Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Oktyabr 2022 08:59

“Kitablar bizim üçün çox qiymətli və dəyərli hədiyyədir”

Müdafiə Nazirliyinin təşkilatçılığı və İrəli İctimai Birliyinin dəstəyi ilə təşkil olunan "Əsgərin kitab rəfi" adlı kitab toplama aksiyasında toplanan kitablar növbəti dəfə yeni sahiblərinə çatdırıldı.
Qeyd edim ki, əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə cari ilin may ayında start götürən "Əsgərin kitab rəfi" aksiyası çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılır.
Növbəti dəfə Qubadlı rayonunda xidmət edən Vətən müdafiəçilərinə çatdırılan elmi, bədii, publisistik və digər janrlarda olan kitablar şəxsi heyətin böyük marağına səbəb oldu. Kapitan Nəcəf Nəcəfli bildirdi ki, ordu sıralarında xidmət edən gənclərin asudə vaxtlarının düzgün təşkili də komandirlər qarşısında duran mühüm vəzifələrdən biridi.  
"Şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı mənəvi-psixoloji durumları da yüksək olmalıdır. Hər bir komandir çalışır ki, əsgərlər yüksək döyüş ruhunda, heç bir çətinlik çəkmədən uğurlu xidmət etsin. Bunun üçün də komandir heyəti tələbkarlıqla yanaşı həm də şəxsi heyətə daim diqqət və qayğı göstərirlər. Onların yeməyinin, geyiminin, istirahətinin qaydasında olmasını hər zaman diqqətdə saxlayırlar. Bu işlər arasında asudə vaxtın düzgün təşkili mühüm yer tutur. Ümumiyyətlə, asudə vaxt şəxsiyyətin hərtərəfli inkişafı, fiziki, mənəvi və estetik mədəniyyətini yüksəltmək üçün ən gözəl vasitədir. Ona görə də bütün bölmələrimizdə bu məqsədlə sinif və ideoloji otaqlar yaradılıb. Asudə vaxt zamanı əsgərlər bu otaqlarda qəzet və jurnallardan bəhrələnərək hərbi biliklərini artırır, bədii kitablar oxuyur, tariximizdən bəhs edən filmlər izləyir, dama, şahmat kimi stolüstü idman oyunları oynayırlar.  "Əsgərin kitab rəfi" layihəsi çərçivəsində bizə gətirilən kitablar  da asudə vaxtın səmərəli təşkili üçün mühüm əhəmiyyət kəsb edəcək. Kitab oxumağın insan üçün çox faydalı olduğu hər kəsə bəllidir. Şəxsi heyət bu kitablardan istifadə edərək dünyagörüşünü, maraq dairəsini artıracaq. Bu təqdirəlayiq layihənin təşəbbüskarlarına və bu kitabları bizə hədiyyə göndərən xalqımıza dərin minnətdarlığımızı bildiririk".
Kitabın faydalarından danışan zabit, oxumağın sağlamlığa müsbət təsir etdiyini, beyni sağlam saxladığını da qeyd etdi. "Hər hansı bir əzələ kimi, beynin də sağlam və güclü qalması üçün məşq etdirilməlidir. Oxumağı beyin üçün ağırlıq qaldırma kimi düşünün. Əslində tez-tez beyin məşqi etmək zehni geriliyi xeyli azaldır. Buna görə də mütəmadi kitab oxumaq məsləhətdir. Kitabı oxuyarkən mövzunu başa düşmək üçün müxtəlif obrazları, süjet xəttini xatırlayır, baş verənləri analiz edir və proqnozlaşdırırıq. Bu da zehnimizi canlandırır, diqqətimizi və konsentrasiyamızı inkişaf etdirir".
Sevinclə və maraqla kitabları oxuyan əsgərlər də bu layihədən razılıqlarını bildirdilər. Əsgərlər Cəlal Musayev, Şamxal Tanrıverdiyev, Adəm Əliyev və digərləri belə dəyərli hədiyyəyə görə xaqlımıza təşəkkürlərini bildirdilər. "Kitablar bizim üçün çox qiymətli hədiyyədir. Həmçinin bu layihə xalqımızın diqqət və qayğısının daim bizimlə olduğunun göstəricisidir. Asudə vaxtlarımızda ən sevdiyimiz məşğuliyyətlərimizdən biri də kitab oxumaqdır. Kitablar bizim məlumat bazamızı zənginləşdirir, söz ehtiyyatımızı, natiqlik qabiliyyətimizi artırır, müxtəlif mədəniyyətlərlə tanış edir. Oxuduğumuz hər obraz bizi fərqli həyat, insan xarakterləri  haqqında məlumatlandırır, fərqli sahələrlə tanış olmağımıza vasitə olur və bu da faydalı məlumatlar öyrənməyimizə, dünyagörüşümüzün artmasına kömək edir. Davamlı kitab oxumaq həm də təhsilə olan marağımızı da artırır. Ən əsası isə mənəvi-psixoloji hazırlığımıza müsbət təsir edərək, yüksək döyüş ruhu aşılayır".

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"