Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2022 10:25

Bu qüruru bizə ordumuz yaşadır

Dünyanı heyrətləndirən tarixlər xalqın qüdrətidi. 1990-cı il milli-azadlıq hərəkatı da, bu hərəkatın nəticəsi olaraq dövlət müstəqilliyinin bərpası da, İkinci Qarabağ müharibəsi də, bu müharibənin sonunda qazanılan Zəfər də, milli-azadlıq hərəkatının mübarizlərinin övladları ədalətli müharibəmizin döyüşçüsü oldu. Bu döyüşlər vətənsevərliyin işğalçılıqla, azərbaycançılığın erməniliklə, bəşəriliyin neo-faşizmlə döyüşləriydi. Bunları dünyanın yaddaşına qüdrətli Azərbaycan Ordusu yazdı...
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz...".
Ermənistan sülh danışıqlarından yayınmaqda, regionda status-kvonu saxlamağa çalışırdı. Onun niyyəti Azərbaycandan işğal etdiyi torpaqları ləğv edilmiş Dağlıq Qarabağ ərafında birləşdirmək, yeni bir dövlət yaratmaq idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirmişdi: "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz". Bu qətiyyətli, son dərəcədə ciddi bəyanatdan sonra işğalçı dövlət niyyətindən əl çəkmək əvəzinə, işğal etdiyi ərazilərdən də, dövlət sərhədlərindən də yeni torpaqlar işğal etmək məqsədi ilə Azərbaycanın ərazilərinə hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı. Hərbi bölmələrimiz 2020-ci il sentyabrın 27-də də düşmən hücumunun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, İkinci Qarabağ müharibəsi idi, mahiyyəti etibarilə Vətən müharibəsi kimi davam etdi.
İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri ordunun gücünü şərtləndirən amillərdən idi. Ordumuz Ali Baş Komandanın müraciətlərdə dediyi bəyanatları Zəfərlə tamamladı.
Biz də xatırlayırıq, dünya da xatırlayır ki, İkinci Qarabağ müharibəsinə kimi Ermənistan işğal etdiyi ərazilərdə yaratdığı "Ohanyan səddi"nin keçilməzliyi ilə qürrələnirdi. Ordumuz döyüşlərlə düşmənin illərlə yaratdığı bu sədləri dağıtdı, ilkin mövqe qələbələri qazandı. Bu qələbələr Azərbaycan əsgərini son döyüşə aparırdı. Ordumuz Şuşa uğrunda da belə qətiyyətlə, dünyanı heyrətləndirən hünərlə döyüşdü...
Səməd Qasımov Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Müharibə başlayanda Arif də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinə müraciət etmişdi. "Atam şəhid olub, oğlum uşaqdı. Döyüşə getməsəm, atamın ruhu məni bağışlamaz...", - demişdi. Aparmamışdılar. Arif kimi düşünənlər müharibə müddətində ruhən döyüşlərdəydilər. Müharibədə analar ehtiyac olmasa da, döyüşən orduya nələr göndərmirdi? - xalq əsgərləşmişdi, yəni, xalqın döyüş ruhu əsgər ruhuydu - qətiyyətliydi, dönməziydi, döyüş əzminin bayrağıydı.
Tanıdığım bir ana Cəbrayılın Xudafərin kəndindəniydi. Cəbrayıl işğal olunanda o da evini-eşiyini tərk eləməyə məcbur olub. Onda 45 yaşı vardı. Əri, qardaşı şəhid olmuş bu qadının dilinin əzbəri Xudafəriniydi. "Ömür öz yurdunda yaşanılırsa, gözəldi, ay oğul. Öz Vətənində qəriblik ömrü yaşamaq ağırdı. Ordumuz bizi bu ağrılardan qurtaracaq. Həmin günə kimi ölmək istəmirəm...", - deyirdi. Müharibə başlayanda Ana təzə ev tikənlər kimi sevinirdi, təzə yurdunda ocaq çatanlar kimi sevinirdi. Bu sevinci hamı doğmalıqla yaşayırdı.
Müharibədə qazanılan qələbələr ananın da ürəyini dağa döndərirdi. Cəbrayıl işğaldan azad ediləndə tanıyanların hamısının əhatəsində Ana gözəl bir könül xoşluğu yaşadı. Göz yaşları üz-gözünü yandıra-yandıra, "Böyük yoldan evimizə kimi dizin-dizin gedəcəm. Əllərim evimizin divarına toxunandan sonra arzum qalmayacaq, təki son nəfəsim yurduma qismət olsun...". Bu kəlmələr illər çəkən sıxılcımları azaltmışdı. Ağrı-acıları yumşaltmışdı. Bir qədər aralıda başqa bir ana için-için ağlayırdı. Ananın kəlmələri onu bir az da kövrəltmişdi. Hıçqırıq içində, "Gözün aydın, ay bacı. Ordumuz Qubadlını da azad edər. Mən də sən deyənləri deyirəm..." - deyilən bu kəlmələr təsəlli idi...
Ermənistan Gəncəyə raketlər atdı. Dağıntılar da oldu, yaralananlar da. 30-a qədər vətəndaş şəhid oldu.
Bunlara görə hamı eyni qəhəri yaşadı. Qələbələrə görə eyni sevinci yaşayanlar bu qəhəri özünün qəhəri bilirdi; Vətən müharibəsində sevinc də ümumi idi, ağrı-acı da. Qazanılan Zəfər ona görə müqəddəs Zəfərdi...
Müqəddəs Zəfərin ikinci ilini də böyük qürurla yaşayırıq. Bu qüruru bizə İkinci Qarabağ müharibəsində də Azərbaycan Ordusu yaşatmışdı. 2022-ci il avqust, sentyabr döyüşlərində də....

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"