Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2022 10:25

44 günlük haqq savaşı Böyük Qələbə ilə tamamlandı

Azərbaycan əsgəri 44 günlük haqq savaşını Böyük Qələbə ilə tamamladı və bu tarix qəhrəmanlıq salnaməsi oldu.  Ordumuzun şəxsi heyəti polad iradəsi, yüksək döyüş ruhu ilə qazandığı Zəfər nəticəsində təkcə regiona deyil, dünyaya vətənpərvərlik nümunəsini nümayiş etdirdi. Vətən savaşında vaxt-vədəsindən, ərazinin relyefindən, hava şəraitindən asılı olmayaraq hər bir döyüşçü şanlı tarixin qazanılmasında pay sahibidir. Qısa müddətdə döyüş meydanında böyük uğur qazanan rəşadətli ordumuz ərazi bütövlüyümüzü təmin etdi, şəhidlərimizin qisasını aldı.
Bu savaşda iştirak edən hərbi qulluqçularımızın hər birinin xatirələri fərqli olsa da, amalları bir idi - Vətən torpaqlarını işğaldan və işğalçılardan təmizləmək. Güc, iradə, cəsarət və Vətən sevgisindən yaranan ruh yüksəkliyi Böyük Qələbənin təmin olunmasında əsas faktorlardan biri oldu. Xalqımızın qəlbində qubara çevrilən doğma yurd həsrətinə bu gün artıq son qoyulub. Qarış-qarış azad olunan tarixi ərazilərimizi öz qanı, canı və alın təri ilə Vətən torpağına birləşdirən oğullarımızın hər biri qədirbilən xalqımızın ürəyində daim yaşayır və bundan sonra da yaşayacaq. Bu gün xalq öz ordusuna güvənir və inanır, ordu isə ona olan inamı layiqincə doğruldur. Bir zamanlar mənfur düşmən tərəfindən darmadağın olunmuş ərazilərimizdə mühüm işlər görülür.  Böyük Qayıdışın ilkin təməlləri artıq qoyulub və prioritet məsələ olaraq uğurla davam etdirilir. Yollar salınır, infrastruktur bərpa edilir, bir sözlə, həyat öz axarına qayıdır. Ezamiyyətimiz ərəfəsində işğaldan azad olunmuş torpaqlarımızda Vətən müdafiəçiləri ilə görüşüb, onların fkirlərini qələmə aldıq. Qəhrəman oğullarımızı tanımaq və oxucularımıza tanıtmaq məqsədilə onlarla həmsöhbət olduq.

“Azərbaycan Ordusunda xidmət etdiyim üçün qürurluyam”

İkinci Qarabağ müharibəsində qələbə, zəfər naminə ləyaqətlə vuruşan mərd oğullardan biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nadir Sadıqovdur. Nadir 1991-ci ildə Biləsuvar rayonunda anadan olub. Tam orta məktəbdə təhsil aldıqdan sonra 2010-cu ildə hərbi xidmətə yollanır. Hərbi formaya, silaha olan sevgisi 2017-ci ildə onu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kursunu keçməyə sövq edir.
"Hələ də qazandığımız böyük qələbənin təsirindəyəm. Qürurluyam ki, bu zəfərin iştirakçılarından biri də mənəm", - deyə Nadir söhbətə başladı. "30 ilə yaxın davam edən həsrətin bitməsi mənim ən böyük arzularımdan biri idi. Hər zaman qalib xalqın qalib əsgəri olmağımı xəyal edərdim. Sentyabrın 27-si bu xəyal gerçək oldu. Biz qorxu bilmədən, müharibənin norma və prinsiplərini pozmadan ləyaqətlə savaşdıq. Həmin gün tarix yazıldı. Biz də bu tarixin memarı olduq. Azərbaycan Ordusunun hərbi qulluqçusu olmaqdan qürurluyam".
Nadir Sadıqov Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Hal-hazırda komando hərbi hissəsində xidmətini uğurla davam etdirir. "Vətən müharibəsi hər birimizə sonsuz sevinc və baş ucalığı yaşatdı. Qalib Ordunun qalib hərbçisi olmaqdan olduqca qürurluyam. Döyüşlər bitdikdən sonra yeni yaradılan komando təlimlərini keçib Vətənin müdafiəsində dayanmışam. Ali Baş Komandan komando hərbi hissələrinin sayının artırılması ilə bağlı çıxışlarında vurğulamışdı: “Bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edərək ordumuzun gücü, yenilməzliyi naminə daha ciddi səylə xidmət edəcəklər”. Ölkə başçısının hər çıxışında bizlərə olan inamını duyur, fərəhlənirik. Bu da hər birimizə ruh yüksəkliyi yaşadır", - deyə kiçik çavuş vurğuladı.

“Övladlarımı gələcəyin zabiti kimi görmək ən böyük arzularımdan biridir”

Gizir Kərim Əliyev Vətən müharibəsində iştirak edib. O, döyüşlərlə bağlı xatirələrini bölüşərək dedi: "Vətən müharibəsi iştirakçısı olduğum üçün qürurluyam. "Bir vaxtlar torpaqlarımızın işğal altında olması hər birimizin ağrılı yeri olaraq qalırdı. Düşmən tapdağı altında olan torpaqlarımızı azad etməkdə payımın olması arzusu məni ordu sıralarına gətirdi. Yoldaşlarımla birgə təlimlərdə ciddi çalışır, öyrəndiyimiz yeni məlumatları döyüş əmri verildikdə tətbiq etmək üçün həyəcanlanırdıq. “İrəli!” əmrini uzun illərdən bəri gözləyirdik. Hər birimiz üçün bir sual maraqlı idi: "Görəsən, biz də haqq savaşımızın iştirakçılarından ola biləcəyikmi?" 2020-ci ilin 27 sentyabrında gözlənilən an yetişdi. Döyüş yoldaşlarımın gözlərindən fərəh, sevinc hisslərini asanca duymaq olurdu. Mənim də sevincim yerə-göyə sığmırdı. Döyüşlər vaxtı hər kəsin üzərinə ağır vəzifələr düşürdü. Hər dəfə yeni ərazilərimizin azad edilməsi bizlərə sonsuz güc mənbəyi olurdu. Ali Baş Komandan İlham Əliyevin çıxışları, arxa cəbhədən aldığımız xəbərlər, məktəblilərin yazdığı inam, sevinc, qürur dolu məktublar döyüşən hər kəsə ruh yüksəkliyi aşılayırdı. 44 gün boyunca yalnız bir şey düşündük: "Şəhid olsaq belə başlanan işi yarımçıq saxlaya bilmərik". Döyüş yoldaşlarımın bəziləri elə bu amalla şəhidlik zirvəsinə ucaldılar. Hər bir oğul son günə qədər içdiyi anda sadiq qaldı".
Gizir Kərim Əliyev söhbətinin sonunda onu da vurğuladı ki, ən böyük arzusu iki oğul övladını zabit kimi ordu sıralarında görməkdir. "Oğullarımın milli ruhda formalaşmasına diqqət edirəm. Çünki bu torpaqlar bizdən sonra onlara əmanətdir. Əminəm ki, hər bir övlad gələcəyin daha güclü zabit və əsgəri olub, azad olunan torpaqlarımızda xidmət edəcəklər".

Məğrurluq Vətənə sevgidir

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Samir Xəmmədli də Vətənin keşiyində ayıq-sayıq dayanan cəsur oğullardan biridi. Samir on il əvvəl müddətli həqiqi hərbi xidmətini də cəbhə bölgəsində keçmişdi. İmişli şəhərində anadan olan Samir ordu sıralarından tərxis olunanda torpaqlarımızın 20 faizi yağı tapdağı altında idi. O, evə - doğmaların yanına qayıtsa da, ürəyi xidmət etdiyi səngərdə, orada keşik çəkən əsgər yoldaşlarının yanında idi. Səngərin o üzündəki torpaqları gördükcə özündə ixtiyarsız bir narahatlıq hiss etmişdi. Həmin ərazilərin azad edilməsi barədə düşüncələr onu rahat buraxmırdı. Samir müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi ordu sıralarına qayıtmaq qərarına gəldi. Doğmaları onu tamam fərqli bir sahədə görmək istəsələr də, Samir israrla hərbi xidməti seçdi. Ata da, ana da oğullarına xeyir-dua verdilər. 2014-cü ilin noyabrında Samir əyninə yenidən hərbi forma geyindi. Azərbaycanın hərb tarixinə Aprel döyüşləri kimi düşən həmin döyüşdə Samir də iştirak edib. O əmin idi ki, döyüşlər sonuncu erməni əsgəri torpaqlarımızdan çıxana qədər dayanmayacaq. Düşmənin təkidli yalvarışları döyüşün tezliklə dayanmasına səbəb oldu.
2020-ci ilin yayında düşmən cəbhədə yenidən fəallaşdı. Düşmən Tovuz istiqamətində mövqelərimizə ağır artilleriya silahlarından atəş açdı. Daha sonra hücuma keçmək istədi. Hər an ayıq-sayıq dayanan Azərbaycan əsgəri düşmənin bu məkrli niyyətinin qarşısını qətiyyətlə aldı. Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur oldu. Bundan nəticə çıxarmayan qəsbkarlar sentyabrın sonunda yenidən mövqelərimizə hücuma keçməyə cəhd göstərdilər. Ali Baş Komandan İlham Əliyev əks-hücum əmrini verdi.
İkinci Qarabağ müharibəsində əsgər Samir Məmmədov da döyüşdü. O zaman hər bir döyüşçünün məqsədi, amalı Vətən torpaqlarını azad etmək və Vətənimizin ərazi bütövlüyünü təmin etmək idi. 44 gün davam edən müharibədə ordumuz tarixin inanılmaz qələbəsini qazandı. Düşmən darmadağın edildi.

Eşq olsun qalib Azərbaycan Ordusuna, Qarabağ Azərbaycandır!
 
Haqq savaşımızın iştirakçısı olan gizir İlkin Abbasov uzun müddətdir ordu sıralarında xidmət edir. O, həm 2016-cı ilin Aprel döyüşlərinin, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.
2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub".
Müsahibim İkinci Qarabağ müharibəsi ilə bağlı fikirlərini bizimlə bölüşdü. "Sentyabrın 27-də düşmən cəbhə boyu mövqelərimizi, eləcə də mülki yaşayış məntəqələrimizi müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək atəşə məruz qoydu. Verilən "Həyəcan" siqnalı ilə toplanaraq düşmən hücumunun qarşısını almaq üçün təyin olunmuş məntəqədə cəmləşdik. Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdik. 44 günlük Vətən müharibəsində Füzuli rayonunun Horadiz kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Düşmənin möhkəmləndiyi bir yüksəklik var idi, alınması çətin idi. Amma mümkünsüz deyildi. İgid oğullarımızın Vətən sevgisi, misilsiz cəsarəti və rəşadəti sayəsində o yüksəklik də düşməndən təmizləndi. Həmlə zamanı düşmən snayperinin açdığı atəş nəticəsində yaralandım. Peşəkar həkimlərimizin əməyi sayəsində tezliklə sağaldım və döyüşlərə, qardaşlarımın yanına qayıtdım. Qubadlı istiqamətində düşmən çoxlu sayda itki verdi. Bu gün ona görə qürurluyam ki, 30 ilə yaxın bərqərar olmayan ədalətin bərpasında mənim az da olsa əməyim var. Gərgin döyüşlər gedirdi. Görülən cəza tədbirləri nəticəsində düşmənin nəzarətdə saxladığı yüksəklikləri işğaldan azad edib, onların çoxlu sayda canlı qüvvəsini məhv etdik. İçimizdə kükrəyən Vətən sevgisi ilə  hər an daha da irəliləyirdik. Düşmən çıxış yolunu qaçmaqda görürdü. Qazanılan uğur Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini və Ali Baş Komandan-xalq-ordu arasında birliyi nümayiş etdirdi. Döyüşlərdə şəhidlərimizin də qisası alındı. Məlumdur ki, döyüş varsa, itki də var. Ata-babalarımızdan bizə miras qalan Vətən torpağı tarixən şəhid qanı ilə yuyulub. Şəhidlərimiz ölümün gözünə dik baxaraq, irəli atılaraq, tarixi ədaləti bərpa etmək üçün sinələrini sipər etdilər. Xalqımızın başı dik, gənclərimizin gələcəyə inamı sonsuzdur. Öz doğma elindən didərgin düşmüş məcburi köçkünlərimizin sevincinin həddi-hüdudu yoxdur. Sevindirici haldır ki, bu gün tarixi torpaqlarımızda görüşürük. Qalib gəlmişik, tarix yazmışıq. Bu tarix qanla yazılıb, gələcək nəsil bunu bilməlidir. 44 günlük Vətən müharibəmiz tarix boyu qürur duyulacaq mötəbər hadisədir. 30 ilə yaxın işğalda saxlanılan torpaqlarımızda bu gün üçrəngli şanlı bayrağımız dalğalanır”.
Bu gün hər bir azərbaycanlı qürurla “Qarabağ Azərbaycandır” deyir. Qalib ordumuz öz torpaqlarını düşməndən təmizləmək üçün haqq savaşında qalib gəldi. Şəhidlərimizi, qazilərimizi unutmamalıyıq. Məhz onlar canlarını və sağlamlıqlarını Vətən üçün fəda etdilər. Bu gün hər bir Azərbaycan gəncinin üzərinə düşən əsas vəzifə Vətənini göz bəbəyi kimi qorumaqdır. Yaşasın, bütöv Azərbaycan! Eşq olsun qalib Azərbaycan Ordusuna, Qarabağ Azərbaycandır!

Fuad CƏFƏROV, Bəxtiyar ƏLİYEV, Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"