, Mübariz, Fərid, Anar, Faiq, Orxan... kimi oğullarımızı özümə ideal sanıram. Bu gün bir çox igidlər aramızda olmasa da, onların ruhunu daim yanımızda hiss edirik. Hər birinin ömür yolu, vətənpərvərliyi bizi qoruduğumuz bu Vətənə daha da sıx bağlayır".
Bəli, əsgərlərimizin cəsur ürəyi, tükənməz inamı, Vətən sevgiləri var. Elə ordumuzun da yükünü çiyinlərində daşıyan belə mətin oğullarımızdır. Bu gün yurdumuzu qoruyan, əsl döyüşçü kimi formalaşan hərbçilərimiz, əsgərlərimiz saysızdır. Müsahibim əsgər Ramil Hüseynov Vətən sevgisinin ilahi qüvvə olduğunu deyərək, ordu həyatı ilə bağlı təəssüratlarını bölüşür.
"Bacarıqlı, savadlı, qayğıkeş, vətənpərvər komandirlərimizin tabeliyində xidmət etməkdən qürurluyuq. Biz onların köməyi sayəsində hər şeyə nail olmuşuq, həm kifayət qədər hərbi təcrübəmiz, həm də tükənməz Vətən sevgimiz var. Hərbi xidmətdə keçən günlərimizin dəyəri böyükdür, çünki ordu mühitində həm Vətəni qorumaq, həm də cəmiyyətin əsl vətəndaşları olmaq üçün zəruri keyfiyyətlərə yiyələnirik. Kim ordu həyatını qəhrəmanlıq məktəbi hesab edirsə, tam haqlıdır. Bacarıqlı əsgər olmağın sirrini ilk növbədə yaşadığın torpağa məhəbbətdə görürəm. İnam, tükənməz dözüm, iradə aşılayan bu sevgi ilahi bir qüvvədir. Döyüş növbətçiliyində olanda hansı müqəddəs vəzifəni yerinə yetirdiyinin məsuliyyətini hiss edirsənsə, daha ayıq-sayıq və mətin dayanırsan".
Ramil doğru deyir ki, vətənpərvərlik elə bir ali hissdir ki, adamı qəhrəman olmağa, fədakarlıq göstərməyə ruhlandırır. Həmin ruhla İkinci Qarabağ müharibəsində zabit və əsgərlərimiz dünya hərb tarixinə əbədi olaraq həkk olunan qəhrəmanlıq nümunələri göstərdilər. Vətənpərvərlikdən danışarkən bu yaxınlarda televiziya verilişlərinin birində qonaq olan şəhid atası Elman kişinin dediyi sözləri xatırlayıram. Elman kişi İkinci Qarabağ müharibəsində şəhid olan İman və Bəhrəm Məmmədzadənin atasıdır. "...Övladı verən də Allahdır, alan da Allahdır. Mən nə Allaha üsyan edə bilmirdim, nə də dövlətimə.  Allah deyir ki, bəndə, övladı mən verdim, amma Vətənin yolunda verdim. Vətənin yolunda da aldım. Vətən əzəldən bizim üçün çox qiymətli olub. Bu sevgi, bu iradə bizdə nəsillikcə olan bir qüvvədir. Əgər bu gün müstəqiliksə, şəhid də olacaq, müharibə də. Xalqımızın bir gözəl kəlamı var: "Mərdin adı mərd qalar, namərdin qəbrini daş-qalaq edərlər". Biz bu dünyaya mərd gəlmişik, mərd də gedəcəyik. Əgər ölmək lazım olarsa, döyüşəcəyik və öləcəyik. Biz ölümdən qorxan millət deyilik. Yetər ki, Vətən yaşasın...". Şəhid atasının bu sözləri ölkəmizdə vətənpərvər, dövlətinə bağlı cəmiyyətin olduğunun sübutudur. Vətənpərvər ailələrdə və cəmiyyətdə milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyüyən gənclərimiz də ordu sıralarında yüksək vətənpərvərlik əzmində xidmət edir, şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"