Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2022 18:20

Bütün məşğələlər döyüş hazırlığını yüksəldir

Hərbi biliklərin, döyüş texnikalarının, atıcı silahların  istismar xüsusiyyətlərinin mənimsənilməsi, təlimlərlə tənzimlənən döyüş hazırlığı ordu quruculuğunun başlıca vəzifələrindəndir. Hərbi xidmətin ilk vaxtlarından əsgərlər bilirlər ki, bu vəzifələri fiziki baxımdan yüksək hazırlığa malik olan hərbi qulluqçular daha çevik, daha inamlı yerinə yetirirlər.
Hərbi hissələrdə fiziki hazırlıq da günün nizam qaydaları ilə tənzimlənir.
"N" hərbi hissəsində olarkən baş leytenant Heydər Fərmanlı icra ediləcək təmrinlərin idmanda əhəmiyyətini izah etdikdən sonra İkinci Qarabağ müharibəsində yüksək fiziki hazırlığın təsirindən danışaraq dedi ki, dağ massivlərində, bəzən aşağıdan yuxarıya doğru hərəkət etməklə döyüşmək asan deyildi. Yüksək döyüş qabiliyyətinə malik olan döyüşçülərimiz belə döyüşlərdə həm də yüksək fiziki hazırlıq hesabına mövqe qələbələri qazandı, bu qələbələr müharibənin Zəfərlə tamamlanmasında əhəmiyyətli oldu.
Zabitin məşğələdən əvvəl dediklərini həm müharibə təəssüratı kimi, həm də məsləhət kimi dinləyən əsgərlər hərəkətlərin icrasına başladılar...
Baş leytenant Heydər Fərmanlı şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsindən danışdı:
- Hərbi hissədə idman səhər gimnastikası ilə başlayır. Bunlar hər bir əsgərin yerinə yetirməli olduğu vacib elementlərdir. Vaxtaşırı fiziki hazırlıq üzrə normativlər qəbul edilir. Əsgərlərin hamısı normativləri bacarıqla yerinə yetirmək üçün istər gündəlik səhər və axşam məşğələlərində, istərsə də gün ərzində digər fiziki hazırlıq təyinatlı məşğələlərdə fəaldırlar. Bu hazırlıq idmanın bu və ya digər növündə hərbi birləşmə və Quru Qoşunları üzrə yarışlarda iştirak üçün şərait yaradır. Belə yarışlarda daha qabiliyyətli əsgərlər hərbi hissəmizi layiqincə təmsil edirlər.
Əsgərlər məşğələyə başladılar. Onların hərəkətlərində istək də var, həvəs də, məsuliyyət də. Bəzi elementlərin icrasında ləngliyi müşahidə edilən əsgərə zabitin iradından əvvəl əsgər yoldaşı kömək edirdi. Bunun nəticəsində o da tələb olunan tapşırığı yerinə yetirməyi bacarırdı. "Bir-birinizə köməyiniz sizin mənəvi hazırlığınızın nəticəsidir. Məşğələdə kömək döyüşdə himayə etmək qədər gərəklidir. Siz bununla fiziki hazırlığınızı, bu baxımdan döyüş hazırlığınızı artırırsınız, həm də ordumuzun qadirliyində vəzifə borcunuzu məsuliyyətlə yerinə yetirirsiniz", - baş leytenant Heydər Fərmanlı əsgərin əsgərə köməyini belə ümumiləşdirdi. İnandıq ki, onlar xidmətlərini nizamnamələrin tələblərini məsuliyyətlə yerinə yetirməklə, zabitlərin əmr və göstərişlərinə sözsüz əməl etməklə, belə tövsiyələri unutmamaqla davam etdirəcəklər.
Hərbi hissədə yeni idman meydançası yaradılıb, yeni idman zalı bütün müasir idman qurğuları ilə təchiz edilib. Bu da fiziki hazırlığın yüksəldilməsinə xidmət edən  şəraitdir. Öyrəndik ki, əsgərlər asudə vaxtlarda bu meydançada həvəslə idmanla məşğul olurlar.
- Əsgərlərimiz xidmətin ilk vaxtlarında bəzən normativləri mükəmməl yerinə yetirməyə çətinlik çəkirdilər. Belə məşğələlərin sayəsində püxtələşiblər. Normativləri lazımi səviyyədə yerinə yetirirlər. Onlar da bilirlər ki, fiziki hazırlıq qüvvə deməkdir, əsgərin çevikliyini artırması deməkdir. Asudə vaxtlarında idman zalına da gedirlər, - çavuş Samir Xammədovun dediklərini əsgərlərin fiziki hazırlıq məşğələlərinə marağını, bu marağın döyüş hazırlığını daha da yüksəldiləcəyinə vasitə bildik...
Hərbi hissədə fiziki hazırlıq məşğələləri günün nizam qaydaları əsasında hərbi xidmətin vacib tərkib hissələrindən biri kimi yerinə yetirilir. Əsgərlər idman meydançasında, idman zalında fiziki hazırlıq məşğələlərini müəyyən fasilələrlə dağlıq relyefdə davam etdirirlər. Bu, həm relyefə bələdlik, həm də relyefdə davranış vərdişlərinə yiyələnmək baxımından səmərəli olur.
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu",

foto Namiq PƏNAHOVUNDUR