Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Oktyabr 2022 11:55

Döyüş hazırlığı zəfər müjdəçisidir

Payız fəslinin gözəl günləridir. Günləri, fəsilləri gözəlləşdirən, ona məna verən gördüyün, şahidi və iştirakçısı olduğun fərəh dolu hadisələrdir. Ürəyindən xəbər verən, ovqatına ovqat qatan hadisələrlə qarşılaşanda ömrün günləri, anları daha da mənalı olur. "N" hərbi hissəsində artilleriyaçıların təlim-məşqlərini izləyə-izləyə gözəl bir gün yaşayırıq.  Ürəyimiz qürurla dolur, qəlbimiz cuşa gəlir, günümüz daha da gözəlləşir.
Tapşırıqları yerinə yetirən heyət nəfərlərinin cəld və çevik hərəkətləri peşəkarlıqlarından xəbər verir. Əsgərlər üzərlərinə düşən tapşırıqları bacarıqla, tələb olunan səviyyədə yerinə yetirirlər. Artilleriyaçılar gələcəkdə qazanacaqları qələbələrin bünövrəsini bu günlər keçirilən məşğələlərdə qoyurlar. Təbiidir ki, uğurla başa çatan təlimlər sabahkı  zəfərlərin qapısını daha da geniş açır. Hiss edirsən ki, təlim keçən əsgərlərin simasında qalib ordunun əsgəri olmağın məğrurluğu var. Əminliklə demək olar ki, bu məğrurluqdan doğan inam onlara böyük uğurlar, zəfərlər qazandıracaq.
Döyüşlərdə artilleriyanın, artilleriyaçının rolu, xidməti əvəzsizdir, danılmazdır. Müharibədə zəfərin qazanılmasını təmin edən başlıca vasitələrdən biri də artilleriyadır. İkinci Qarabağ müharibəsində artilleriyaçılarımız böyük igidlik, qəhrəmanlıq göstərdilər. Dəqiq atəş zərbələri ilə erməni işğalçılarının həm canlı qüvvəsini, həm də zirehli texnikalarını məhv etdilər. Bugünkü artilleriyaçılar sələflərinin xidmət yolunu şərəflə davam etdirirlər. Artilleriya qurğularının sirlərini dərindən və həvəslə mənimsəyirlər.
Təlim keçən topçuların cəld və çevik hərəkətlərini izləyirik. Əsgərin döyüş hazırlığının yüksək səviyyədə olması hərəkətlərindən hiss olunur. Məşğələ zamanı heyət nəfərlərinin peşəkarlıqları diqqətimizdən yayınmır. Əsgərlər komandirin məşğələnin mövzusuna uyğun olaraq verdiyi tapşırıqları ustalıqla icra edirlər. Bax bu cür hazırlıqlı, bacarıqlı əsgərlər sabah döyüş meydanlarında düşmən hədəflərini də dəqiq və vaxtında vuracaq, daim uğur qazanacaqlar.
Fasilədə mayor İlkin Allahverdiyev əsgərləri haqqında xoş sözlər deyir: “Şəxsi heyət təlimlər zamanı hərbi bilik və döyüş vərdişlərini dərindən mənimsəməyə çalışır. Onlar məşğələnin hər dəqiqəsindən səmərəli istifadə edirlər. Arxada qalan müddət ərzində əsgərlərimiz dərs və məşğələlərdə döyüş vərdişlərini mükəmməl mənimsəyiblər. Bunu əməli məşqlərdə biz açıq-aydın görürük. Hərbi hissəmizin şəxsi heyəti 44 gün ərzində ordumuzun üstünlüyü ilə davam edən İkinci Qarabağ müharibəsində üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldi. Artilleriyaçılarımız böyük məharət göstərərək dəqiq atəş zərbələri ilə ermənilərin atəş nöqtələrini və zirehli texnikalarını məhv etdilər. Hərbi hissəmiz Ağdam rayonu və Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində vuruşurdu.
Böyük qürur hissi ilə deyə bilərəm ki, zabit və əsgərlərimiz düşmənin ön səddinin yarılmasında, canlı qüvvəsinin və zirehli texnikalarının darmadağın edilməsində igidlik və hünər göstərdilər. Düşmənə yeni dayaq məntəqələrində möhkəmlənməyə imkan vermədilər. Artilleriyaçılarımızın İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlar gələcək nəsillərə örnək olacaq. Onu da xüsusi olaraq deyim ki, döyüşlərdə qazanılan qələbələr heç vaxt bizi arxayınlaşdırmır. Əksinə, daha da hazırlıqlı və peşəkar olmağa, yeni qələbələr qazanmağa ruhlandırır. Keçdiyimiz dərs və məşğələlərdə İkinci Qarabağ müharibəsində əldə olunmuş təcrübədən də bəhrələnirik. Müharibənin davam etdiyi günlərdə, bəzi məqamlarda mümkün olmayanları da mümkün etdik. Torpaqlarımızı işğaldan azad etmək üçün bütün bilik və bacarığımızı ortaya qoyduq. Buna görə də qalib gəldik. İndi keçdiyimiz dərs və məşğələlərdə həmin təcrübəni də şəxsi heyətə öyrədirik. Bugünkü məşğələnin mövzusu "Topun yanında heyət nəfərinin vəzifələri"dir. Əsgərlərimiz mövzuya uyğun olaraq üzərlərinə düşən vəzifələri bacarıqla icra edirlər. Heyət nəfərlərinin döyüş vərdişləri yüksəldikcə onlar dərs və məşğələlərdə daha böyük fəallıq göstərirlər. Təbiidir ki, bu fəallıq əsgərlərimizin artilleriyanın sirrini daha dərindən öyrənmək istəyindən, Vətən sevgisindən irəli gəlir. Sevgi və istək olan yerdə hər zaman uğur və zəfər var. Buna görə də biz əsgərlərə təlim-məşqləri böyük həvəslə keçirik. Heyət nəfərlərini belə hazırlıqlı görəndə qürur hissləri keçiririk. Görürük ki, neçə vaxtdan bəri çəkdiyimiz zəhmət hədər getməyib. Necə deyərlər, zəhmətimiz, əziyyətimiz yaxşı nəticə verib”.
Mayor İlkin Allahverdiyevlə söhbətimiz zamanı onu da öyrəndik ki, o, İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Ağdamın azad olunmasına görə" və  "Şücaətə görə" medallarına layiq görülüb.
Mayor Emin Qasımov da İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalına layiq görülüb. Zabit 44 günlük Vətən müharibəsindən söz açaraq deyir ki, iştirakçısı olduğum İkinci Qarabağ müharibəsi tariximizin ən şərəfli səhifələrindəndir. “Bu müharibə bir daha göstərdi ki, təcrübəli və bacarıqlı əsgər qalib əsgərdir. Çalışırıq ki, əsgərlərimiz bacarıqlı və peşəkar olsunlar, düşməni dəqiq atəşlə məhv etsinlər. Buna görə də məşğələlərin keçirilməsini daim nəzarətdə saxlayırıq. Əvvəlcə dərsi əsgərlərə nəzəri cəhətdən izah edirik. Sonra zəruri və vacib hərəkətləri əyani şəkildə onlara göstəririk. Çalışırıq ki, heyət nəfərləri artilleriya qurğusunun sirlərinə daha da dərindən yiyələnsinlər”.
Müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Xəyal İsmayılzadə top komandiri kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlməyə çalışdığını deyir. “Məşğələdə mövzuya uyğun olaraq şəxsi heyətə artilleriya qurğularının taktiki-texniki xüsusiyyətlərini böyük həvəslə öyrədirəm. Heyət nəfərləri dərslərdə fəallıq göstərir.
Əsgər Kamran Qafullu  döyüşlər zamanı üzərinə düşən vəzifələrdən söz açır. Deyir ki, istər döyüşlər, istərsə də təlimlər zamanı tuşlayıcının üzərinə böyük məsuliyyət düşür. “Əvvəlcə hədəfin yeri və məsafəsi dəqiq müəyyənləşdirilməlidir. Ondan sonra isə hədəf vurulmalıdır. Məsafə və yer düzgün müəyyənləşməsə açılan atəşdən dəqiqlik olmayacaq. Peşəkarlığımızı artırmaq üçün təlim-məşqlərdə fəal iştirak edirik. Sutkanın  istənilən anında döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirik. İnanırıq ki, bu hazırlıq və qadirlik həmişə bizə başucalığı gətirəcək”.
Heyət nəfərlərindən Səid Əhmədzadə, Elnur Ağakişiyev, Natiq Hüseynov, Fərid Salamov və başqalarının da ürək sözlərini dinləyirik. Onlar dərs və məşğələlərdə fəal iştirak etdiklərindən həvəslə danışırlar. Onların ürək sözlərini dinlədikcə qürur hissləri keçiririk. Hiss edirik ki, onlar torpağını, Vətənini sevən və onun uğrunda hər an döyüşə hazır olan cəsur əsgərlərdir.
Söhbətimiz başa çatdıqdan sonra artilleriyaçılar yenə də məşğələlərinə davam etdirirlər. Beləcə, payız fəslinin gözəl bir gününü zabit və əsgərlərin məşğələsini izləməklə, onlarla söhbət etməklə keçiririk. Günümüz həmişəkindən daha xoş keçir. Bu söhbətlər ovqatımıza ovqat qatır.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu" fotolar Namiq PƏNAHOVUNDUR