Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Noyabr 2022 11:27

“İgidlərin var olduqca, Sən də varsan Azərbaycan!” adlı tədbir keçirildi

Azərbaycan Hərb Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ikinci ildönümünə həsr olunmuş  "İgidlərin var olduqca, Sən də varsan, Azərbaycan!" adlı tədbir keçirildi. Tədbirdə qazilər, Vətən müharibəsi iştirakçıları, məktəb şagirdləri və müəllim heyəti, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin ruhları yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş nitqi ilə açan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə qonaqları salamlayaraq bildirdi ki, Azərbaycanın işğal olunmuş tarixi ərazilərinin separatçı qüvvələrdən təmizlənməsi uğrunda aparılmış və 44 gün davam edən Vətən müharibəsinin Zəfərlə başa çatmasından artıq iki il ötür. "Ötən hər gün bizi həmin hadisələrdən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan tarixi qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələri bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan cəbhədə atəşkəs imzalanandan bəri danışıqlar yolu ilə işğal edilmiş torpaqların azad edilməsinə can atsa da, Ermənistan cəmiyyətində mövcud olan hərbi eyforiya buna imkan vermədi. Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır - nöqtə" ifadəsi, 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində Ermənistan və Azərbaycan arasında dövlət sərhədində düşmənin törətdiyi təxribatlar sülh danışıqlarının nəticə vermədiyini açıq-aydın göstərirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan çıxış və müsahibələrində dəfələrlə açıq-aydın bəyanat vermişdi ki, sülh danışıqları heç bir nəticə verməsə, biz öz torpaqlarımızı nəyin bahasına olursa-olsun, isğaldan azad edəcəyik. Sentyabrın 27-də düşmənin diversiya qrupunun cəbhədə təxribatlar törətməsi hərbi əməliyyatların başlanması üçün qığılcım rolunu oynadı. "Dəmir Yumruq" adını almış hərbi əməliyyatların gedişi zamanı Azərbaycan Silahlı Qüvvələri arsenalında olan ən müasir silah və texnikadan yararlanmaqla düşmən ordusuna sarsıdıcı zərbələr endirdi. Müharibənin ilk  günlərindən son günlərinə qədər ordumuzun yüksək səviyyədə idarə olunması, qərargahların, zabit, gizir və əsgərlərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində düşmən döyüş meydanında ağır məğlubiyyətə uğradı. Ordumuzun şəxsi heyəti döyüşlərdə möhkəm intizam, yüksək hazırlıq nümayiş etdirərək döyüş hazırlığı prosesində qazandığı nailiyyətləri uğurla tətbiq etdi və 44 günlük haqq savaşımız Böyük Qələbə ilə sonlandı. Prezident İlham Əliyev çıxışlarının birində vurğulamışdır: "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq va qalib dövlət kimi əbədi yaşayacağıq".
Müharibə qaziləri gələcəyimizin memarları olan gənc şagirdlərə üzlərini tutaraq bildirdilər ki, bu gün işğaldan azad olunan tarixi torpaqlarımızın müdafiəçiləri məhz onlardırlar və Vətəni göz bəbəyi kimi qorumağın ən ümdə vəzifə olduğunu qeyd edən müharibə iştirakçıları müqəddəs amala xidmət edəcək şagirdlərə gələcək həyatlarında sülh, cansağlığı və uğurlar arzuladılar.
Digər çıxış edənlər də Vətən müharibəsində qazanılan qələbənin asanlıqla əldə olunmadığını qeyd etdilər. Bildirdilər ki, Zəfər şəhidlərimizin canı ilə, qazilərimizin qanı ilə qazanılıb. Həmçinin ordumuzun İkinci Qarabağ müharibəsində apardığı misilsiz taktiki irəliləyiş və qısa zaman ərzində düşməni darmadağın etməsindən danışan qonaqlar Silahlı Qüvvələrimizin ən müasir hərbi texnika və silahlardan istifadə edərək qazanılan qələbəyə misilsiz töhfə verdiyini qeyd etdilər.
Çıxış edənlər öz nitqlərini başa çatdırdıqdan sonra İkinci Qarabağ müharibəsindən və qazanılan Böyük Qələbədən bəhs edən sənədli film nümayiş etdirildi.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirildi.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"