Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2022 10:25

“Seçdiyimiz peşələrə uyğun olaraq hər birimiz Vətənimizə xidmət edirik”

"N" hərbi hissəsinin avtomobil parkında UAZ markalı avtomobilə böyük həvəslə texniki qulluq göstərən hərbi qulluqçumuz diqqətimizi cəlb etdi. Əvvəl çilingər olduğunu düşündüm. Kapitan Mustafa Alıyev ona yaxınlaşaraq avtomobilin texniki vəziyyətində bir problemin olub-olmadığını soruşanda sürücü olduğunu yəqin etdim. O, əminliklə avtomobilin tam saz vəziyyətdə olmasını və istənilən zaman yola çıxmağa hazır olduğunu bildirdi.
Avtomobilə əyləşib yüksəkliklərdə yerləşən mövqelərimizə yollandıq. İlan kimi qıvrılan, zirvələrə doğru uzanan yollarla irəlilədikcə sürücünün peşəkarlığını hiss etdim. Yolumuz uzaq olduğundan imkan tapıb onunla tanış oldum. Öyrəndim ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Cavadov Amin Goranboy rayonundandır. Hələ uşaq vaxtlarından avtomobillərə olan marağı onun həyatının bir parçasına çevrilərək sürücü peşəsinə yiyələnməsinə səbəb olub. "Avtomobili idarə etmək çətin deyil. Hər kəs bu vərdişlərə yiyələnə bilər. Ancaq əsl sürücü öz məsuliyyəti, peşəkarlığı, təmkini ilə digərlərindən seçilməlidir. Hərbi sürücü olmaq isə bu məsuliyyəti ikiqat artırır. Bu, bir dəmir parçasıdır, hərəkətdə olduğun zaman çox hadisələr baş verə bilər. Gözlənilmədən qəfil yaranan nasazlıqları dərhal aradan qaldırmağı, avtomobilini və ən əsası daşıdığın sərnişinləri çətin vəziyyətdən, döyüş meydanından, atəş altından çıxarmağı bacarmalısan. Bunun üçün də sürücünün yüksək peşəkarlığa malik olması zəruridir".
Hərbçi olmağının səbəbini soruşduqda Aminin cavabı belə oldu: "Vətəni sevmək, millətinə, xalqına az da olsa faydalı olmaq hər bir vətəndaşın borcudur. Seçdiyimiz peşələrə uyğun olaraq hər birimiz Vətənimizə xidmət edirik. Kimi müəllim olub elmin sirlərini övladlarımıza öyrədir, kimi həkim olub xəstələrə şəfa verir. Mən də vətəndaşlıq borcumu Vətənin keşiyində durub, torpaqlarımızı düşməndən qorumaqda gördüyüm üçün hərbçi olmaq qərarına gəldim. Vətənimə - doğma Azərbaycanımıza xidmət etmək, onun hər qarışına sinəmi sipər edib qorumaq mənim də amalımdır. Vətən bizdən hünər gözləyir. Mən bütün qanımla, canımla onu qorumağa hazıram. Hər zaman çalışıram ki, xidmətimlə başqalarına nümunə olum."

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"