Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2022 11:55

Müstəqilliyin Bərpası Günü münasibətilə tədbirlər keçirilib

Laçın şəhərində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin müdafiəsi naminə canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən general-mayor Münasib Babayev 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edilməklə, ölkəmizin dövlətçilik ənənələrinin dirçəldilməsində - müstəqilliyimizin bərpa olunmasında mühüm tarixi hadisənin baş verdiyini vurğulayıb. Qeyd edib ki, müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. “Bu gün layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə məqsədyönlü islahatlar həyata keçirilib və keçirilməkdə davam edir”.
Daha sonra Vətən müharibəsində qazanılan böyük Qələbəyə toxunan general-mayor Münasib Babayev Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünü, dövlətin müstəqilliyini qorumağa qadir olduğunu bildirib.
Sonda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün 31-ci ildönümü münasibətilə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuları "Təşəkkür" və Fəxri Fərmanla təltif edərək, xidmətlərində uğurlar arzulayıb.

 

* * *


Heydər Əliyev adına Hərbi İnstitutda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə 18 Oktyabr tarixinin əhəmiyyətindən danışılaraq bildirilib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suverən dövlətini yaratmaq imkanı qazanmışdır. Məlum olduğu kimi, birinci dəfəsində xarici müdaxilə, həmçinin daxili çəkişmələr və digər səbəblərdən dolayı itirildi. İkinci imkan isə uzun illərdən sonra mümkün oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edilib. Bu mühüm tarixi sənədlə xalqımız həsrətlə gözlədiyi müstəqilliyə qovuşub.
İlk zamanlarda Azərbaycan çox çətin şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Hətta onu itirmək təhlükəsi də var idi. Bir tərəfdən Qarabağ müharibəsi, digər tərəfdən isə aparılan səhv siyasət, daxildə gedən siyasi çəkişmələr, seperatçı hərəkətlər təhlükəni daha da artırırdı. Yalnız xalqımızın köməyinə yetişən Ulu Öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz daha da möhkəmlənib. Xalqımızın rifahının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar bu gün də öz müsbət və səmərəli nəticələrini verməkdədir. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində işğala son qoyaraq ərazilərimizi azad etdi.
Tədbirin sonunda vətənpərvərlik mövzusuna həsr olunan konsert proqramı təqdim edilib.

"Azərbaycan Ordusu"