Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 2022 11:56

Zəfər sədaqətlə yaşadılacaq

Maraq istəyə dönür, istək - həyat yoluna. Ona görə həyat yoluna ömür yolu da deyirlər - ömür yolu istək yoludur.
Ötən əsrin sonlarından etibarən gənclərin peşə seçiminə Ermənistanın işğalçılıq siyasətinin, Azərbaycandan ərazi iddiasının, bunun davamı kimi ədalətsiz müharibənin də böyük təsiri olub. Hərbçi peşəsinə maraq göstərənlər, hərbçi peşəsini seçənlər çoxalıb.
Möhsüməli Cəfərov Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. Orta məktəbdə oxuyanda tarix müəlliminin ermənilərin ötən əsrin əvvəllərində Bakıda, Naxçıvanda, Qubada, Şamaxıda,.. törətdiyi kütləvi qırğınlardan, bu qəddarlığın başqa formada əsrin sonunda da törədildiyini öyrənəndə digərləri kimi Möhsüməlinin də yumruğu düyünlənmişdi, "Qisas qiyamətə qalmır, müəllim...", - demişdi. Müəllimin əli onun çiyninə enmişdi...
Hərbçi olmağı qərara alanda ona tarix müəllimi də xeyir-dua vermişdi...
Möhsüməli Cəfərov 2012-ci ildə Heydər Əliyev adına Hərbi liseyə daxil oldu. Oranı bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) davam etdirdi. 2017-ci ildən qoşunlarda xidmət edir.
- Ali Hərbi Məktəbdə Hərbi and içəndə digər kursantlar kimi mən də həyəcanlı idim. Yüksək rütbəli zabitlərin, valideynlərin, hətta sevgilərlə tədbirə gəlmiş uşaqların qarşısında Vətənə sədaqətlə xidmət edəcəyimizə and içirdik. Qəbul imtahanından sonra Şəhidlər xiyabanında 10 nəfər gənc Vətən naminə canımızı əsirgəməyəcəyimizə and içmişdik. O andımız Hərbi Andımızı rəsmən tamamladı..., - baş leytenant Möhsüməli Cəfərov dedi.
Gənc zabit müxtəlif hərbi hissələrdə xidmət edib. Artilleriyaçıdır. İkinci Qarabağ müharibəsi iştirakçısıdır.
- Batareyamız müharibədə komandanlığın əmrlərini vaxtında və dəqiq yerinə yetirirdi. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə batareyamızın dəqiq atışlarının mövqe qələbələri qazanılmasında mühüm əhəmiyyəti oldu. Atışlarımız düşmənin mövqelərini, dayaq məntəqələrini dağıtdı, döyüş texnikalarını, canlı qüvvəsini sıradan çıxartdı.
Batareya Qubadlı uğrunda gedən döyüşlərdə də fərqlənib. Düşmənin mövqelərinə dəqiq artilleriya atışları aparan batareyanın döyüş fəaliyyəti bəyənilib.
Baş leytenant Möhsüməli Cəfərov İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Zabit əminliklə deyir ki, Zəfər heç zaman unudulmayacaq, bizdən sonra xidmət edənlər ərazi bütövlüyümüzü sədaqətlə qoruyacaqlar.

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR