Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2022 11:55

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir

Dövlət müstəqilliyi dövlətin tarixdə yaşama mərhələsidir. Ona görə də dövlət müstəqilliyi hər bir vətəndaş üçün ən böyük sərvətdir. Zəngin tarixi keçmişə malik xalqımız tarixin müxtəlif dövrlərində azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizələr aparıb. Bu mübarizələr təkcə siyasi mübarizə olmayıb, həm də silahlı qarşıdurmalara, müharibələrə səbəb olub.
Müstəqilliyin əsası özünəməxsusluqdur. Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi də əldə saxlamaq mümkün deyil.   
Xalqımızın tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə dövlət müstəqilliyini iki dəfə elan edən dövlətimiz üçün bu tarixdə bir mücadilə olub: nə olursa-olsun, müstəqil dövlət olmaq!
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan etdi. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanındı, müstəqil dövlətin təsisatları yaradıldı. Mövcud olduğu müddətdə Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, dövlət quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdı.
Azərbaycan xalqı Sovet işğalındakı 70 illik bir müddətdə özünün azadlıq ideallarını, müstəqillik arzularını daim yaşadıb. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq niyyətinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi mövcudluğunu dünyaya yenidən bəyan etdi. Dövlət müstəqilliyimizi dünyanın əksər dövlətləri tanıdı və qəbul etdi.
Həmin tarixi və möhtəşəm gündən 31 il ötür. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlmədi. Müstəqillik qazandığımız ilk illərdə xalqımız, bir sıra çətinliklərlə üzləşdi, ağır, məşəqqətli günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başlayan münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı və elan edilmədən başlayan müharibəyə səbəb oldu. Dağlıq Qarabağ, həmçinin sərhədyanı rayonlarımız ermənilər tərəfindən işğal olundu. Azərbaycan bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi tarixi bir sınaqla üzləşmişdi.
Müstəqilliyimiz daha gərgin mübarizələrin başlanğıcı idi. Belə ki, ilkin mərhələdə - 1991-1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə, ölkədə hərcmərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar son həddə çatmışdı, separatçı meyillər daha da güclənmişdi. Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi qarşısında qalmışdı. Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi.
1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev ilk olaraq müstəqillik, azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu. İnsanlarda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik hissiyyatları gücləndi. Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, insan hüquqlarının, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı. Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu Öndərin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu Öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Xalqın öz müstəqilliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir, dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət yetirilir.
Dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci ilin payızında Azərbaycanın dövlətçilik qüdrəti  tarixə yazıldı.  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq, xalqımızın 30 illik həsrətinə son qoydu. Ali Baş Komandanımızın siyasi iradəsi, qətiyyəti və sərkərdəlik qüdrəti sayəsində tarixi Zəfər qazanıldı. Yüz illər ötəcək, amma bu Zəfər tarixdən silinməyəcək.
2022-ci ilin avqust və sentyabr hadisələri də təsdiqlədi ki, İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun qüdrətidir. Güclü Azərbaycan Ordusu ölkəmizin dövlət müstəqilliyini qorumağa qadirdir...
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisin qəbul etdiyi "Müstəqillik Günü haqqında" qanunda deyilir: "2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir".
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1991-ci il oktyabrın 18-i "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü  yeni adla "Müstəqilliyin Bərpası Günü" kimi qeyd edilir və ediləcək.
Azərbaycan Ordusunun şəxsi heyəti də bu tarixi günü böyük coşqu ilə qeyd edir...

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"