Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2022 11:55

Qəhrəmanlıqları gələcək nəsillərə nümunə olan oğullar

İkinci Qarabağ müharibəsi zamanı ordumuzun bütün zabit və əsgərləri xidməti vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirdilər. Onların hər biri yurdumuzun azadlığı uğrunda qəhrəmanlıq nümayiş etdirdi. Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin şəxsi heyəti də Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində torpaqlarımızın azadlığı naminə xidməti vəzifələrinin və döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldi. Təəssüflər olsun ki, əks-hücum əməliyyatları zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən Hərbi Polis İdarəsinin müxtəlif qarnizonlarında xidmət edən gizir Natiq Mirhüseynov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Vaqif İsmayılzadə və Toğrul Atakişiyev şəhid oldular. İgidlikləri gələcək nəsillərə nümunə olacaq bu oğulların ömür və döyüş yolu haqqında oxucularımıza məlumat vermək, onları xalqımıza daha da yaxından tanıtmaq istəyirik.

 

Xatirəsi qəlblərdə əbədi yaşayacaq



Gizir Natiq Balamirzə oğlu Mirhüseynov 25 avqust 1997-ci ildə Lerik rayonunun Orand kəndində anadan olub. 2003-2014-cü illərdə kənddəki orta məktəbdə təhsil alıb. 2015-ci ildə həmyaşıdları ilə bərabər ordu sıralarına çağırılıb. Xidmətini "N" hərbi hissəsində yerinə yetirib. Xidmət dövründə həyatını Vətən müdafiəçisi kimi davam etdirməyi qərara alıb. 2017-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nu uğurla bitirdikdən sonra Beyləqan Qarnizon Hərbi Polisində xidmətə başlayıb. Uğurlu və məsuliyyətli xidmətinə görə 2018-ci ilin sentyabrında taqımı komandiri vəzifəsinə təyin edilib. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsinə yollanıb. Cəbrayıl və Füzuli rayonları, həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Döyüşlər zamanı üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Əməliyyatlarda böyük igidliklər göstərib. Çətin və şərəfli döyüş yolu keçib. Təəssüflər olsun ki, Vətən müharibəsindən sonra 2021-ci il yanvarın 30-da işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən şəhid olub.
Döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə gizir Mirhüseynov Natiq Balamirzə oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeninə, "İgidliyə görə", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb. Gizir Natiq Mirhüseynov kimi cəsur oğulların xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Yaxınları, doğmaları onun qəhrəmanlığı ilə həmişə fəxr edəcəklər.

 

 

Bacarığı ilə komandirlərinin rəğbətini qazanmışdı



Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vaqif Vüqar oğlu İsmayılzadə 6 noyabr 1996-cı ildə  Beyləqan rayonunun Şahsevənli kəndində dünyaya göz açıb. Əslən Cəbrayıl rayonundan olan Vaqif əsgər kimi 2016-2017-ci illərdə Azərbaycan Ordusunun sıralarında xidmət edib. Xidmət etdiyi müddətdə hərbi sirləri dərindən öyrənib, müxtəlif silahlardan hədəflərə dəqiq atəş açmaq bacarığını mənimsəyib. Qısa müddət ərzində bacarığı ilə komandirlərinin və əsgər dostlarının rəğbətini qazanıb. 2017-ci ildə ordu sıralarından tərxis olunandan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində xidmətə başlayıb. Əsgər Vaqif İsmayılzadə 2020-ci il sentyabrın 27-də ermənilərin təxribatı ilə başlayan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 20-də həmin istiqamətdə gedən döyüşlər zamanı şəhid olub. Beyləqan rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında qarşısına qoyulmuş tapşırıqları yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İsmayılzadə Vaqif Vüqar oğlu ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. Vaqif döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıqları ilə onu tanıyanların yaddaşında dərin və silinməz izlər qoyub.

 

 

20 il yaşadı, igidliyi ilə əbədilik qazandı



Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Toğrul Atakişiyev 2000-ci il fevralın 25-də Beyləqan şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra ordu sıralarına çağırılıb. Əsgəri borcunu yerinə yetirdikdən sonra Hərbi Polis İdarəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib. Üç ay sonra isə bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə İkinci Qarabağ müharibəsi alovlanıb.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Toğrul da fəal iştirak etdi. Əks-hücum əməliyyatları zamanı qazandığı uğurlar onu növbəti zəfərlərə ruhlandırıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda vuruşan Toğrul Atakişiyev daim irəli, düşmən üzərinə can atıb. Oktyabrın 21-i onun həyatının son günü olub. Toğrul ömrünün son anına qədər cəsarətlə, hünərlə vuruşub. Cəsur əsgər  həmin gün müdafiəsinə yollandığı Vətən torpaqları uğrunda şəhidlik zirvəsinə yüksəlib. O günlər Hadrut qəsəbəsinin azad olunmasına lap az qalmışdı. Onun yarımçıq qalmış döyüş yolunu əsgər yoldaşları sonacan uğurla davam etdiriblər. Toğrul Beyləqan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Atakişiyev Toğrul Ramil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu cəsur döyüşçü dünyaya göz açdığı həyatda cəmi 20 il yaşadı. Amma igidliyi ilə əbədilik qazandı.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"