Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 2022 11:43

Ordumuzda görülən işlərin əsas məqsədi regionda sülhü, sabitliyi təmin etməkdir

Azərbaycan bu gün apardığı uzaqgörən, düşünülmüş, milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunmasında təxirəsalınmaz və sistemli addımlar atmaqdadır. Həmçinin xarici siyasətin əsas istiqamətlərindən biri də dünyada sülhyaratma prosesində iştirakıdır ki, dünyanın mühüm beynəlxalq təşkilatları və aparıcı dövlətləri ilə keçirilən müxtəlif görüşlərdə öz mövqeyimiz aşkar bəyan edilir. Ali Baş Komandanın qətiyyətindən, xalqın etimadından güc alan ordumuzun daha da güclənməsi istiqamətində mühüm işlərə imza atılır. Belə ki, güclü ordu, güclü dövlət deməkdir. Əsası müasir standartlara və inkişafa söykənən ordu quruculuğunun inkişafı prosesinin mühüm istiqamətlərindən biri dünyanın hərbi güc mərkəzi olan qurum və ölkələrilə yaradılan əməkdaşlıq və tərəfdaşlıqlardır. Haqq savaşımız başa çatsa da, ordumuzun daha da gücləndirilməsi və günün tələbləri çərçivəsində qurulması istiqamətində müxtəlif tədbirlər planı həyata keçirilir. Məlumdur ki, Azərbaycan əsgərinin döyüş qabiliyyətini və Vətəni müdafiə bacarığını yüksəldən başlıca amillərdən biri ordumuzda keçirilən müxtəlif təyinatlı təlimlərdir. Belə ki, hər il təsdiq olunmuş plana əsasən, hərbi qulluqçularımız həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda təlim-məşq toplanışlarında iştirak edir, hərbi bilik və bacarıqlarını daha da təkmilləşdirirlər. "Təlimdə tökülən tər, döyüşdə qazanılan zəfər" məsəli əbəs yerə dillər əzbəri deyil. Çünki təlim əvvəli və sonu məlum olan kiçik döyüş mühitidir. Təlim meydançası isə şəxsi heyətin xidmətə qədər və xidmət müddətində mənimsədiyi nəzəri biliklərin, praktiki icra nöqtəsidir. Hərbi qulluqçu məhz təlim zamanı müharibə və savaş sözlərinin mahiyyətini daha düzgün dərk edir. Əsgər üzərinə düşən məsuliyyət hissini dərindən anlamağa başlayır. Bir sözlə, təlim prosesi şəxsi heyətin döyüş ruhunun artırılması, ona təhkim olunmuş silah və texnikadan lazımi səviyyədə istifadə olunması üçün zəruri tədbirlərdəndir.
"N" hərbi hissəsinin şəxsi heyətinin iştirakı ilə keçirilən nümunəvi tabor taktiki təlimdə iştirak etdik. Bölmənin hərbi qulluqçuları komandirlərin rəhbərliyi altında qarşıya qoyulan tapşırıqları icra edirdilər. Zabit Samir Yusubov ilə söhbətləşdim. O, taktiki təlimdəki fəaliyyətlərlə bağlı bizi məlumatlandırdı. “Bugünkü təlim haqqında öncə onu qeyd etməliyəm ki, keçirilən dərslərdə nəzəri vərdişləri mənimsəyən şəxsi heyət, bilik və bacarıqlarını burada məhz təlim nöqtəsində sınaqdan keçirir. Nəzəri cəhətdən öyrənilənlər əyani surətdə tətbiq edilərək daha dərindən mənimsənilir. Real döyüş mühitinə uyğun təşkil olunmuş təlimin plan ssenarisinə əsasən, əldə edilən kəşfiyyat informasiyalarına görə düşmənin diversiya qrupunun təxribat törədəcəyi ərazi müəyyənləşdirilib. Planla təlim zamanı bölmə plan-ssenariyə əsasən, yaşayış məntəqələrinin mühafizəsi, axtarış əməliyyatları, konvoy və müşahidə fəaliyyətlərinin təşkil olunması, humanitar yardımın göstərilməsi və hücum taktiki fəaliyyətini icra etdi. Sevindirici haldır ki, hərbi qulluqçularımız tapşırıqları dəqiqliklə yerinə yetirib və yuxarı komandanlıq da bölmənin göstərdiyi nəticədən və döyüş hazırlığından razı qalıb".
Növbəti müsahibim baş leytenant Orxan İsmayılov oldu. İcra olunan fəaliyyətlər haqqında ətraflı məlumat verən zabit bildirdi ki, mütəmadi keçirilən təlimlər şəxsi heyətin xidməti fəaliyyətinin təşkilində mühüm rol oynayır. "Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra hər zaman qonşu dövlətlərlə və dünya ölkələri ilə qurulan münasibətlərin sülh, qarşılıqlı etimad üzərində qurulmasının tərəfdarı olub.  Bugünkü təlimdə missiyalar zamanı mülki əhali ilə davranış, mülki avtomobillərin yoxlanış qaydaları, hərbi əsirlərlə rəftar, ilk tibbi yardımın göstərilməsi prosesi və digər fəaliyyətlər üzrə şəxsi heyətdən normativlər və praktiki tapşırıqlar üzrə qiymətləndirmələr aparıldı. Tapşırıqların qüsursuz və operativ şəkildə yerinə yetirilməsi hər birimizin ovqatına müsbət təsir edir. Və göstərilən nəticələrə görə deyə bilərik ki, məşğələlər səmərəli keçib və öyrədilən mövzular dərindən mənimsənilib".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Emil Məmmədov da taktiki təlimdə iştirak edən hərbi qulluqçularımızdan biri idi. Uzun illərdir ordu sıralarında xidmət edən Emilin, bacarığı və peşəsinə olan ürəkdən bağlılığı sözlərindən hiss olunurdu. Söhbət zamanı təcrübəli çavuş qeyd etdi ki, təsdiq olunan plana əsasən, hazırlıq tədbirləri kompleks şəkildə yerinə yetirilir. "Regionda sabitliyin qorunub saxlanmasında, təhlükəsizliyin təmin olunmasında əsas rol oynayan Azərbaycan Ordusu hər zaman ona olan etimadı və inamı layiqincə doğrultmağı bacarıb. Bu gün də qarşımızda dayanan əsas vəzifə, regionda sülhün və sabitliyin təmin olunmasıdır. Təcrübəli komandirlərimizin rəhbərliyi altında qazandığımız nəzəri bilikləri təlim mərkəzlərində praktiki olaraq icra edirik. Şəxsi heyətin təlim-məşqlərdə nümayiş etdirdiyi peşəkarlıq komandirlərimiz tərəfindən yüksək qiymətləndirilir və onların şəxsi heyətə olan etimadı bizi gələcək uğurlara aparır.
Taktiki təlimdə iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Mayıl Məmmədov bildirdi ki, haqq savaşından üzüağ çıxan rəşadətli ordumuzun dünya aparıcı ordularının standartlarına uyğun qurulması fonunda görülən işlər bu gün də uğurla davam etdirilir. "Son vaxtlar dünyanın qlobal gücləri arasında artan ixtilaflar, qarşılıqlı əlaqələrdə yaranan gərginliklər, pandemiyanın və savaşın qoyduğu izlər və ümumi müxtəlif qəbildən olan mənfi proseslər dövlətimizin hərtərəfli və dinamik inkişafına heç bir mənfi təsir göstərməyib. Sevindirici haldır ki, ordumuz aparılan mühüm quruculuq işləri sayəsində bu gün dünyanın aparıcı orduları sırasında mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin döyüş bacarığı və özünümüdafiə qabiliyyəti durmadan artır. Bölməmizin də öz növbəsində üzərinə düşən əsas vəzifələrdən biri pre-konflikt, konflikt və post-konflikt dövründə beynəlxalq hüquq normasını və humanizm dəyərlərini lazımi şəkildə qoruyub saxlamaqdır".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təbriz Cəfərov da söhbət əsnasında bildirdi ki, ordu quruculuğu bizdən bilikli, iradəli və nizamlı olmağı tələb edir və bu keyfiyyətlər vəhdət təşkil edəndə biz daha da güclü oluruq. Bu gün qalib və müasir tələblər çərçivəsində daha da inkişaf etdirilən ordumuzda şərəflə, vicdanla xidmət edirik. Ölkəmizin təhlükəsizliyinin qarantı onun rəşadətli ordusu, ordumuzun uğurunun təminatçısı onun əsgəridir”.
Bu gün regionda yaranan reallıqlar və faktlar onu təsdiqləyir ki, Azərbaycan regional təhlükəsizliyin və sabitliyin tərəfdarıdır və Azərbaycan Ordusu bu məsələdə mühüm rola sahibdir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"