Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2022 18:20

İqtisadi, siyasi, hərbi, diplomatik sahələrdə aparılan uğurlu fəaliyyətlər planı dövlətimizin gücünü daha da artırır

Artan ixtilaflar, qlobal güclər arasında başlayan çəkişmələr dünyanın dinamik inkişafı və təhlükəsizliyi üçün ciddi təhdid yaradıb. Habelə, qonşu ölkələrdə baş verən arzuolunmaz daxili və xarici proseslərin fonunda ölkəmizin müstəqil, hərtərəfli, daxili və xarici siyasəti bu gün uğurla aparılır. Təməli regional təhlükəsizliyə və milli maraqlara söykənən balanslaşdırılmış xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilir, onun qətiyyəti, siyasi iradəsi nəticəsində atılan addımlar ölkəmizin beynəlxalq nüfuzuna ciddi müsbət təsir etdi və indi də edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ən ümdə saydığı vəzifələrdən biri məhz Ermənistan-Azərbaycan arasındakı Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz, suverenliyimiz çərçivəsində həllini tapması idi. Lakin dünyanın aparıcı ölkələrinin ikili standartları, güclü ölkələrin, beynəlxalq təşkilatların öz imzalarına laqeyd yanaşmaları nəticəsində mühüm statusa malik sənədlərin icrasız qalması bu məsələni 30 ilə yaxın müddətdə uzanmasına səbəb oldu. Əzəli torpaqlarımızın işğal altında saxlandığı dövrdə, məkrli niyyətli qüvvələr bu münaqişənin uzanmasında və regionda sülhün və stabilliyin təmin olunmamasında maraqlı idilər. Azərbaycan Respublikasının siyasi-hərbi rəhbərliyi bu münaqişəni humanizm, danışıqlar yolu ilə həllinə çalışsa da, qarşımızda torpaqlarımızı işğalda saxlayan mənfur düşmənin əli-qolu daha da açıldı və xülyaya qapılmış Ermənistan silahlı qüvvələrinin tez-tez təxribatlara əl atması ilə nəticələndi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman xalqımızın dəstəyindən güc alan şanlı ordumuz uzun illərlə işğal altında qalan torpaqlarımızı qısa müddətdə azad etdi.
Şanlı Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də erməni silahlı birləşmələrinə qarşı başlatdığı əks-hücum əməliyyatı ilə 44 günə əldə edilən möhtəşəm qələbə bizi dünya miqyasında qalib ölkə, qalib ordu və qalib xalq kimi təsdiqlədi. Qazanılan qələbə dövlət başçısı tərəfindən həyata keçirilən güclü dövlət, güclü ordu strategiyasının, milli birliyimizin və vətənpərvərliyimizin təzahürü oldu. Vətən müharibəsi bizim qəhrəmanlıq salnaməmiz olmaqla yanaşı, həm də dünya hərb tarixində ciddi dönüş nöqtəsi idi. Əldə edilən statistik nəticələrlə bağlı ekspertlər bildirirlər ki, Azərbaycan Ordusunun apardığı "Dəmir yumruq" əməliyyatı dünyada müharibələrin aparılmasında ciddi dəyişikliklərə səbəb olacaq. Belə ki, Azərbaycan Ordusu arsenalında olan müasir silahların tətbiqi ilə qarşıya qoyulan tapşırıqları qısa vaxt ərzində və lazımi səviyyədə icra etdi. Havadarlarının hesabına döyüş texnikası ilə təchiz olunan düşmən qüdrətli Azərbaycan əsgərinin qarşısında uzun müddət tab gətirə bilmədi. Haqq savaşının hər günü Azərbaycan əsgərinin mövqe qələbələriylə Böyük Qələbəyə gedən yola körpü saldı. Müharibənin müqəddəratını həll edən Ali Baş Komandanın qətiyyətindən və xalqımızın dəstəyindən güc alan qəhrəman oğullar Vətən müharibəsində Böyük Qayıdışın başlanğıcını qoydu. Qarabağın ürəyi, Azərbaycanın mədəniyyət və incəsənət beşiyi olan Şuşa şəhəri noyabrın 8-də işğaldan azad edildi. Qələbənin əldə olunmasında böyük rolu olan xüsusi təyinatlılarımız sıldırım qayaları aşaraq, ağır relyefin öhdəsindən gəlməyi bacararaq tarixi qəhrəmanlıq salnaməsi yazdı. Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji keyfiyyət nümayiş etdirdi. Düşmənin ağ bayraq qaldırıb, kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı. Düşmən məğlubiyyətlə tarixin yaddaşına həkk olundu. Torpaqlarımız şəhər-şəhər, kənd-kənd azad olundu. Mühüm tarixi və milli-mənəvi dəyəri olan Xudafərin körpüsünün azad olunması tarixi bir hadisə olaraq yaddaşlara yazıldı. Bununla yanaşı Cəbrayıl, Füzuli və Zəngilan rayonları düşməndən təmizləndi. Azərbaycan və İran Respublikaları arasında 132 km-lik sərhəd xətti bərpa edildi. Digər tərəfdən, Qubadlı, Laçın və Kəlbəcərin azad edilməsi ilə Azərbaycan və Ermənistan respublikaları arasında sərhədə nəzarət yenə Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Azərbaycan Ordusu qazandığı qələbə ilə ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum 4 qətnaməsini reallaşdırdı.
Vətən müharibəsi zamanı düşmənin qorxulu kabusuna çevrilən Xüsusi Təyinatlı Qüvvələrimizin döyüş hazırlığının yüksəldilməsinə yönəlik fəaliyyətlər planı bu gün də uğurla davam etdirilir. Belə ki, bu günlərdə Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri (XTQ) növbəti təlimlər keçirdi. Keçirilən təlimin planına əsasən bölmələr "Həyəcan" siqnalı ilə daimi dislokasiya məntəqələrindən əməliyyat rayonlarına çıxarıldı. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının da cəlb olunduğu təlimdə digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil olundu. Təlim boyunca xüsusi təyinatlılar və digər qoşun növləri qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdi. Keçirilən hazırlığın səviyyəsi Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət tərəfindən yoxlanıldı və qeyd olundu ki, xüsusi təyinatlıların döyüş hazırlığının yoxlanması və daha da yüksəldilməsi məqsədilə təşkil olunan təlimdə hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirdilər. Təbii ki, ölkəmizin hüdudlarında keçirilən müxtəlifmiqyaslı təlimlər dünya miqyasında müxtəlif fikirlərə səbəb oldu. Lakin onlar bilməlidirlər ki, il ərzində keçirilən fəaliyyətlər ilin əvvəlindən və ötən ilin sonlarından planlaşdırılır. Ordunun ölkə üçün təhlükəsizlik təminatçısı və güc nümunəsi olduğunu nəzərə alaraq anlamalıyıq ki, hərbi qüdrətin nəzarətdə saxlanılması mütləq şərtdir. Bunun üçün də dərs, məşğələlər, müxtəlifmiqyaslı təlim və kursların keçirilməsi vacibdir. Və Azərbaycan Ordusunun ölkə hüdudları daxilində hər hansı istiqamətdə təlim keçirməsi dövlətin daxili işidir.
Bununla yanaşı, Azərbaycan regionda və dünyada öz mövqeyini möhkəmləndirmiş güclü iqtisadi və siyasi imkanlara malik dövlətdir. Ölkəmiz  regionun lider dövləti olaraq dünyada etibarlı partnyor sayılmaqla yanaşı, həm hərbi, həm strateji, həm də iqtisadi sahələrdə dünyanın güc mərkəzləri olan dövlətlərlə mühüm əməkdaşlıqlara imza atıb. Artan xətlə gedən inkişaf, iqtisadi, siyasi, hərbi, diplomatik sahələrdə aparılan uğurlu fəaliyyətlər planı dövlətimizin gücünü daha da artırır. Bu da öz növbəsində Azərbaycanın dünya ölkələri sırasında nüfuzuna müsbət təsir edir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"