İkinci Qarabağ müharibəsində işğalçılara qarşı cəsarətlə vuruşduq. İllərdən bəri həsrət qaldığımız torpaqlarımızın azad olunmasında fəal iştirak etdik. Vətən müharibəsinin birinci günü çox gərgin keçdi. Qısa müddət ərzində düşmənin hücumlarının qarşısını cəsarətlə aldıq. Döyüşlər nə qədər gərgin keçsə də, məqsədimizə nail olduq.
Biz Füzuli istiqamətində vuruşurduq. İyirmi səkkiz ildən sonra döyüşlər başlamışdı. Nəyin bahasına olursa-olsun, qalib gəlməliydik. Bu, bizim Vətən və xalq qarşındakı müqəddəs borcumuz idi. Üzərimizə düşən bu borcu şərəf və ləyaqətlə yerinə yetirməliydik. Yetirdik də! Döyüşlərə də qələbə əzmi ilə başladıq. Füzuli istiqamətində bir neçə yaşayış məntəqəsini azad etdikdən sonra bizi Xocavənd rayonuna göndərdilər. Həmin vaxt bu istiqamətdə də gərgin döyüşlər gedirdi. Elə ilk günlərdən düşməni məğlub edib geri sıxışdırdıq. Getdikcə canlı qüvvə və zirehli texnikasını itirən düşmən zəifləyirdi. Zəifləsə də, tez-tez olub-qalan qüvvəsini döyüşlərə cəlb edib müqavimət göstərməyə çalışırdı. Amma işğalçıların bütün cəhdlərinin qarşısını qətiyyətlə aldıq. Şuşa uğrunda vuruşmaq çoxdankı arzum idi. Axır ki, bu arzuma çatdım. Xocavənd istiqamətində bir müddət vuruşandan sonra bizi Şuşanı işğalçılardan azad etməyə göndərdilər. İrəliyə atılan hər addım bizi qələbəyə yaxınlaşdırırdı. Şuşa uğrunda bütün gücümüzlə vuruşurduq. Axır ki, noyabr ayının 8-də Şuşa erməni işğalçılarından azad olundu. Füzulidən başlayan döyüş yolum Şuşada zəfərlə başa çatdı.
Vətən müharibəsində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "İgidliyə görə" medallarına layiq görüldüm.
Heydər FƏRMANLI “N” hərbi hissəsi
foto Namiq PƏNAHOVUNDUR