Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Noyabr 2022 11:35

Əsgərlərimizin sosial-məişət şəraiti diqqət mərkəzindədir

Düşmənlə sərhəddə olan "N" hərbi hissəsindəyik. Uca dağların zirvəsində yerləşən mövqedə səliqə-sahman, təmizlik və şəxsi heyətin məişət şəraiti diqqətimizi cəlb etdi. Bütün bunlar dövlət başçısının orduya göstərdiyi diqqət və qayğının təzahürüdür. Yeni tikilən qazanxanalar, yeməkxanalar, yataqxanalar, camaşırxanalar, istirahət və hamam otaqlarına bütün hərbi hissələrdə rast gəlirik. Bunlar şəxsi heyətin xidmətinə yönələn prosesdir ki, Müdafiə Nazirliyinin rəhbərliyi bu məsələləri daim diqqət mərkəzində saxlayır.
Əsgər yataqxanasında əsgər Rəvan Abdulrəhmanov və Orxan Məmizadə ilə bu mövzu ətrafında söhbətləşdik.
Şəki rayonunda dünyaya göz açan və xidmətinin artıq çox hissəsini geridə qoyan əsgər Rəvan Abdulrəhmanov bildirdi ki, hər bir Azərbaycan gənci kimi onun da arzusu Vətənin keşiyində durmaq, vətəndaşlıq borcunu layiqincə yerinə yetirmək olub. Həmçinin məktəbli olduğu üçün Vətən müharibəsinə qatıla bilməməkdən  təəssüfləndiyini də vurğuladı. "Postumuzun ucqar zirvədə və xain düşmənlə üzbəüz yerləşməsinə baxmayaraq hər cür şəraitlə təmin olunmuşuq. Gördüyünüz kimi, komandanlığın diqqət və qayğısı sayəsində sosial-məişət şəraitimiz, qida və geyim təminatımız yüksək səviyyədədir. Dövlət bizim, biz də Vətən torpağının qayğısına qalırıq. Hər birimiz vəzifə borcumuza məsuliyyətlə yanaşır, verilən bütün əmr və tapşırıqları vaxtlı-vaxtında icra edirik. Vətən müharibəsində iştirak edə bilməsək də, qəhrəmanlarımızın miras qoyduğu torpaqlarımızı göz bəbəyimiz kimi qoruyuruq".
- Burada yaradılan yüksək məişət şəraiti hər birimizdə ruh yüksəkliyi yaradır, - deyə əsgər Orxan Məmizadə söhbətimizə qoşuldu. Biləsuvar rayonundan ordu sıralarına çağırılan Orxan qeyd etdi ki, mütəmadi olaraq yataq dəstlərimiz yuyulur, təmizlənir, daha sonra isə ütülənərək əvəz edilir. Bu qayğının qarşısında üzərimizə yalnız bir vəzifə düşür - Vətənə sadiq əsgər olmaq və layiqli xidmət etmək. Hər birimiz bu vəzifənin öhdəsindən layiqincə gələrək torpaqlarımızın keşiyində ayıq-sayıq dayanırıq. Bilirik ki, mənfur düşmən istənilən an təxribata əl ata bilər. Əgər atarsa, bilməlidilər ki, güclü və qalib ordumuz Vətən müharibəsində olduğu kimi, yenə də onları məhv edəcək".
Burada yaradılan şəraitlə tanış olduqdan sonra bir daha əmin olduq ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ordumuzun döyüş qabiliyyəti ilə yanaşı, ən ucqar postlarında belə maddi-texniki təminatı, həmçinin şəxsi heyətin sosial-məişət şəraiti olduqca yüksək səviyyədədir. Bütün bu amillər isə dövlət rəhbərliyi tərəfindən hər bir hərbi qulluqçuya göstərilən diqqət və qayğının göstəricisidir. Bunun qarşılığında cəsur əsgərlərimiz bir amal naminə xidmət edirlər - Vətənin keşiyində ayıq-sayıq dayanmaq.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"