Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2022 18:20

“Qürurluyuq ki, Laçın şəhərinə ilk gələnlərdənik”

Elə günlər olur ki, əhəmiyyətinə, mahiyyətinə görə tarixə dönür. Həmin tarix ictimaiyyətin yaddaşına hopursa necə? - o tarix ruhun yaşatdığı ruhda yaşayan tarix olur. 2020-ci ilin sentyabr, oktyabr, noyabr aylarının hər günü də Azərbaycan xalqının xatirində tarixləşən günlər kimi daim yaşayacaq...
Tarixləşən günlərdən biri də 26 avqust 2022-ci ildir.  Azərbaycan Ordusu həmin gün Laçın şəhərini, Zabux və  Sus kəndlərini tam nəzarətə götürdü. Xəbər bizim də qürurumuzun ay işığına döndü. Onda bölmələrimiz Laçın şəhərinə girmiş, Ali Baş Komandana bu barədə məruzə edilmişdi. Ali Baş Komandanın müdrik siyasəti sayəsində ermənilər bu yaşayış məntəqələrini boşaltmışdılar.
Laçın şəhərinə gedirdik. Yol boyu vüqarlı dağlara, sıldırım qayalara, gur bulaqlara baxır, gözəl mənzərələr seyr etməkdən doymurduq. Həqiqətən də, Tanrı bu yerlərə füsunkar gözəllik verib. Gözəl havası, gözoxşayan təbiəti ilə insanı özünə cəlb edən bu yerlərdən ötüb keçmək mümkün deyil - gördüklərini gözlərinə, gözlərindən könlünə köçürürsən... Mərhum sənətkarımız, xalqımızın milli dəyərlərinə məhəbbəti ilə ürəyimizə yol tapmış, Laçınlaşmış Məhəbbət Kazımovun “Laçınım” mahnısı yadımıza düşür:

Qartal olub göylərində uçum mən,

Bulaq olub gözlərindən süzüləm.

Yağış olub torpağına süzüləm,

Yaxıb yandıran Laçınım mənim.

Səsin də qəlblərə nəğmə kimi süzülən işığı olur. O işıq dinləyəni pak əməllərlə, duruluqla zənginləşdirən bir ilahi dünyaya aparır. Bu mahnını eşidənlər özünü Laçında hiss edirdi. Düşmən bizi bu gözəlliklərdən 28 il iraq eləmişdi. Laçınlılar bu illər ərzində hansı hissləri yaşayıblar? Bunları Laçını gördükdən sonra təsəvvür etmək elə də çətin deyil.
Gözəl mənzərəni seyr edə-edə şəhərə daxil oluruq. Ətrafdakı evləri, şəhərin mərkəzini seyr etdikdən sonra həmkarımız mayor İntiqam Cəfərovla şəhəri müdafiə edən igid döyüşçülərimizin yanına gedirik. Hamısının gözlərindəki qürur, məğrurluq deyir ki, "Qürurluyuq ki, Laçın şəhərinə ilk gələnlərdənik". Hər biri ilə salamlaşır və söhbətləşirik.
Leytenant Bilal Bayramov dedi: "Düşmənin genişmiqyaslı təxribatlarına qarşı Ali Baş Komandanın verdiyi əks-hücum əmrini həmişə gözləyirdik və buna hazır idik. Qalib gələcəyimizə əmin olduğumuz üçün hər birimiz bunu arzulayırdıq. Lakin mən təəssüflənirəm ki, həmin döyüşlərdə iştirak edə bilmədim. 2020-ci ildə əks-hücum əməliyyatları başlayanda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit hazırlığı kursu"ndaydım. Həmin müddətdə kurs yoldaşlarımla birlikdə bölmə komandirimizə müraciət edərək döyüşlərə qatılmaq istədiyimizi bildirdik. Kursun tez bitməsini, yarımçıq saxlanılmasını arzulayırdıq. Axı bu döyüşləri illərdi gözləmişik. Amma qismət olmadı. Biz iştirak edə bilməsək də, rəşadətli ordumuz  Ali Baş Komandanın əmrini uğurla, ruh yüksəkliyi ilə, cəsarətlə icra edirdi. Düşməndən qorxmadan, çəkinmədən, əzmlə, inamla öz torpaqlarında irəliləyirdi. Hər axşam televizorun qarşısına toplaşır, veriləcək müjdəli xəbərləri səbirsizliklə gözləyirdik.
Ali Baş Komandanın qətiyyəti, xalqımızın həmrəyliyi və ordumuzun qüdrəti sayəsində biz bu döyüşlərdə qalib gəldik və nəticədə işğala son qoyuldu.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızın müdafiəsində qürurla dayanıram. Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuzun tam nəzarətindədir və biz də burada xidmət edirik. Əminliklə deyirəm ki, bu torpaqlar əbədi olaraq azaddır və bizimdir. Bundan sonra düşmən bir daha buralara ayaq basa bilməz. Biz bu torpaqları hər zaman göz bəbəyi kimi qoruyacağıq.
Qürur duyuram ki, Laçına ilk daxil olanlar sırasında mən də varam. Laçını və digər yaşayış məntəqələrimizi məsuliyyətlə qoruyuruq və bir daha kimsənin xain niyyətlə bu yerlərə daxil olmasına imkan verməyəcəyik.
Ailəmi və yaxınlarımı Laçından salamlayıram. Burada xidmət etməyimiz üçün hər cür şərait yaradılıb. İçdiyim Hərbi anda sadiq qalacağam və son nəfəsimədək Vətənimin keşiyində məğrur dayanacağam".
6 ildir ordu sıralarında xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirnasir Qüdrətli Yardımlı rayonundandır. Mirnasir Vətən müharibəsində qazanılan qələbədən söz açdı:
- Ali Baş Komandanın əks-hücum əmrini Azərbaycan Ordusu uğurla icra etdi. Biz qalib gəldik və Laçın rayonu da daxil olmaqla, işğalda olan torpaqlarımız azad edildi. Düşmən bölmələrimizin döyüş gücü qarşısında tab gətirməyib mövqelərini tərk etdi, yaşayış məntəqələrimizdən çıxmağa məcbur oldu. Biz qələbə əzmi ilə, Vətən sevgisi ilə vuruşduq, irəli getdik. Ali Baş Komandanın əmrinin icrasını və xalqımızın arzusunu təmin etdik, yurd həsrətinə son qoyduq!
Ordumuz Laçın şəhərini, Zabux və Sus kəndlərini də tam  nəzarətə  götürüb. Əzəli torpaqlarımız olan bu yerlər artıq əbədi olaraq bizimdir. Bu gün qürurla deyə bilərəm ki, Laçındayam və Vətənimizin bu dilbər guşəsinin azad edilməsində, qorunmasında iştirak etmişəm.
- Mən də Azərbaycan Ordusunun giziri kimi fəxr edirəm ki, məhz burada xidmət edirəm. Qürur hissi keçirirəm ki, şəhərə ilk daxil olanların sırasında olmaq mənə də nəsib olub, - deyə gizir Rəşad Məmmədov belə dedi. "Əslən Göyçə mahalındanam. 10 ildən artıqdır xidmət edirəm. Bu gün müdafiəsində dayandığım bu yerlər illər öncə bizə məxsus idi. Lakin düşmənin murazını gözündə qoyduq.
Buralar artıq yavaş-yavaş normal yaşayışa qayıdır. Erməni silahlı birləşmələrinin dağıtdıqlarını bərpa etməyə başlamışıq. Xidmətimizin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Sosial-məişət şəraitimiz gündən-günə daha da yaxşılaşdırılır. Ali Baş Komandanın, ordu rəhbərliyinin diqqət və qayğısını daim üzərimizdə hiss edirik.
Balakən rayonundan olan əsgər Adəm Həsənli artıq xidmət müddətinin çoxunu başa vurub. Tərxis olmağa hazırlaşan Adəm Laçın şəhərində olduğu üçün sevincinin həddi-hüdudu yoxdur. "Torpaqlarımızın azadlığı uğrunda işğalçılara qarşı döyüşlər gedəndə məktəbli idim. Qələbə xəbərlərini eşitdikcə sevinir, ordumuzla qürurlanırdım. Bu gün mən də fəxr etdiyim, qürur duyduğum qalib ordumuzun sıralarında xidmət edirəm. Vətənə övladlıq borcumu yerinə yetirirəm.
Döyüşlərdə, torpaqlarımızın işğaldan azad olunmasında iştirak etməsəm də, xidmətimi başa vurmağıma az qalmış Laçın şəhərində olmağımdan qürurlandığımı da gizlətmirəm. Fəxr edirəm ki, igidlərimizin azad etdiyi bu ərazilərin müdafiəsində, Vətənimin keşiyində ayıq-sayıq dayanmışam. Xidmət yoldaşlarımla birlikdə qürur hissi keçiririk ki, Laçına ilk daxil olanların sırasında biz də varıq.
Qısa vaxt keçsə də, burada bərpa işləri sürətlə həyata keçirilir. Mülki və hərbi obyektlər tikilir, bərpa olunur. Bizim üçün xidməti-məişət şəraiti yaradılır. Hər an hiss edirik ki, dövlətimizin başçısı ordumuza, hərbçilərə necə diqqətlə, qayğı ilə yanaşır.
Valideynlər nigaran qalmasınlar. Şəraitimiz, təminatımız yaxşıdır. Xidmətimizdə heç bir çətinlik yoxdur. Tezliklə Vətənə borcumu ödəyib sağ-salamat evə qayıdacağam, təhsilimi davam etdirəcəyəm. Xalqımız əmin ola bilər ki, azad olunmuş ərazilərimizi göz bəbəyimiz kimi qoruyuruq”.
Bu cür məğrur övladları gördükcə qürurumuz yerə-göyə sığmır. Əgər bir məmləkətin müdafiəsində dayananlar Vətənə xidməti ən gözəl amal, vəzifə bilirsə, o məmləkətin kürəyini heç kim yerə vura bilməz. Torpaqlarımızı əmanət etdiyimiz, qürur duyduğumuz Vətən qoruyucuları ilə sağollaşıb oradan ayrılırıq. Bir anlıq geriyə, uzaqlaşdığımız əsgərlərə baxıb "Nə xoşbəxtsən Laçın, səni qoruyan belə əsgərlərin nəfəsiylə isinirsən...” - deyirik.

Məhəmməd NƏSİRLİ “Azərbaycan Ordusu”,
İsa İSMAYILOV Müdafiə Nazirliyi Mətbuat Xidməti