Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2022 18:20

Qarşıda bizi yalnız zəfərlər gözləyir

Doğma ordumuzun sıralarında xidmətə başlayanda ən böyük arzum illərdən bəri erməni işğalında qalmış torpaqlarımızın azadlığı uğrunda vuruşmaq idi. Bu arzuma 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda çatdım.
Hələ orta məktəb illərində ermənilərin soyuq bir qış gecəsində Xocalı şəhərində xalqımıza qarşı törətdiyi qanlı faciəni eşidəndə düşmənə nifrət etməyə başlamışdım. Özüm yaşa dolduqca ürəyimdə işğalçılara qarşı nifrət hissi ilə böyüyürdüm. Hərbi xidmətə elə düşməndən şəhidlərimizin intiqamını almaq təşnəsi ilə getmişdim. 2020-ci ildə əsgər kimi Vətən qarşısında borcumu yerinə yetirdim. Həmin ilin avqustunda həyatımı orduya bağladım.
Bir aydan sonra İkinci Qarabağ müharibəsi alovlandı. Döyüşlərə Füzuli istiqamətindən başladıq. Sentyabrın 27-də ermənilər hücuma keçən kimi torpaqlarımızın müdafiəsinə cəlb olunduq. Düşmən Burğa dərəsi istiqamətdən hücuma keçmişdi. Hücumun qarşısını qısa müddətdə alıb geri sıxışdırmağa başladıq. Ən çətin və gərgin döyüşümüz də burada oldu. Sonra komandanlıq əks-hücum əmri verdi. Gərgin döyüşlərdən sonra Füzuli rayonunun Qacar və Zoğalbulaq kəndlərini işğaldan azad etdik. Düşməni məğlub edib geri oturtduqca, döyüşlərdə uğur qazandıqca zəfərə olan inamımız daha da artırdı. İşğalçıları geri sıxışdıra-sıxışdıra böyük strateji əhəmiyyətə malik olan Ərgünəş yüksəkliyini də azad etdik. Getdikcə döyüşlər gərgin xarakter alırdı.
Bölməmizi Xocavənd rayonuna göndərdilər. Bu istiqamətdə də uğurlu döyüşlər oldu. Ali Baş Komandanın sərkərdəliyi və Azərbaycan əsgərinin əzmkarlığı Qarabağı azad etdi.
Müharibə qələbəmizlə başa çatdı. Biz düşmən üzərində zəfər çaldıq, torpaqlarımızı azad etdik. Bu gün xidmətimi komando hərbi hissəsində davam etdirirəm. İndi daha peşəkar, daha hazırlıqlı, daha güclüyük. Deməli, qarşıda bizi yalnız və yalnız zəfərlər gözləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülmüşəm.

Ümid XƏLİLLİ “N” hərbi hissəsi

foto Namiq PƏNAHOVUNDUR