Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 2022 09:24

O, həm də təbiətin müdafiəçisidir

Bütün bölgələrdə olduğu kimi, Abşeron rayonu ərazisində də Anım günü ərəfəsində ağacəkmə tədbiri keçirildi. Tədbirdə rəsmi dövlət nümayəndələri, yerli sakinlər iştirak etdilər. Onların arasında bir gənc diqqətimi cəlb etdi. İkinci Qarabağ müharibəsi əlili Adil Baladadaşovla qısa tanışlıq mənə xoş ovqat bağışladı. Fiziki işə böyük həvəs və məsuliyyət göstərən Adilin İkinci Qarabağ müharibəsində mərdliklə döyüşdüyünü öyrənirəm.
Adil Aqil oğlu Baladadaşov 25 sentybr 1998-ci ildə Xırdalan şəhərində anadan olub. Xırdalan şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. "N" hərbi hissəsində düşmənlə üz-üzə dayanıb. Müddətli həqiqi hərbi xidmət dövründə komandirlərin öyrətdiyi hərbi bilikləri təlim və məşğələlərdə dərindən mənimsəməyi ilk gündən qarşısına məqsəd qoyub.
Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. Adil söhbət zamanı dedi ki, torpaqlarımızı işğaldan azad etmək həmişə arzusu olub. "Düşmənin atəşkəsi tez-tez pozması, bölmələrimizə qarşı cəhd etdiyi təxribatlar hamımızı narahat edirdi. Aldığımız şəhid xəbərləri, xüsusən də generalımızın şəhidliyə ucalması səbrimizin son halqası oldu.
Vətənin belə ağır günündə yüz minlərlə gənc dövlətimizin başçısına müraciət etdi ki, onlar Vətənin müdafiəsinə hər zaman hazırdılar".
Artıq həmin məqam yetişmişdi. Əks-hücum əməliyyatı başlamışdı. Vətənin çağırışına ilk səs verənlərdən biri də Adil oldu. O, qeydiyyatda olduğu Abşeron rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq yollandı. Həmin vaxt o mülki mühafizə xidmətində işləyirdi. Erməni təcavüzünün qarşısını almağı və mənfur düşmən işğalında qalan yerlərimizi azad etməyi hər bir vəzifədən önəmli olduğunu bilib döyüşə yola düşdü.
Adil Baladadaşov müharibənin ilk günündən Füzuli istiqamətində döyüşə qatılıb. Adilə döyüşdə məsuliyyət tələb edən vəzifə həvalə olundu. O, bacarıqlı sürücü olduğu üçün təcili tibbi yardım maşınını idarə edirdi. Döyüş zonasından yaralıları səhra hospitalına çatdırırdı. Adil həm çevikliyi, həm də vətənpərvərliyi ilə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirdi. Füzulinin, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə verilən tapşırıqları yerinə yetirərək fəallıq göstərib. Şuşa yaxınlığında Daşaltı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Və Adil döyüşü davam etdirə bilməyib. Ancaq onun silahdaşları qısa müddətdə hər kəs kimi Adilin də arzusunu gerçəkləşdirərək Şuşa şəhərini azad etdilər.
Adil Baladadaşov İkinci Qarabağ müharibəsində fəal iştirak etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Adil Vətən müharibəsində iştirak etdiyi üçün özünü xoşbəxt hiss edir. Qalib ordunun döyüşçüsü kimi İkinci Qarabağ müharibəsində Vətən üçün övladlıq borcunu ödədi, bu gün isə Vətənimiz üçün əhəmiyyətli olan təbiətin yaşıllaşdırılması işində də öz dəstəyini əsirgəmir.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"