Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Oktyabr 2022 11:55

Sərhədlərimiz etibarlı əllərdədir

"N" hərbi hissəsinin döyüş növbətçiliyi aparan bölmələrindən birindəyik. Bölmə atəşkəsi pozan, təxribatlar törətməyə cəhd edən erməni silahlı qüvvələri qarşısında keçilməz qala kimi dayanıb. Bu qalada isə qorxmaz, mərd Azərbaycan əsgərləri xidmət edirlər.
Leytenant Turan Əzizovla görüşüb qəzetimizin nümunəvi xidmət rubrikasına yazı hazırlamaq istəyimi bildirdim. Zabit əsgərləri arasında seçim etməkdə tərəddüd etdi. "Əsgərlərimin hamısı nizam-intizamlı, vətənpərvər, şanlı ordumuzun adına layiqli əsgərlərdir. Hamısı nümunəvi xidmət edir. Onlardan ən təcrübəli olanını seçək", - leytenant Turan Əzizov belə dedi. Əsgər Coşqun Mahmudovun vətənpərvərliyi, qorxmazlığı ilə komandirlərinin və silahdaşlarının rəğbətini qazandığını vurğuladı. Nümunəvi xidməti ilə seçilən Coşqunun həm də bölmədəki əsgərlərlə əsl dostluq münasibəti yaratdığını və yoldaşları arasında sevildiyini bildirdi. Coşqun haqqında silahdaşları da  müsbət fikirlər  səsləndirdilər.
"Coşqun döyüş postuna gəldiyim ilk gündən mənə xoş münasibət göstərib, öz təcrübəsini bölüşüb. Xidmətdə nizam-intizamlı olmağı, komandirlərimizin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirməyi tövsiyə edib. İlk dəfə döyüş növbəsinə onunla çıxdığımı da unutmayacam. Mənə deyirdi ki, qarşımızda düşmən dayanır, ayıq-sayıq olmaq lazımdır. Biz onlardan qat-qat güclü, qalib, qorxmaz, cəsur əsgərlərik.
Coşqun bir neçə aydan sonra xidmətini başa vuraraq ailəsinin yanına qayıdacaq. Ona gələcək həyatında uğurlar arzulayıram", - bu sözləri hərbi xidmətə Biləsuvar rayonundan çağırılan əsgər Orxan Məmizadə dedi.
Digər əsgər yoldaşları da Coşqun haqqında xoş sözlər danışdılar. Bildirdilər ki, onun  nümunəvi xidməti, Vətən sevgisi, döyüş ruhu bölməyə təzə gələn əsgərlərə də müsbət təsir edir.
Hər kəsin haqqında xoş sözlər dediyi əsgərin silah tutan əlini sıxdım. Həm komandirinin, həm də əsgər yoldaşlarının onun haqqında dediyi sözləri diqqətinə çatdırdım. Çöhrəsində xoş təbəssüm canlandı. "Bundan böyük sevinc ola bilməz. Bu, mənim üçün böyük qürurdu", - əsgər C.Mahmudov dedi.
Hərbi xidmətə Mingəçevir rayonundan çağırılıb. Xidmətinin başa çatmağına az qalıb. Ordu sıralarından hansı təəssüratlarla ayrılacağını soruşanda, o, belə cavab verdi:
- Mən ordu sıralarından ayrılmıram. Düzdür, əsgəri xidmətimin başa çatmağına az qalır. Lakin ömrümü hərbi xidmətə bağlamaq qərarına gəlmişəm. Əsgəri xidmətimi başa vuran kimi könüllü olaraq ordu sıralarında qalıb xidmətimi davam etdirmək istəyimi yuxarı komandanlığa bildirəcəm. Ən böyük arzum əsgəri xidmətdə olduğu kimi gələcəkdə də nümunəvi xidmətimi davam etdirib, şanlı Azərbaycan Ordusunun layiqli hərbçilərindən olmaqdır.  
O vurğuladı ki, Vətən bizə əmanətdir, biz Vətən keşikçiləriyik, çətinlik bilmədən üzərimizə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Bu yolda komandirlərinin zəhmətini xüsusi qeyd edərək, əsgərliyə işğaldan azad olunan torpaqlarımızda xidmət etmək arzusu ilə gəldiyini diqqətimizə çatdırdı. Xidmət zamanı komandirlərimdən çox şey öyrənmişəm. Onların diqqət və qayğısı xidmətimi uğurla davam etdirməyə zəmin yaradır. Əsgər kimi üzərimə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıram. Hərbi xidmətə çağırılanda atama dedim ki, kaş təyinatım döyüş növbəsi aparan hərbi hissəyə olsun. Səngərdə xidmət etmək arzusunda olmuşam. Gənc əsgər hazırlığı təlimi bitdikdən sonra təyinatlarımız verildi. Bu bölməyə gələndə çox sevindim. Nəhayət, arzuma çatmışdım. Mən də əlimdə silah döyüş növbəsində, düşmənlə üz-üzə dayandım. Həyəcanımla yanaşı, sevincimin həddi-hüdudu yox idi. Növbəni uğurla başa vurdum. Özümə söz verdim ki, bütün xidmətim dövründə ayıq-sayıq olacağam, sərhədlərimizin keşiyində inamla dayanacağam.
Coşqun kimi Vətən sevgisi ilə xidmət edən, Azərbaycan əsgəri adını daşımaqla qürur duyan mərd oğulları tanıdıqca, bir daha əmin olursan ki, Azərbaycan Ordusunda vətənpərvər, cəsur, hər an döyüşə hazır olan əsgərlər xidmət edirlər. Coşqunun timsalında bütün əsgərlərimizə şərəfli xidmətlərində uğurlar arzulayıram.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"