Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2022 10:25

Ölümləri ilə ölümsüzləşən qəhrəmanlar

1995-ci il oktyabrın 28-də metronun "Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasında baş vermiş qəfil yanğın hadisəsi onlarla şəhər sakininin ömrünə son qoydu. Başımıza gələn bu dəhşətli faciədən 27 il keçməsinə baxmayaraq, o qanlı hadisə daim qəlbimizi göynədir, ürəyimizi ağrıdır. Xalqımız bu qanlı faciədə həlak olanların xatirəsini həmişə hörmətlə yada salır, ehtiramla anır. Soyuq bir payız günündə baş verən qanlı faciədə yaralananlara kömək edənlərin arasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabiti, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş baş leytenant Çingiz Babayev və "İgidliyə görə" medalına layiq görülmüş kursantlar Samir Məmmədov, Ruslan İsayev və Nicat Səfərov da olublar. Bu kursantlar öz həyatlarını təhlükəyə ataraq köməyə ehtiyacı olanları xilas ediblər. Təəssüflər olsun ki, yaralıları xilas etməyə çalışan zabit və kursantlar faciədə həyatlarını itiriblər. Özləri həlak olublar, amma başqalarına ömür veriblər. Cəsarətli ölümləri ilə ölümsüzlük qazanıblar.
Hər il Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu faciədə xüsusi qəhrəmanlıq göstərmiş zabit və kursantların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilir. Onların məzarları ziyarət olunur, qəbirləri üzərinə təzə-tər qərənfillər qoyulur.
Baş leytenant Çingiz Babayev, kursantlar Samir Məmmədov, Ruslan İsayev və Nicat Səfərova həsr olunmuş anım tədbirində onların əziz xatirəsi ehtiramla anıldı.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxudular.
Ağrılarını yaşadığımız bu dəhşətli faciədən bəhs edən videoçarx nümayiş etdirildi.
Dərnək rəhbərləri Gülsəda Amanın və Aynurə Qulamovanın hazırladıqları "Əbədi yaşayan qəhrəmanlar" adlı ədəbi-bədii kompazisiya nümayiş etdirildi. Kursantların ifasında şeirlər səsləndirildi.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Rəşad İbrahimov da çıxış edərək qanlı hadisələrlə bağlı xatirələrini danışdı. Metroda faciə baş verən zaman Hərbi liseydə oxuduğunu və onları da xilasetmə işlərinə cəlb etdiklərindən söz açdı. Neçə-neçə şəhər sakinini ölümün əlindən xilas etdiklərini dedi.
Kursant Samir Məmmədovun atası Nadir Məmmədov çıxış edərək doğmalarının xatirəsini əziz tutduqlarına görə təhsil ocağının rəhbərliyinə, pedoqoji kollektivə dərin minnətdarlığını bildirdi.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən mahnılar ifa etdilər.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"