Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2022 10:25

Övladlarının müharibəsiz bir dünyada yaşamasını istəyirdi...

Payız fəslini yaşayırıq. Günlər keçdikcə havanın hərarəti azalır, sərin küləklər əsir. İkinci Qarabağ müharibəsi də ilıq bir payız günündə başlamışdı. Gizir Vahid Alıyev də elə bir payız günündə qələbə arzusu ilə, zəfər yanğısı ilə, Qarabağı erməni işğalçılarından azad etmək təşnəsi ilə döyüşlərə yollanmışdı. Yollanmışdı ki, tankçı kimi vuruşsun, döyüşsün, illərdən bəri ermənilərin tapdağında qalmış torpaqlarımızı işğaldan azad etsin. Düşmən üzərində zəfər çalanların sırasında o da olsun.
Əks-hücum əməliyyatlarının başladığı ilk gündən gizir Vahid Alıyev komandiri olduğu zirehli texnika ilə düşmən üzərinə şığıyır, mövqelərinə mərmilər yağdırırdı. Vahid döyüşə-döyüşə Şuşaya, Xankəndiyə, Xocalıya, həmçinin başqa şəhər və kəndlərimizəcən getmək istəyirdi. Təəssüflər ki, onun döyüş yolu qısa oldu. Vətən müharibəsinin ən gərgin anlarında ermənilər onun komandiri olduğu zirehli texnikanı vurdular. Vahidin həm döyüş, həm ömür yolu, həm də arzuları yarımçıq qaldı. Arzuları isə saysız-hesabsız idi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş gizir Vahid Alıyevdən yaxınlarına, doğmalarına acılı-şirinli xatirələri, bir də Abbas və Rahid adlı oğulları qaldı. O oğullar ki, həmişə ataları ilə fəxr edəcək, öyünəcəklər. İnanırıq ki, anaları Sona xanım övladlarını atalarının adına layiq böyüdəcək.

Müqəddəs izlər heç vaxt silinməyəcək

Gizir Vahid Alıyevin döyüş və ömür yolunu öyrənmək üçün evlərinə yollandıq. Bizi şəhidin həyat yoldaşı Sona xanım qarşıladı. Vahidin övladları həyətdə oynayırdılar. Bizi görən, səsimizi eşidən kimi darvazaya tərəf boylandılar. Bəlkə də atalarının gəldiyini zənn etmişdilər. Qəribə hisslər keçirirəm. Gözlərim asta-asta divarlarda, tavanda, döşəmədə dolaşır. Gizir Vahid Alıyev çox da uzun olmayan ömrünün bir hissəsini burada keçirib, övladlarını burada böyüdüb. Səhərləri bu evdə açılıb, axşamlarını bu evdə yola salıb. Təəssüf ki, iki ildən çoxdur Vahid bu evin qapısından içəri girmir. Adama elə gəlir ki, təkcə yaxınları, doğmaları deyil, evin divarları da onun üçün darıxıb. Bu evin hər qarışında Vahidin əl izləri qalıb. Əminik ki, doğmaları üçün müqəddəs olan bu izlər heç vaxt silinməyəcək.
İllər uzunu yaşadığı evdə indi Vahidə xatirə guşəsi düzəldilib. Guşəyə onun müxtəlif illərdə ailəsi, uşaqları ilə çəkdirdiyi şəkillər, nümunəvi xidmətinə görə aldığı fəxri fərmanlar, ömür və döyüş yolu haqqında  yazılmış məqalələr, dərc edilmiş qəzetlər qoyulub. Guşə Vahidin yaxınlarının ziyarətgahıdı, şübhəsiz. Biz də guşənin qarşısında baş əydik. Böyük maraq və ehtiramla şəkillərə baxa-baxa çoxdan eşitdiyim hikmət dolu bir fikri xatırladım: "Hər şəkildə min bir xatirə yatır".  Doğrudan da, elədir. Həyat yoldaşı ilə birlikdə çəkdirdiyi şəkillərə baxdıqca Sona xanımın xatirələri çözələndikcə çözələnir. Bu xatirələr yüzlərlə hadisənin qapısını üzümüzə açır. Sanki dil açıb bizimlə danışmaq istəyir.
Sona xanımın xatirələrini dinləməzdən əvvəl gizir Vahid Alıyevin ömür və xidmət yolu ilə yaxından tanış olduq. Onun keçdiyi qısa, lakin şərəfli ömür yolunu vərəqlədikcə öyrənirik ki, Alıyev Vahid Abbas oğlu 18 fevral 1989-cu ildə Daşkəsən rayonunun Alnutdağ qəsəbəsində dünyaya göz açmışdı. Anası Pəri xala başqa övladları kimi onun da boyunu sevə-sevə böyütmüşdü ki, yurda düşmən çəpəri olsun, zamanı gələndə el-obasını yadelli işğalçılardan qorusun. On səkkiz yaşı tamam olanda 2007-ci ildə Vahid də tay-tuşları ilə bərabər böyük həvəslə ordu sıralarına yola düşdü. Vahid hələ kiçik yaşlarından əyninə forma geyinib Vətənə əsgər olmaq istəyirdi.

Ordenli, medallı igid

Gizir Vahid Alıyev 2007-ci ildə -  Vətənə əsgər oldu, cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmətə başladı. Xidmət etdikcə orduya olan sevgisi və hərbi xidmətə marağı da artdı. Sevgisi artdıqca ürəyinin dərinliyində gələcək həyatını orduya bağlamaq istəyi baş qaldırdı. Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirdikdən bir müddət sonra ürəyindən keçən istəyini gerçəkləşdirdi. 2012-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizirlik kursunda oxudu. Kursu bitirdikdən sonra tankçı kimi "N" hərbi hissəsində xidmətə göndərildi. Gizir Vahid Alıyev hərbçi kimi üzərinə düşən tapşırıqları bacarıqla yerinə yetirib, xidmətinə məsuliyyətlə yanaşıb, təlimlərdə fəal iştirak edib, bilik və bacarığını ordu sıralarında ilk addımlarını atan gənc əsgərlərə böyük həvəslə öyrədib. Çalışırdı ki, tabeliyindəki şəxsi heyətin döyüş hazırlığı yüksək olsun.  
Vahid Alıyev 2014-cü ildə sevib-seçdiyi Sona xanımla ailə qurub. 7 avqust 2015-ci ildə onun bir oğul övladı dünyaya göz açıb. Ona atasının adını verib - Abbas. 14 yanvar 2017-ci ildə gizir Vahid Alıyevin ailəsində daha bir sevincli gün yaşanıb. Onun ikinci oğlu dünyaya gəlib. Vahid uşağın adını Rahid qoyub. Beləcə, övladlarını böyüdə-böyüdə ömrünün ən xoş günlərini yaşayıb. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda övladlarını həyat yoldaşı Sona xanıma tapşıraraq Vətən uğrunda savaşa yollanıb.
Döyüş yolu Füzuli rayonundan başlayıb. Vahid düşmən sədlərinin yarılmasında fəal iştirak edib. Tankçı kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlib. Demək olar ki, o, hər gün həyat yoldaşı ilə telefon əlaqəsi saxlayıb, övladlarından xəbər tutub. İştirak etdiyi döyüşlərdən, erməni işğalçılarını necə məhv etdiklərindən danışıb. Günlərin birində onun zənglərinin arası kəsilib. Bir payız günündə ailəsinin qapısını Vahidin ölüm xəbəri döyüb. Sentyabrın 30-da Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. 2 oktyabr 2020-ci ildə Daşkəsən rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə döyüşlərdə göstərdiyi igidliyə görə Alıyev Vahid Abbas oğlu "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

“Qızımız olsa, adını sən qoyarsan”

Sona xanım həyat yoldaşı ilə bağlı kövrələrək xatirələrini çözələyir:
- Bakı şəhərinə gələndə təsadüfən tanış olmuşduq. Sonralar bildim ki, elə ilk baxışdan məni sevib. Dörd il bu sevgini ürəyində gəzdirib. Vahidin məni sevdiyini yalnız bir payız günündə evimizə elçilərini göndərəndə bildim. Qəribə idi ki, mən onu bir payız günündə tapmışdım, elə bir payız günündə də itirdim. Toyumuz da 2014-cü ilin payızında oldu. Ürəklərimizdə dolub-daşan arzu və istəklərlə bir-birimizə qovuşduq. 2015-ci ildə oğlumuz dünyaya gəldi. Rahiddən sonra dedi ki, qızımız dünyaya gələndə adını qoymağı sənin ixtiyarına buraxacam. İki oğul atası idi, amma qız övladı da istəyirdi. Vahid bu sözləri tez-tez deyirdi: "Sona, kaş Qarabağ uğrunda müharibə tezliklə başlaya. İstəyirəm ki, biz tezliklə Qarabağı ermənilərdən azad edək. Müharibə bizdən ötüb övladlarımıza qalmasın. Onlar azad, firavan, müharibəsiz bir dünyada yaşasınlar." Vahid arzusuna çatdı. Qarabağ uğrunda döyüşlər başladı. Həyat yoldaşım müharibəyə yollandı. İlk günlər zəng vurub ermənilərlə apardıqları uğurlu döyüşlərdən danışırdı. Füzuli rayonu uğrunda vuruşurdu. Deyirdi ki, düşmənin mövqelərini darmadağın edib irəliləyirik. Ermənilər qarşımızda dayana bilməyib qaçırlar. İnşallah, tez bir zamanda düşməni qovub torpaqlarımızdan çıxaracağıq. Qarabağ müharibəsi övladlarımıza qalmayacaq. Təəssüflər ki, sentyabrın son günlərində Vahidin şəhid olduğunu eşitdik. Canını Vətənin azadlığı naminə qurban verdi. Qurban verdi ki, övladları müharibəsiz, səmasında sülh göyərçinləri qanad çalan bir dünyada, əmin-amanlıqda yaşasınlar.
Şəhid olandan bir neçə gün sonra bizə onun əşyalarını göndərmişdilər. Bu əşyaları ondan son xatirə kimi saxlayacam. Qürur duyuram ki, həyat yoldaşım torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Mən Vahiddən yadigar qalan övladlarını onun adına layiq böyüdəcəyəm.

“Oğullar verdi ki, can, yaşasın Azərbaycan...”

Şəhid gizir Vahid Alıyevin böyük övladı Abbas Balaxanı qəsəbəsindəki 69 nömrəli məktəbin birinci sinfində oxuyur. Biz şəhidin ailəsinə baş çəkəndə Abbasın ibtidai sinif müəllimi Samirə Kərimovanı da burada gördük. Müəllim də şəhid aliəsini ziyarətə gəlmişdi. Söhbət zamanı Samirə xanım dedi ki, Abbasın atası Vahid müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olub. “Döyüşçü şair Elxan Xəzərin bu misrasını tez-tez xatırlayıram: "Oğullar verdi ki, can, yaşasın Azərbaycan!" Vahid İkinci Qarabağ müharibəsində qələbəni bizə yaşadan oğullardan biridir. Şəhid övladlarına diqqət və qayğı göstərmək hamımızın müqəddəs borcudur. Şəhidlərin övladı hamımızın övladıdır, xalqımızın övladıdır, Azərbaycanın övladıdır. Mən Abbasın dərsləri ilə yaxından maraqlanır, ona diqqət və qayğı ilə yanaşıram. Çalışıram ki, dərslərində çətinlik hiss etməsin. Ətrafında həmişə ona diqqət və qayğı göstərənləri görsün. Ümid edirəm ki, bu, həmişə belə də olacaq”.
Şəhid gizir Vahid Alıyevin timsallarında bütün şəhidlər əbədi olaraq ürəklərdə yaşayacaq, heç vaxt qəlblərdən və yaddaşlardan silinməyəcəklər.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"