Dağların zirvəsində Vətənimizi qoruyanların yanındayıq bölmədəyik. Ətrafda sakitlikdir. Hamı verilən tapşırıqların icrası ilə məşğuldur. Bölmədəki səliqə-sahman, təmizlik və şəxsi heyətin nizam-intizamı xidmətin düzgün təşkilindən xəbər verir. Əsgərlərin asudə vaxtlarını necə keçirmələri ilə maraqlanıram.
Zabit Mustafa Əsgərli ilə yataqxanaya tərəf gedirik. Əsgərlərdən bir neçəsinin qəzet, jurnal və kitab oxuduqlarının şahidi oluram. Zabit bildirdi ki, şəxsi heyətin asudə vaxtının səmərəli təşkili komandirlər tərəfindən daim diqqətdə saxlanılır. "Biz çalışırıq ki, əsgərlərimiz daha da maariflənsinlər, dünyagörüşlərini artırsınlar. Bunun üçün bütün bölmələrimiz müxtəlif bədii kitablarla, qəzət və jurnallarla təmin olunur. Bundan əlavə dama və şahmat oyunları, tariximizdən, qəhrəmanlardan, vətənpərvərlikdən bəhs edən filmlərin nümayişini də təşkil edirik. Bir sözlə, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına müsbət təsir edən asudə vaxtlarını elə təşkil edirik ki, mənəvi və estetik mədəniyyətlərini daha da yüksəltsinlər. Döyüş hazırlığı kimi bu vəzifə də üzərimizə düşən mühüm tapşırıqlardandır".
Əsgərlərə nəzər yetirdik. Həvəslə oxuyur, oxduqlarını müzakirə edirlər. Kimi "Azərbaycan Ordusu" qəzetini, kimi bədii kitabı, kimi müxtəlif sahələrdən yazılan jurnalları... oxuyur. Bölmədəki müsbət aura deyir ki, hər kəs xidmətdən, yaradılan şəraitdən razıdı. Həm də şəxsi heyət arasında sağlam mühitin, mehribançılığın olduğu açıq-aşkar görünür. Əsgərlərlə salamlaşıb, həm onları yaxından tanıyır, həm də düşüncələrini öyrənirəm. Əsgərlər Himayət Mehdiyev, Ramil Hüseynov, Ramin Ağayev və digərləri xidmətlərinin uğurla davam etməsindən, Vətənin keşiyində dayanmağın qürurundan, asudə vaxtlarının səmərəli keçirilməsindən danışırlar. "Əsgər olan hər gənc kimi biz də qürurluyuq. Vətənin keşiyində ayıq-sayıq xidmət aparırıq. Xidmətimizi layiqincə yerinə yetirmək üçün hər cür şəraitimiz var. Bütün təminatlarımız yüksək səviyyədədir. Digər fəaliyyətlərimiz kimi asudə vaxtlarımız da yüksək səviyyədə təşkil olunur. Həm istirahət edir, həm maariflənir, həm də maraqlı diskussiyalar aparırıq. "Azərbaycan Ordusu" qəzetindən Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunan bölgələrə səfərlərini, silahdaşlarımız haqqında yazılan məqalələri, reportajları maraqla oxuyuruq. Bizə göstərilən diqqət və qayğıdan, sosial-məişət şəraitimizdən hər birimiz razıyıq. Fəxr edirik ki, rəşadətli Azərbaycan Ordusunun əsgərləriyik".
Çətin reylefdə, uca dağların qoynunda torpaqlarımızı qoruyan əsgərlərlə görüş yaddaqalan olur. Onların səmimi və maraqlı söhbətləri, bilikləri və dünyagörüşləri bizə xoş ovqat aşılayır. Bu da bölmədə xidmətin düzgün təşkilinin və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasının göstəricisidir.
Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"