Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 2022 11:49

Vətənin məğrur oğlu

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Elnur Pirməmmədov öz ixtisasının peşəkarıdır. Tank əleyhinə raket kompleksinin komandiri olan Elnur daim öz bilik və bacarığını tabeliyində olanlarla bölüşür. Onların qurğu barədə həm nəzəri, həm də praktiki biliklərini zənginləşdirir.
Elnur Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır. O, 44 günlük haqq savaşımızda komandiri olduğu heyət ilə birlikdə düşmənə göz açmağa imkan verməyib. Dəqiq hesablamalar apararaq işğalçıların canlı qüvvə və texnikalarının, sığınacaqlarının, bölmələrinin, atəş nöqtələrinin koordinatlarını təyin edərək sərrast atəşlə məhv edib. Bunların nəticəsidir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Elnur Pirməmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Uşaq vaxtlarından hərbi xidmətə böyük maraq göstərən Elnur söhbətimiz zamanı bildirdi ki, hər zaman hərbi mundiri geyinib Vətən müdafiəçisi olmaq istəyi ilə yaşayıb. "Ermənilərin xalqımızın başına açdığı faciələrdən, törətdiyi qırğınlardan məlumatlıydım. Yağıların xüsusi amansızlıqla soydaşlarımızı qətlə yetirməsi qisas və nifrət hissimi artırırdı. Həmin andan etibarən hərbçi olacağıma və düşməndən qisas alacağıma qərar verdim. Müəyyən müddət keçdikdən sonra nəhayət, arzuma çatdım. Bütün cəsur oğullarımız kimi Azərbaycan Ordusunun sıralarına xidmətə gəldim. Vətən torpaqlarını göz bəbəyim kimi qoruyacağıma və onun uğrunda hər an canımı belə verməyə hazır olacağıma and içdim. O gündən içdiyim anda sadiq qalaraq, hərbi sirlərə dərindən yiyələndim. Çox keçmədi ki, həm komandirlərimin, həm silah yoldaşlarımın, həm də tabeçiliyimdəki əsgərlərin böyük hörmət və rəğbətini qazandım. Xidmətə başladığım ilk andan etibarən vəzifə borcumun öhdəsindən bacarıqla gəlməyə nail oldum, verilən bütün əmr və tapşırıqlara məsuliyyətlə yanaşdım. Məhz bunun nəticəsidir ki, qarşıya qoyulan istənilən döyüş tapşırıqlarının öhdəsindən asanlıqla gəlməyə qadirəm. Aprel döyüşləri, Tovuz hadisələri və Vətən müharibəsi bunun bariz nümunəsidir".
Əlbəttə, belə cəsur oğullarımızı tanıyandan sonra əmin oluruq ki, torpaqlarımızın müdafiəsi əmin əllərdədir. Elnur kimi mərd, cəsur və igid oğullarımız istənilən təxribatların qarşısını almağa və Vətənimizi düşməndən qorumağa qadirdirlər. Onlar kimi qəhrəmanlarımızın sayəsində torpaqlarımız işğaldan azad edildi və el-obalarından didərgin düşən həmvətənlərimizin geriyə dönüşü üçün qapılar açıldı.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"