Gənc nəslin formalaşmasında idmanın böyük əhəmiyyəti var. Buna görə də hərbi xidmətdə fiziki hazırlıq məşğələsi, nizam qaydaları ilə tənzimlənir.
Ordu quruculuğunun ən mühüm tərkib hissələrindən biri də döyüş hazırlığıdır. Döyüş hazırlığı həm də fiziki hazırlıqla yüksəldilir. Əsgərlərin fiziki hazırlıqlarının yüksək səviyyədə saxlanılması onların döyüş hazırlıqlarının səviyyəsini müəyyənləşdirir.
Fiziki hazırlıq idmana maraq da yaradır, əsgərlər idmanın bu və ya digər növləri ilə ciddi məşğul olurlar. Əvvəlcə hərbi hissədə, sonra birləşmələr arasında keçirilən yarışlarda iştirak edirlər.
Azərbaycan Ordusunda fiziki hazırlıq şəxsi heyətin formalaşmasında mühüm rol oynayır. Hərbi qulluqçuların idman məşğələləri planlaşdırılır, sonra həyata keçirilir: səhər gimnastikası, isinmə hərəkətləri, kütləvi idman tədbirləri, yarışlar, eyni zamanda, asudə vaxtlarda fiziki göstəricilərini artırmaq üçün yaradılan əlavə məşğələlər hərbi qulluqçuların fiziki baxımdan formalaşmasında əhəmiyyətli olur.
İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri döyüş hazırlığı ilə bərabər fiziki hazırlığı ilə də döyüşləri qələbəylə tamamladı, Ali Baş Komandanın döyüş əmrini sədaqətlə yerinə yetirdi.
"N" hərbi hissəsində də əsgərlər fiziki hazırlıq məşğələsində fəal iştirak edirlər. Onlar təlimata uyğun, tapşırılan hərəkətləri məsuliyyətlə yerinə yetirirlər. Bilirlər ki, hər bir hərəkət ayrılıqda da, vəhdətdə də fiziki hazırlıq üçün gərəklidir. Baş leytenant Aydın Niftəliyevin nəzarəti altında əsgərlər bir neçə idman hərəkətini yerinə yetirdilər. Zabit dedi ki, hərbi qulluqçuların döyüş və taktiki vəzifələrin yerinə yetirilməsində fiziki hazırlıq əhəmiyyətidir. Hər bir hərbi qulluqçu bilir ki, çətin relyefə malik ərazilərlə rastlaşanda yüksək fiziki göstəricilərə görə döyüş tapşırıqlarını vaxtında və düzgün yerinə yetirəcəklər.
Əsgərlər də fiziki hazırlığın əhəmiyyətindən danışdılar. Söhbət zamanı əsgər Orxan Tağıyev dedi: "Biz qüdrətli ordunun əsgəri olaraq nizam-intizamla bir sırada fiziki hazırlığımızı da yüksək səviyyədə saxlayırıq".
Əsgər Adəm Qasımov yoldaşının sözlərinə qoşularaq dedi: "Ordumuzda xidmət edən hər bir hərbi qulluqçu ilkin olaraq sağlam olmalıdır, bunun üçün idmanla daim məşğul olmalıdır".
Əsgərlərin düşüncələri onların həm hərbi xidmətə sevgisinin təsdiqi idi, həm də idmana münasibətinin.
Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"
fotolar Namiq PƏNAHOVUNDUR